Oktyabrın 7-də İsrail və HƏMAS silahlı qruplaşması arasında toqquşmanın başlamasından sonra bir sıra Avropa şəhərlərində münaqişə tərəflərinə dəstək aksiyaları keçirilib. Aksiyalar bəzən qarşıdurma ilə müşayiət olunub.
“İctimai TV”nin 20 mindən çox izləyicisi olan teleqram kanalı Barselonada Fələstin tərəfdarları ilə polis arasında şiddətli toqquşmanın baş verdiyini iddia edən görüntülər yayıb.
Skrinşot “İctimai TV”nin teleqram kanalından götürülüb.
Eyni video instaqramda və feysbukda da paylaşılıb.
Skrinşot “Time TV” adlı feysbuk səhifəsindən götürülüb.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Toqquşmanın başlamasından sonra İspaniyanın Barselona şəhərində Fələstin və İsrailə dəstək ifadə edən ayrı-ayrı yürüşlər keçirilib. Ancaq təqdim edilən video həmin yürüşlərə aid deyil.
Belə ki, 2020-ci ildə “Daily Mail” saytı bu görüntüləri dərc edərək bildirib ki, video Barselonada koronavirusla bağlı məhdudiyyətlərə görə sakinlərlə polis arasında toqquşma zamanı çəkilib.
Skrinşot “Daily Mail”in saytından götürülüb.
Həqiqətən, 2020-ci ildə Barselonada koronavirus məhdudiyyətlərinə etiraz məqsədilə aksiyalar keçirilib, polislə toqquşmalar yaşanıb.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, görüntülərin Barselonada Fələstin tərəfdarları ilə polis arasında toqquşmalara aid olması barədə xəbərlər saxtadır.