logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Ukraynadakı “Kaxovka” SES-in vurulma anının görüntüləri barədə video saxtadır

Ukraynadakı “Kaxovka” SES-in vurulma anının görüntüləri barədə video saxtadır

Xəbərin qısa icmalı

Trend.az”, “ordu.az” və “azpolitika.info”  saytları Ukraynada yerləşən “Kaxovka” Su Elektrik Stansiyasının vurulma anını göstərdiyi iddia edilən video yayımlayıb.

- Azərbaycan saytlarında yayımlanan video iyunun 6-sı baş verən partlayışa deyil, həmin su elektrik stansiyasında 2022-ci il noyabrın 12-də baş verən partlayışa aiddir.

Trend.az”, “ordu.az” və “azpolitika.info”  saytları Ukraynada yerləşən “Kaxovka” Su Elektrik Stansiyasının vurulma anını göstərdiyi iddia edilən video yayımlayıb. Oxşar görüntülər “Hərbi xəbərlər”, “Operativ Məlumat Mərkəzi-OMM” adlı teleqram kanallarında da paylaşılıb.

Skrinşot “Operativ Məlumat Mərkəzi-OMM” adlı teleqram kanalından götürülüb.


Skrinşot “Hərbi xəbərlər adlı teleqram kanalından götürülüb.

“Fakt Yoxla” görüntülərlə bağlı iddianı araşdırıb.

İyunun 6-sı səhər saatlarında Ukraynanın cənubunda, Dnepr çayı üzərində yerləşən və Rusiyanın nəzarəti altında olan “Kaxovka” su bəndi və su elektrik stansiyasında partlayış baş verib. Ukrayna Prezidenti Volodimir Zelenski hadisənin Rusiya ordusu tərəfindən həyata keçirildiyini bildirib, Rusiya tərəfi isə partlayışa görə Ukraynanı günahlandırıb. Su bəndinin dağılması daşqınlara səbəb olub və bölgədəki bəzi ərazilərdə yaşayan insanlar təxliyə edilib.

Ancaq yuxarıda qeyd edilən Azərbaycan saytlarında yayımlanan video iyunun 6-sı baş verən partlayışa deyil, həmin su elektrik stansiyasında 2022-ci il noyabrın 12-də baş verən partlayışa aiddir. Görüntülər həmin vaxt müxtəlif mənbələrdə yayımlanıb. “İzvestiya” saytında yayımlanan xəbərdə bildirilir ki, görüntülər Xerson vilayətindəki “Kaxovka” su elektrik stansiyasındakı körpünün partladılmasını əks etdirir. Nəşr zərbənin Ukrayna ordusu tərəfindən endirildiyini iddia edib. Fərqli mənbələrdə partlayışın Rusiya tərəfindən həyata keçirildiyi ilə bağlı da xəbərlər mövcuddur.

6 iyun tarixində baş verən partlayışdan sonra ərazinin müxtəlif görüntüləri yayımlansa da, hələlik partlayış anının real görüntüləri mediada dərc edilməyib. Ukrayna Prezidenti Volodimir Zelenski sonuncu partlayışdan sonra aşağıdakı görüntünü paylaşıb.

Skrinşot Ukrayna Prezidenti Volodimir Zelenskinin teleqram kanalında götürülüb.

Beləliklə, 6 iyun 2023-cü il tarixində Kaxovka su elektrik stansiyasında partlayış baş versə də, video görüntülər həmin su elektrik stansiyasında 12 noyabr 2022-ci ildə baş verən hadisəni əks etdirir. 

“Fakt Yoxla”nın gəldiyi qənaət görə video görüntülər saxtadır.

 

Saxta
  • 9 İyun, 2023
  • 267

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə