Sosial və ənənəvi mediada yayılan iddialara görə, Rusiyada alimlər 14.4 km dərinliyində quyuya dinləmə cihazları yerləşdirəndən sonra oradan insan səsinə bənzər səslər aşkar ediblər. Eyni iddialar “Xəzər Xəbər”, “Publika.az”, “Bizimyol.info” feysbuk səhifəsində də dərc edilib.
Xəbərlərdə deyilir ki, həmin səsləri dinləyən alimlər iş yerlərini tərk edirlər.
“Fakt Yoxla” bu iddiaların doğru olub-olmadığını araşdırıb.
Xəbərdə deyilir ki, “cənab Azzakov” adlı şəxsin başçılıq etdiyi sovet mühəndisləri qrupu Sibirdə 14,4 km (9 mil) dərinlikdə bir çuxur qazıblar. Qazıntı zamanı yer altından qışıqıran insan səsləri gəlməyə başlayıb, Bundan sonra aşağıya kamera göndərilib. Kameranın çəkilşlərinə isə qayaların üzərində titrəyən və fırlanan insan fiqurları görünürmüş.
Hekayə ilk dəfə 1989-cu ildə “Trinity Broadcasting Network” (“TBN”) tərəfindən geniş miqyasda nəşr edilib. Xristian şəbəkəsi “TBN” həm yayım, həm də çap nəşrlərində "Alimlər Cəhənnəmi kəşf edirlər" adlı hekayə yayımlayıb. 90-cı illərdə hadisə digər xristian şəbəkələrində də real hadisə kimi tirajlanıb.
Sovet İttifaqı, əslində, Sibirdə deyil, Norveç və Finlandiya ilə həmsərhəd olan Kola yarımadasında 12 km (7,5 mil) dərinliyində quyu qazmışdı. 1984-cü ildə “Scientific American” jurnalında Rusiyanın Kola yarımadasındakı quyu haqqında məqalə dərc olunub. Həmin məqalədə elm adamlarının 180° temperaturda nadir qaya birləşmələri, qaz və su axınları ilə qarşılaşdıqları qeyd edilib.
Dinləyicilər 1990-cı ildə “Christianity Today” radiosunun aparıcısı Rich Buhlerdən “TBN” hekayəsini soruşandan sonra o və komandası bu mövzunu araşdırmağa başlayır. “TBN”dən Buhlerə bildirib ki, hekayənin mənbəyi “Ammennusastia” adlı elmi olmayan Fin qəzetidir. Həmin qəzetin işçisi isə Finlandiyanın “Etelä-Suomen Sanomat” adlı qəzetində bir oxucunun xatirələrini yazdığını söyləyib.
Buhler oxucu ilə əlaqə saxladıqda yeni mənbə - Finlandiyanın “Vaeltajat” adlı paranormal xəbər bülleteni üzə çıxıb. “Vaeltajat” ilə əlaqə saxlayan Buhlerə bildirilib ki, hekayə Kaliforniyada “Yerihonun zinətləri” adlı qəzetin oxucusundan gəlib.
Bundan əlavə, “TBN”dən deyilib ki, “Ammennusastia” qəzetindən başqa Aga Rendalen adlı norveçli oxucu da onlara bu barədə məktub göndərib. Aga Rendalenlə əlaqə saxlayarkən məlum olub ki, o bu hekayəni sadəcə uydurub. Rendalenin dediyinə görə, ABŞ-da olarkən “TBN” televiziyasının qeyri-peşəkarlığı onu təəccübləndirib. Bundan sonra Norveçə qayıdan Aga Rendalen “TBN”ə məktub yazaraq hekayənin doğru olduğunu təsdiqləyib, bir qəzetdən mövzu ilə ümumiyyətlə əlaqəsi olmayan bir məqaləni isə sübut olaraq məktuba əlavə edib.
Bəs o zaman səs yazısı haradandır?
Bir çox mənbələr videodakı səslərin 1972-ci ildə çəkilmiş “Baron Blood” filmindən olduğunu iddia edir. Əlavə olaraq, “YouTube”da JC Wood “Sounds of Hell Debunked” adlı videoda səslərin “Lütfən, sakit” (Quiet, please) adlı radio proqramdan və “Baron Blood” filmdən götürüldüyünü bildirib.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə iddialar mifdir.