ABŞ Prezidenti Co Bayden noyabrın 17-də Braziliyada Amazon meşələrinə səfər edən ilk ABŞ Prezidenti olub.
Səfərin baş tutmasından sonra “sfera.az” saytı dərc etdiyi xəbərdə bildirib ki, ABŞ prezidenti jurnalistlərə əl yelləyib və boş meşəyə gedib. “Sosial şəbəkələrdə isə istifadəçilər Co Baydenin jurnalistlərə əl yelləyərək, boş meşəyə getməsini yumor mövzusuna çeviriblər”, - xəbərdə belə deyilir.
Skrinşot “sfera.az” saytından götürülüb.
“Milli.az”, “bakivaxti.az”, “turkustan.az” saytlarında “Baydenin meşədəki hərəkəti gündəm oldu” başlıqlı xəbər yayılıb. Saytlar bildirib ki, meşənin ortasında jurnalistlərə açıqlama verən Bayden daha sonra meşəyə girib və gözdən itib.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Bayden mətbuat konfransında ABŞ-nin Amazonda torpaqların bərpasına, yerli ağac növlərinin əkilməsinə dəstək verəcəyini bəyan edib. Ancaq onun “boş meşə”yə getməsi və ya “gözdən itməsi” barədə iddialar doğru deyil.
ABŞ Prezidentinin açıqlaması Ağ Evin rəsmi feysbuk səhifəsində canlı yayımlanıb. Videodan görünür ki, Bayden ağacların arasından gəlib mikrofona yaxınlaşır və açıqlama verir, çıxışın sonunda isə o, gəldiyi istiqamətə qayıdır.
Skrinşot Ağ Evin feysbuk səhifəsindən götürülüb
PBS telekanlının mətbuat konfransından təqdim etdiyi videoda isə bəzi jurnalistlərin də eyni istiqamətə getdiyini və həmin yerdən digər şəxslərin də çıxdığını görmək mümkündür.
Yeri gəlmişkən, Baydenin jurnalistlərə açıqlaması Braziliyanın Manaus şəhərində yerləşən “Museu da Amazônia” (Amazon muzeyi) adlı botanika bağında baş tutub. 100 hektarı əhatə edən bağ yollara, müxtəlif binalara, bitki və ağaclara sahibdir.
Bayden daha sonra Braziliyanın Rio şəhərində keçirilən G20 sammitində iştirak edib.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Baydenin Braziliyada boş meşəyə getməsi və gözdən itməsi barədə xəbərlər saxtadır.