logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Müşfiq Ələsgərlinin “Freedom House”, Jurnalistləri Müdafiə Komitəsi və Sərhədsiz Reportyorlar təşkilatı ilə bağlı iddiaları

Müşfiq Ələsgərlinin “Freedom House”, Jurnalistləri Müdafiə Komitəsi və Sərhədsiz Reportyorlar təşkilatı ilə bağlı iddiaları

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Toplum TV”nin efirində yayılan debatda bir sıra beynəlxalq insan haqları və jurnalist təşkilatlarının Azərbaycana qarşı qərəzli olduğunu iddia edib. O, jurnalist Aytən Məmmədovanın yaşadığı binanın liftində bıçaqlı hücuma məruz qalamsı ilə bağlı səfirliklərin və beynəlxalq təşkilatların bəyanatlarına münasibət bildirərkən belə deyib.

“Elə təşkilatlar var ki, manipulyasiya ilə məşğuldurlar. Mən çox elementar bir misal deyim, onun üzərindən keçək. Amerikalı jurnalist Qaşıqçının əməliyyatı sizin yadınızdadır. Onda əksəriyyət Amerikanı sona qədər qınadı ki, hadisəni sona qədər təqib etmədi. Xatırlayırsınızmı bu məsələni? Çünki onların özlərinin Səudiyyə Ərəbistanı ilə marağı vardı. Bunu dünyada qınamayan təşkilat qalmadı. Amma siz ki adını çəkirsiz “Freedom House” təşkilatı, Nyu-Yorkdakı Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi… xahiş edirəm onların saytına daxil olun, görün Qaşıqçı haqqında bir kəlmə tapa bilərsiniz orda? Amerikanı qınayan, ittiham edən bir açıqlama tapsanız mən buranı (debatı) tərk edib gedərəm”, – deyə Müşfiq Ələsgərli vurğulayıb.

“Freedom House” və Jurnalistləri Müdafiə Komitəsini tənqid edəndən sonra Müşviq Ələsgərli həmçinin iddia edib ki, Sərhədsiz Reportyorlar təşkilatı nə 2020-ci ildə Fransada fəaliyyət göstərən “TF1“ kanalına, nə də Ermənistanda Azadlıq Radisounun ofisinə edilən hücumlara münasibət bildirib.

“2020-ci ildə “TF1” kanalı Azərbaycan haqqında müsbət reportaj verdiyinə görə Parisin mərkəzində Sərhədsiz Reportyorların ofisindən 200 metr aralıda erməni icması tərəfindən hücuma məruz qaldı və adam [süjeti hazırlayan jurnalist] ölümlə təhdid olundu. Niyə Sərhədsiz Reportyolar o hadisəyə münasibət bildirmədi?...2020- ci ilin noyabrın 11-də Azadlıq Radiosuna Yerevanda hücum olundu. Radionun əməkdaşlarına fiziki xəsarət yetirildi”, – deyə Ələsgərli bildirib.

“Fakt Yoxla” bu iddiaların doğru olub-olmadığını araşdırıb. 

Səudiyyə Ərəbistanı hökumətinin tənqidçisi olmuş jurnalist Camal Qaşıqçı 2017-ci ildən ABŞ-da mühacirətdə yaşayırdı. Qaşıqçı 2018-ci ilin oktyabrın 2-də İstanbuldakı Səudiyyə konsulluğuna türkiyəli nişanlısı Hatice Cengizlə evlənmək üçün lazım olan boşanma sənədini almaq üçün getsə də, konsulluğa daxil olandan sonra yoxa çıxır. Daha sonra jurnalistin qətlə yetirildiyi xəbəri yayılır.

Camal Qaşıqçının öldürülməsinə dair bəyanatlar

ABŞ-da yerləşən “Freedom House” təşkilatının rəhbəri Mişael Abramovitz 2018-ci il oktyabrın 6-da Qaşıqçının qətlinin dünyanın bütün ölkələrində jurnalistlərə, mətbuat azadlığına qarşı ciddi hücum olduğunu deyib.

“Vəliəhd onun fəaliyyətini tənqid edən ərəbistanlıların təhlükəsizlikdə olmadığına və heç bir ölkənin sərhədlərinin tənqidçiləri qoruya bilməyəcəyinə dair mesaj verib”, – deyə Abramovitz bildirib. 

Təşkilat öz saytında Abramovitzin açıqlamasının həm də “Freedom House”un bəyanatı olduğunu qeyd edib.   

“Freedom House”un 2019-cu il martın 14-də 10-dək təşkilatla birgə imzalayıb Konqresin Xarici Əlaqələr Komitəsinə göndərdiyi məktubda Tramp administrasiyasının Qaşıqçının qətlinə görə məsuliyyətin müəyyən edilməsi istiqamətində Qlobal Maqnitsky Aktının tətbiqi və ABŞ Konqresinin konstitusiya nəzarəti rolunu dəstəkləməməsi tənqid edilib. Məktubda qeyd olunur ki, Mərkəzi Kəşfiyyat Agentliyinin topladığı sübutlar Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın jurnalistin qətlinin mərkəzində dayandığını göstərir. 

“Tramp administrasiyanın Konqresin konstitusiya mandatından imtina etməsi ABŞ-da demokratiya və milli təhlükəsizliyə təhlükə yaradır. ABŞ  jurnalistin qətlində əli olanların cavabdehlik daşıması üçün səylərini davam etdirməlidir”, – deyə məktubda bildirilir. 

Qeyd edək ki, məktubun mətni “Freedom House”un saytında da yerləşdirilib. 

Senat və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitələri 2019-cu il fevralın 8-dək o zamankı prezident Donald Trampa Qaşıqçının ölümü ilə bağlı hesabat verməsini tələb etsə də, o bundan imtina etmişdi.   

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi isə Camal Qaşıqçının qətli ilə bağlı yaydığı bəyanatda ABŞ xüsusi xidmət orqanlarının jurnalistin həyatına olan təhlükədən xəbərdar olduğunu iddia edib. Komitə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin mümkün təhlükə haqqında jurnalistə xəbərdarlıq etmək öhdəliyinə əməl edib-etmədiyinə aydınlıq gətirilməsini tələb edib. Lakin Kolumbiya Məhkləməsi bu müraciəti təmin etməyib. ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi Məhəmməd bin Salmanın jurnalistin qətlə yetirilməsi əməliyyatını təstiqlədiyinə dair məlumatı yalnız 2021-ci ilin fevralında rəsmi şəkildə açıqlayıb. Amma ictimaiyyətə jurnalistə xəbərdarlıqla bağlı hər hansı məlumat verilməyib.

Fransanın “TF1” telekanalına və Azadlıq Radisounun Ermənistan bürosuna hücumlar  

Fransanın “TF1” telekanalının jurnalisti Liseron Boudoul 2020-ci ildə Ermənistanla Azərbaycan arasında alovlanan İkinci Dağlıq Qarabağ müharibəsini işıqlandıran reportajdan sonra erməni icmasının üzvlərinin onlayn hücumuna məruz qalmışdı. Reportajı hazırlayan jurnalistə və telekanala hücumların miqyası artdığından kanal hazırladığı reportajı silmək məcburiyyətində qaldı. Sərhədsiz Reportyorlar (RSF) həm telekanala, həm də jurnalistə olan bu hücumları pisləyən bəyanat yayıb.

2020-ci il noyabrın 10-da isə etirazçılar Azadlıq Radiosunun Ermənistan xidmətinin İrəvandakı ofisinə hücum etmişdilər. Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmaya qarşı çıxan etirazçılar efiri dayandırmaq üçün Radionun serverlərini dağıtmağa cəhd etmişdilər. Sərhədsiz Reportyorlar “Twitter” hesabında Azadlıq Radiosuna hücumu pisləyən açıqlama yayıb və hakimiyyəti bu məsələyə aydınlıq gətirməyə, jurnalistləri müdafiə etməyə çağırıb

Beləliklə, “Freedom House” təşkilatı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının ölümünə münasibət bildirib, Tramp administrasiyasını Konqresin konstitusiya nəzarəti rolunu dəstəkləmədiyinə görə tənqid edib. 

Jurnalistləri Müdafiə Komitəsi isə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyindən Qaşıqçının həyatına olan təhlükə ilə bağlı ona xəbərdarlıq edilib-edilmədiyinə dair sənədlərin açıqlanmasını tələb edib.

Sərhədsiz Reportyorlar təşkilatı isə həm Fransada “TF1” telekanalına, həm də Ermənistanda hücuma məruz qalan Azadlıq Radiosuna olan hücumlarla bağlı bəyanatlar verib. Bəyanatlarda “TF1” telekanalına olunan hücumlar pislənilib, Ermənistan hökumətindən isə Azadlıq Radisouna hücumları araşdırmaq tələb olunub.  

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Müşfiq Ələsgərlinin iddiaları yanlışdır.

P.S. Mətndə kursivlə verilən hissələr məqalənin dərcindən sonra əlavə edilib. Ondan sonra faktmetr yalandan yanlışa dəyişdirilib.

Yanlış
  • 6 İyun, 2022
  • 2822

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə