Noyabrın 4-də “musavat.com” saytında dərc edilən məqalədə iddia edilir ki, ABŞ-də keçirilən prezident seçkilərində yalnız iki partiyadan olan namizədlərin iştirakına icazə verilir.
“Beynəlxalq miqyasda ABŞ siyasi sisteminin ən çox tənqid edilən neqativ cəhətlərindən biri məhz siyasi plüralizmin olmamasıdır. Belə ki, ölkədə federal səviyyədə 38 partiyanın fəaliyyət göstərməsinə, hər siyasi partiyanın namizəd irəli sürmək hüququnun mövcud olmasına baxmayaraq, seçki marafonunda yalnız iki partiyadan olan namizədlərin yer almasına icazə verilir”, - məqalədə belə deyilir.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində Respublikaçıların namizədi Donald Tramp hazırkı vitse-prezident, Demokratlar Partiyasının nümayəndəsi Kamala Harrisi məğlub edərək ABŞ-nin yeni prezidenti seçilib. O, yanvar ayında səlahiyyətlərinin icrasına başlayacaq.
ABŞ-də 4 ildən bir keçirilən prezident seçkilərində vətəndaşlar seçki bülletenində namizədlərdən birini seçir və Seçicilər Kollegiyasının 538 üzvünü müəyyən edirlər. Kollegiyanın yarısından çoxunun səsini (ən azı 270) qazanan namizəd ABŞ Prezidenti seçilir. Seçki sisteminin xarakterik xüsusiyyətləri iki namizədin önə çıxmasına səbəb olur. Ancaq bu, seçkilərdə sadəcə iki namizədin iştirakına icazə verilməsi mənasına gəlmir.
ABŞ Konstitusiyasında prezidentliyə namizəd olmaq üçün bir sıra şərtlər göstərilib. Bunlar namizədin ABŞ vətəndaşı olması, azı 35 yaşında olması, ABŞ-də azı 14 il yaşamasıdır. Konstitusiya seçkilərdə iştirak edəcək siyasi partiyaların sayını məhdudlaşdırmır və müstəqil namizədlərin seçkilərdə iştirakını qadağan etmir.
Sonuncu prezident seçkilərində Tramp və Harrisdən başqa Kornel Uest (müstəqil), Cill Steyn (Yaşıl Partiyanın namizədi), Keyz Oliver (Libertarian Partiyası), Klaudia de la Cruz (müstəqil) və sair namizədlər də iştirak edib.
Foto: 2016-cı il prezident seçkilərində istifadə edilən seçki bülletenində Donald Tramp və Hillari Klintondan başqa digər namizədlərin də adını görmək mümkündür.
2020-ci ildə keçirilən prezident seçkilərində Tramp və Baydendən başqa Co Corgensen, Hovie Houkinqs, 2016-cı il seçkilərində isə Qeri Conson, Cill Steyn kimi namizədlər iştirak edib.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, “musavat.com” saytının iddiası yanlışdır.