Sentyabrın 8-də Mərakeşdə 7 bal gücündə zəlzələ baş verəndən sonra “Qafqazinfo”, “Sputnik Azərbaycan”, “ANS Press” “Baku TV”, “Axar.az” saytlarında portuqaliyalı futbolçu Kriştianu Ronaldonun "Pestana CR7 Marrakech" adlı şəxsi otelini zəlzələdən zərər çəkmiş şəxslər üçün açdığı xəbəri yayımlanıb.
“Fakt Yoxla” bu xəbərin doğru olub-olmadığını yoxlayıb.
Mərakeşin Daxili İşlər Nazirliyinin son məlumatına görə, sentyabrın 8-i gecə saatlarında baş verən zəlzələ nəticəsində 2946 ölü, 5674 yaralı qeydə alınıb. Zəlzələnin episentri Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.
Kriştiano Ronaldonun şəxsi otelini zəlzələdən zərər çəkmiş şəxslər üçün açmasına gəlincə, Fransanın “Liberation” saytının “CheckNews” bölməsində sözügedən mövzu ilə bağlı araşdırma yer alıb. “CheckNews” tərəfindən əlaqə saxlanılan “Pestana CR7 Marrakech” oteli xəbərin həqiqəti əks etdirmədiyini bildirib:
“Bu, yalan məlumatdır. Hazırda otelimizdə olan bütün müştərilər ödəniş edərək burada qalırlar. Bu günə kimi Kriştiano Ronaldo bununla bağlı heç bir açıqlama verməyib”.
Eyni zamanda yayılan xəbəri sübut edən heç bir məlumata rast gəlinmir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, bu xəbər saxtadır.