Suriyada silahlı müxalifətin paytaxt Dəməşqə daxil olmasından sonra prezident Bəşər Əsəd və ailəsi ölkəni tərk edib. Rusiyanın TASS xəbər agentliyi öz mənbələrinə istinadən Bəşər Əsədin Moskvada olduğunu, Rusiyanın ona və ailəsinə sığınacaq verdiyini bildirib.
Bəşər Əsədin Rusiyaya getməsi barədə xəbərlərin dərc edilməsindən sonra Azərbaycan mətbuatında və sosial şəbəkələrdə onun və ailəsinin Moskvada çəkildiyi iddia edilən fotosu yayılıb.
Foto AzTV, “Insanoid”, “unikal.az”, “APA”, “musavat.com”, “Operativ Məlumat Mərkəzi” teleqram kanallarında, həmçinin bir sıra saytlarda, feysbuk və instaqramda paylaşılıb.
Skrinşot AzTV-nin teleqram kanalından götürülüb
Skrinşot “APA”-nın teleqram kanalından götürülüb
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Yayılan fotoda Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd bir qrup şəxslə görünür. Ancaq görüntü yeni deyil.
Skrinşot “Voice of America”nın yutub səhifəsindən götürülüb
Görüntülər Əsəd ailəsinin 2023-cü ilin fevral ayında Suriyada baş verən zəlzələ zamanı xəsarət alan vətəndaşlara baş çəkən zaman lentə alınıb. Video “Voice of America”nın yutub səhifəsinə 2023-cü ilin fevral ayının 11-də yerləşdirilib. Görüntülərin Hələb Universitetinin Xəstəxanasında çəkildiyi qeyd olunur.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Bəşər Əsəd və həyat yoldaşının fotosunun Moskvada çəkilməsi barədə iddialar saxtadır.