HƏMAS və İsrail arasında toqquşmanın başlamasından sonra oktyabrın 24-dən başlayaraq Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün İsrail, Fələstin, İordaniya və Misirə səfər edib.
Oktyabrın 25-də “musavat.com”, “unikal.az”, “bakivaxti.az”, “hurriyyet.az” və digər saytlarda Makronun Misirə səfəri zamanı naməlum şəxslərin Fransa Prezidentinə yumurta atdığı iddia edilən xəbər və görüntülər yayılıb.
Skrinşot “musavat.com” saytından götürülüb
Eyni video “İctimai TV”, “Şəbəkə”, “Sputnik Azərbaycan”, “musavat.com”, “Şedevr+”, “Faktlarla-Operativ xəbərlər” kimi minlərlə izləyicisi olan Teleqram kanallarında paylaşılıb.
Skrinşot “Sputnik Azərbaycan”ın Teleqram kanalından götürülüb
Sözügedən videoya instaqram, feysbuk və yutubda da rast gəlmək mümkündür.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Oktyabrın 25-də Misirə səfəri baş tutan Makron Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşüb və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Ancaq Makrona yumurta atılması görüntüləri onun Misirə səfəri zamanı çəkilməyib.
Sözügedən video 2017-ci ilə aiddir. Məlumata görə, hadisə həmin ilin mart ayında keçirilən kənd təsərrüfatı sərgisində baş verib.
Skrinşot “Le Petit Journal” nəşrinin feysbuk səhifəsindən götürülüb
“Le figaro”nun saytında Makronun başına yumurta atımasının fərqli rakursdan çəkilən videosunu da görmək mümkündür.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Makronun Misirə səfəri zamanı ona yumurta atılması barədə xəbərlər saxtadır.