“APA TV” Youtube kanalında yayımlanan “İmpuls” proqramında (dəqiqə 24) çıxış edən iqtisadçı Samir Heydərov iddia edib ki, elektrik enerjisinin istehlakında Azərbaycan İtaliyadan sonra ikinci yerdədir. İqtisadçı bu iddianı yeni vergi qaydaları haqqında xəbərləri şərh edərkən səsləndirib: “Azərbaycanın 10 milyon əhalisi var, İtaliyanın 80 milyon əhalisi var… Elektrik enerjisinin istehlakında Azərbaycan İtaliyadan sonra ikinci yerdədir… Dövlət araşdırır görür ki, vətəndaş girir mənzilə, bu otaqda da işığı yandırır, o otaqda da işığı yandırır…”
"Fakt Yoxla" bu iddianın doğru olub-olmadığını yoxlayıb.
2024-cü ilin statistikasına əsasən, İtaliyanın 80 milyon yox, təxminən 59 milyon əhalisi var.
Beynəlxalq Enerji Agentliyinin, həmçinin Dünya Bankının ən son 2023-cü ildə yenilənmiş məlumatına əsasən, Azərbaycanda adambaşına düşən elektrik enerjisi istehlakı 2.37 meqavatt-saat təşkil edir ki, bu da nəinki İtaliyadan, hətta qonşu ölkələrdən belə geri qalır:
Mənbə: Beynəlxalq Enerji Agentliyi
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, iqtisadçı Samir Heydərovun iddiası yanlışdır.