İyulun 26-da Nigerdə hərbi çevriliş baş verib və prezident Məhəmməd Bazoum hakimiyyətdən uzaqlaşdırılıb. Daha sonra Niger prezident qvardiyasının komandiri Abdurahman Tçianinin ölkənin keçid hökumətinə rəhbərlik edəcəyi açıqlanıb.
“Axar.az” və “konkret.az” saytlarında çevrilişdən sonra Nigeriyanın Niger sərhədinə ordu göndərdiyini iddia edən görüntülər yayılıb.
Skrinşot “Axar.az”ın teleqram kanalından götürülüb.
Oxşar video feysbuk və instaqramda da paylaşılıb.
Skrinşot “diplomatiya_az” adlı instaqram səhifəsindən götürülüb.
“Fakt Yoxla” xəbərlərin doğru olub-olmadığını yoxlayıb.
Hərbi çevrilişdən sonra qonşu ölkələrin Nigerə son çarə olaraq hərbi müdaxilə edə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Ancaq müdaxilə hələlik həyata keçirilməyib. Nigeriya prezidenti Bola Tinubu Nigerə qoşun yeritmək üçün parlamentə müraciət edib. Lakin parlament onun tələbini rədd edib.
“Axar.az” və “konkret.az” saytlarında yayımlanan video Nigeriyanın Niger ilə sərhədinə ordu göndərdiyini göstərmir.
“France24” görüntülərin Nigerdə baş verən hərbi çevrilişdən əvvəl “TikTok” sosial şəbəkəsində “real.o.g.t” adlı hesab tərəfindən paylaşıldığını müəyyən edib. Nəşr qeyd edir ki, hesabda tez-tez Nigeriya ordusu haqqında videolar yayımlanır.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, videonun Nigeriyanın Niger ilə sərhədə qoşun toplamasını əks etdirməsi barədə xəbərlər saxtadır.