logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Yanlış görüntülər: Azərbaycan xüsusi təyinatlısı saxta jurnalist vəsiqəsi ilə Ermənistan mövqelərinin arxasına keçib

Yanlış görüntülər: Azərbaycan xüsusi təyinatlısı saxta jurnalist vəsiqəsi ilə Ermənistan mövqelərinin arxasına keçib

Xəbərin qısa icmalı

“X” platformasında fəaliyyət göstərən ingilis dilli “The Azeri Times” hesabı video dərc edərək iddia edib ki, video 2020-ci il Qarabağ müharibəsi zamanı ermənicə səlis danışan Azərbaycan xüsusi təyinatlılarının saxta jurnalist vəsiqələri ilə Ermənistan mövqelərinin arxasına keçdiyini əks etdirir.

- İnternetdə axtardıqda videonun ilk dəfə “YouTube”da Ermənistanın sənədli film studiyası olan Bars Media Films kanalı tərəfindən dərc edildiyi görünür.

“X” platformasında fəaliyyət göstərən ingilis dilli “The Azeri Times” hesabı video dərc edərək iddia edib ki, video 2020-ci il Qarabağ müharibəsi zamanı ermənicə səlis danışan Azərbaycan xüsusi təyinatlılarının saxta jurnalist vəsiqələri ilə Ermənistan mövqelərinin arxasına keçdiyini əks etdirir. “The Azeri Times”ın paylaşdığı görüntülərdə jurnalistlərin maşınla erməni əsgərlərinə yaxınlaşaraq icazə istəməsi əks olunur. İddiaya görə, bu yolla əldə edilmiş məlumat Azərbaycan qüvvələri üçün döyüşlərdə həlledici rol oynayıb.

Görüntülər @AzeriTimes adlı X hesabından götürülüb

Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Videonu internetdə geriyə doğru axtardığımız zaman bu iddianın ilk dəfə 2 Oktyabr 2025-ci ildə Mircavidan Niftullayev adlı youtube kanalı tərəfindən ortaya atıldığı məlum olur. Kanalın məlumat hissəsində bildirilir ki, kanalın məqsədi “Qarabağ qaziləri və şəhidləri haqqında video çəkib” onları geniş ictimaiyyətə tanıtmaqdır. Bu kanal Kamran İbrahimov adlı xüsusi təyinatlı ilə 48 dəqiqəlik müsahibəsinin giriş hissəsində haqqında danışılan videonu təqdim edib. Müsahibə  “XTQ Jurnalist kimi erməninin içinə sızdı və videoya çəkdi” başlığı ilə dərc edilib. Video 60 min dəfədən çox izlənilib.

Görüntülər Mircavidan Niftullayev Youtube kanalından götürülüb

Sözügedən görüntülərlə başlayan müsahibənin heç bir yerində xüsusi təyinatlı Kamran İbrahimov özünü jurnalist kimi qələmə verərək Ermənistanın döyüş mövqelərinin arxasına keçdiyini iddia etmir.

Bundan əlavə, internetdə axtardıqda videonun ilk dəfə “YouTube”da Ermənistanın sənədli film studiyası olan Bars Media Films kanalı tərəfindən dərc edildiyi görünür. Görüntülərin üzərində qurumun adı da görünməkdədir. Qeyd edək ki, bu ad Mircavidan Niftullayev kanalında paylaşılan videonun üzərindən silinib. Fəaliyyətini davam etdirən kanalda döyüşlər zamanı hazırlanmış digər reportajları da görmək mümkündür.