logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

“Report” İA: “İkirəqəmli inflyasiya əsasən ərzağın 60%-dən çox bahalaşması hesabına formalaşıb”

“Report” İA:  “İkirəqəmli inflyasiya əsasən ərzağın 60%-dən çox bahalaşması hesabına formalaşıb”

Report” İnformasiya Agentliyi Baş nazir Əli Əsədova istinadən yazıb ki, cari ilin ötən dövründə Azərbaycanda ikirəqəmli inflyasiya əsasən ərzağın 60%-dən çox bahalaşması hesabına formalaşıb. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Hökumət 2022-ci ilə 4±2% intervalında inflyasiya proqnozu versə də, bu ilin yanvar-noyabr aylarında ölkədə orta illik inflyasiya həddi 13.8% təşkil edib. 

Ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlər 15.1% bahalaşıb, amma Azərbaycanda sırf qida məhsullarında qiymət artımı 20.2% təşkil edib.

Mərkəzi Bankın pul siyasəti icmalında isə qeyd edilir ki, ərzaq məhsullarının ümumi illik inflyasiyanın formalaşmasında payı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Bu göstərici 2021-ci ilin sentyabrında 53% təşkil etdiyi halda, cari ildə 60%-ə yüksəlib. 

Nəzərə almaq lazımdır ki, inflyasiya göstəricisi hesablanarkən sadəcə ərzaq deyil, qeyri-ərzaq məhsullarının qiymətlərindəki artım da nəzərə alınır. Mərkəzi Bankın açıqladığı “60 faiz” məhz ərzaq məhsullarının ortalama inflyasiyanın formalaşmasına təsirini göstərir. 

Yuxarıda sadalananlara əlavə olaraq qeyd edək ki, Nazirlər Kabineti Əli Əsədovun parlamentdəki çıxışının mətnini yayıb. 

“Report”un parafraz etdiyi məlumat, əslində, aşağıdakı kimi olub:     

“Cari ilin ötən dövründə idxal qiymətlərinin illik artım tempi 22% təşkil etmiş və ölkəmizdə orta illik inflyasiya 13.8% olmuşdur ki, bunun da 60%-i ərzağın payına düşür”, – deyə Əli Əsədov vurğulayıb.

Əli Əsədovun səsləndirdiyi “60 %” ərzaq məhsullarının bahalaşmasının ümumi inflyasiya göstəricisinin formalaşmasına təsirini ifadə edir. Bu ilin yanvar-noyabr aylarında ərzaq məhsulları 60 deyil, 20.8 faiz bahalaşıb. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “Report”un ikirəqəmli inflyasiyanın əsasən ərzağın 60%-dən çox bahalaşması hesabına formalaşdığına dair təqdim etdiyi məlumat yanlışdır.

Yanlış
  • 20 Dekabr, 2022
  • 1954

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə