HƏMAS ilə toqquşmanın başlamasından sonra İsrail Qəzzaya öz ərazisindən humanitar yardımların çatdırılmasını dayandırıb və bu zaman Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsindən bölgəyə humanitar yardım aparılması məsələsi gündəmə gəlib.
Oktyabrın 15-də “musavat.com”, “ordu.az”, “azpolitika”, “alioglu”, “faktlarla - operativ xəbərlər” və digər teleqram kanalları humanitar yardım aparan Misir avtomobillərinin Qəzza zolağının yaxınlığındakı Rəfah sərhəd keçid məntəqəsinin qarşısında gözlədiyini iddia edən görüntülər yayıb.
Skrinşot “faktlarla - operativ xəbərlər” adlı teleqram kanalından götürülüb.
Eyni video instaqram, feysbuk və yutubda da paylaşılıb.
Skrinşot “leki_news” adlı instaqram səhifəsindən götürülüb.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Rəfah sərhəd-keçid məntəqəsi ilə Qəzza zolağına bir neçə dəfə humanitar yardım göndərilib. Ancaq təqdim edilən görüntülər yeni deyil.
Belə ki, görüntülər ilk dəfə 2021-ci ilin may ayında Misirin “Al Nahar” televiziyasının feysbuk səhifəsində paylaşılıb.
“Üçüncü dəfə.. Misir Qəzzada olan fələstinlilərə ən böyük dəstək və yardım karvanlarını göndərir”, - paylaşımda belə deyilir.
Skrinşot “Al Nahar” televiziyasının feysbuk səhifəsindən götürülüb.
Qeyd edək ki, həmin vaxt Misir Prezidentinin göstərişi ilə Qəzzaya humanitar yardımlar göndərilib.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Misirdən Qəzzaya humanitar yardımların göndərilməsi görüntülərinin yeni olması barədə xəbərlər saxtadır.