“Pravda.az”, “demokrat.az”, “yenisabah.az”, “qaynarinfo.az”, “qafqazinfo.az” saytlarında amerikalı filantrop Corc Sorosun öldüyü barədə xəbər yayılıb. Oxşar xəbər bir sıra feysbuk və instaqram səhifələrində və teleqram kanallarında paylaşılıb. “İctimai TV” isə bununla bağlı videomaterial hazırlayıb.
Skrinşot “Şedevr” adlı feysbuk səhifəsindən götürülüb.
Skrinşot İctimai Televiziyanın YouTube səhifəsindən götürülüb.
Skrinşot “Aze Defence” adlı teleqram kanalından götürülüb.
Milli Məclisin deputatları Siyavuş Novruzov və Elman Nəsirov Sorosun ölməsi barədə “pravda.az”a açıqlama veriblər. Siyavuş Novruzov açıqlamasında deyib ki, “...Xalqımız Ərdoğanı çox sevir. Corc Sorosun ölüm xəbəri bizi bu sevincdən ayıra bilməz. Elman Nəsirov isə Türkiyədəki seçkilərdən danışarkən bildirib ki, “bütün fəaliyyəti ancaq insanlara bədbəxtlik gətirmək, onları göz yaşlarına qərq etmək, fəlakətlər törətməkdən ibarət olan Soros belə bir zamanda dünyasını dəyişdi”.
“Fakt Yoxla” Corc Sorosun ölümü barədə xəbərləri yoxlayıb.
Xəbər saytlarında Corc Sorosun ölüm xəbərini “Politics For All Ireland” nəşrinə istinad edərək dərc edirlər. “Twitter”də 1500-ə yaxın izləyicisi olan bu səhifədə paylaşılan bəzi xəbərlər əyləncə xarakterlidir. Məsələn xəbərlərin birində deyilir ki, “Santa Klaus İrlandiya hava məkanına daxil olub”.
Skrinşot “Politics For All Ireland” adlı “Twitter” səhifəsindən götürülüb.
Xəbəri “Politics For All Ireland”a istinadla “Cillian” adlı “Twitter” istifadəçisi də paylaşıb və “qafqazinfo.az” xəbər saytı bu mənbəyə istinad edib.
Skrinşot “Cillian” adlı “Twitter” səhifəsindən götürülüb
Britaniyanın “The Sun” qəzeti xəbər verir ki, həm “Politics For All Ireland”, həm də “Cillian” konspirasiya nəzəriyyələri ilə məşhurdurlar. Qəzet, həmçinin Corc Sorosun ölmədiyini və həyatda olduğunu bildirib.
Corc Sorosun rəsmi "Twitter" səhifəsində də sağ olması barədə paylaşım edilib.
Skrinşot Corc Sorosun "Twitter" səhifəsindən götürülüb.
Qeyd edək ki, Corc Sorosun ölümü ilə bağlı müxtəlif vaxtlarda saxta xəbərlər yayılır. Hətta, dünyaca məşhur “Reuters” xəbər agentliyi 2013-cü ildə Corc Sorosun ölümü ilə bağlı material hazırlamış, ancaq 30 dəqiqədən sonra saxta xəbər yaydığına görə üzr istəmiş və xəbəri silmişdi.
Skrinşot “Times of Israel”in vebsaytından götürülüb.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Corc Sorosun öldüyü barədə xəbərlər saxtadır.