Oktyabrın əvvəlində Azərbaycanda bir sıra xəbər saytlarında və sosial şəbəkə hesablarında Hindistanda mağaralardan birindən 188 yaşlı kişinin tapılması barədə xəbərlər yayılıb.
İddia “musavat.com”, “olke.az”, “turkustan.az”, “mia.az”, “news24.az”, “yenisabah.az”, “nuh.az” və digər saytlarda paylaşılıb.
Skrinşot “musavat.com” saytından götürülüb
Görüntülər feysbuk və instaqram səhifələrində, həmçinin teleqram kanallarında yayılıb.
Skrinşot “Insanoid” teleqram kanalından götürülüb
“Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.
Xəbərlərdə iddia edilir ki, 188 yaşlı kişi mağaradan təsadüfən aşkarlanıb və xəstəxanaya köçürülərək müalicə edilib. “Zabitlərin qucağında xəstəxanaya aparıldığı anların görüntüləri sosial mediada paylaşılıb və qısa müddətdə viral olub”, - “musavat.com”ın xəbərində belə deyilir.
İddia ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, videodakı kişi mağaradan tapılmayıb. Videoda görünən şəxs Hindistanda “Siyaram Baba” adı ilə tanınır və sosial mediada əvvəllər dəfələrlə müxtəlif videolar paylaşıb.
Skrinşot “siyaram_baba00” instaqram səhifəsindən götürülüb
Hindistan mediasının məlumatına görə, “Siyaram Baba” adı ilə tanınan şəxs Madhya-Pradeş ştatında yaşayır. Onun neçə yaşında olduğu dəqiq bilinmir. 2024-cü ilin iyul ayında həmin şəxs barədə “Navbharat times” nəşri tərəfindən hazırlanan reportajda onun təxminən 109 və ya 110 yaşında olduğu deyilir. “Siyaram Babanın yaşı ilə bağlı fikir ayrılığı var. Buna görə heç kim əsl yaşını bilmir. Bəziləri deyir ki, Babanın 130 yaşı var. Ancaq Baba özü də da yaşı ilə bağlı heç bir məlumat verməyib”, -məqalədə qeyd olunur.
“bhaskar.com” adlı Hindistan nəşri onun Mumbayda anadan olduğunu yazıb . “Onun yaşını heç kim bilmir. Bəziləri onun yaşının 80, bəziləri isə 130 olduğunu deyir”, - məqalədə belə deyilir.
Qeyd edək ki, Ginnesin Rekordlar kitabına əsasən, dünyada yaşayan ən uzunömürlü şəxs 122 yaş ilə Fransadan Jan Kalmentdir.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Hindistanda mağaradan 188 yaşında kişinin tapılması barədə xəbərlər saxtadır.