logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Vüqar Bayramov: “İraq Küveytə vurduğu ziyanın 90%-dən çoxunu ödəyib”

Vüqar Bayramov: “İraq Küveytə vurduğu ziyanın 90%-dən çoxunu ödəyib”

Deputat Vüqar Bayramov deyib ki, Ermənistanın ötən 27 il ərzində Azərbaycana vurduğu zərərin hesablanması prosesi gedir. 

Deputat əlavə edib ki, hesablama başa çatdırılandan sonra Azərbaycan tərəf Ermənistanı beynəlxalq məhkəmələrə verəcək. Vüqar Bayramov bu mənada analoji presedentlərin olduğunu da vurğulayıb.  

“BMT-nin qətnaməsinə əsasən Körfəz müharibəsində İraqın Küveytə vurduğu 52,4 milyard dollarlıq ziyanın 48,7 milyard dollarının ödənilməsinə artıq nail olunub”, – deyə deputat bildirib.

“Fakt Yoxla” Vüqar Bayramovun bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

İraq Küveyti 1990-cı ildə işğal etmişdi. İraq 8 il davam edən İran-İraq müharibəsi dövründə Küveytdən aldığı borcların ləğv edilməsini tələb edirdi. Eyni zamanda, Küveyt və körfəzin digər ölkələrinin dünya bazarlarına normadan artıq neft çıxarmaları İraq neftinin qiymətini ucuzlaşdırmışdı. Bundan zərər gördüyünü bildirən İraq 1990-cı ilin avqustunda Küveyti işğal etdi. 

BMT cavab olaraq İraq qoşunlarının Küveytdən çıxarılması haqqında qətnamə qəbul etdi. İraqın qətnamənin icrasından imtinası 1991-ci ilin yanvarında, ABŞ başda olmaqla, 30-dan çox dövlətin koalisiya yaradaraq İraqa hücum etməsinə səbəb oldu. Nəticədə İraq məğlub edildi və Küveyt ərazisindən çıxarıldı. İraq qoşunları geri çəkilərkən Küveyt ərazisindəki 600-ə yaxın neft quyusunu yandırdı.

BMT Təhlükəsizlik Şurasının 1991-ci ildə qəbul etdiyi 687 və 692 saylı qətnamələrdə İraqın işğal dönəmində fərdi şəxslərə, şirkətlərə, dövlət orqanlarına və beynəlxalq təşkilatlara vurduğu ziyanın ödənilməsi və bunu təmin etmək məqsədi ilə Təzminat Komissiyası yaradılması qeyd edilidi. Elə həmin il Təzminat Komissiyası yaradıldı.

BMT-nin Təzminat Komissiyasının açıqlamasında bildirilir ki, quruma İraqa qarşı 2,7 milyon iddia daxil olub. 2005-ci ildə bütün iddialara baxış yekunlaşıb. Nəticədə, 1,5 milyondan çox iddianın qarşılanması üçün 100-dən artıq hökumət qurumuna və beynəlxalq təşkilata 52,4 milyard dollar təzminat ödənilməsinə qərar verilib. Həmin iddiaların qarşılanması üçün tələb edilən vəsait İraqın neft və neft məhsulları ixracından əldə etdiyi gəlirin bir hissəsinin Təzminat Komissiyasına köçürülməsi ilə reallaşdırılır. 

2018-ci ilə qədər İraqın neft ixracından əldə etdiyi gəlirin 5 faizi, 2018-ci ildə 0,5 faizi, 2019-cu ildə 1,5 faizi, 2020-ci ildən etibarən isə 3 faizi bu fonda köçürülür. Ödənilməli məbləğ tamamlanana qədər bu hədd 3 faiz səviyyəsində qalacaq.

Ödənişlər hər rübdə bir dəfə olmaqla həyata keçirilir. Təzminat Komissiyasının sonuncu məlumatında bildirilir ki, artıq 52,4 milyard dollarlıq təzminatın 50,3 milyard dolları, yəni, 96 faizinin ödənilməsi təmin edilib. Təzminat Komissiyasının ən böyük məbləğli kompensasiya qərarı Küveyt Neft Korporasiyasına dəyən ziyanla bağlıdır. Neft hasilatı ilə bağlı infrastruktura zərər verilməsi və satış itkiləri səbəbi ilə İraq hökuməti Küveytə 14,7 milyard dollar təzminat ödəyib.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Vüqar Bayramovun iddiası doğrudur.

azertag.az”, Deputat: Qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək

“e-derslik.edu.az”, Körfəz Müharibəsi

“United Nations”, Resolution 687

“United Nations”, Resolution 692

“The United Nations Compensation Commission”, Press Release (Yanvar, 2021)

Doğru
  • 27 Aprel, 2021
  • 466

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə