Prezident İlham Əliyev 2016-cı ildə Bakı Neft Emalı Zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimində çıxışında deyib ki, 2019-cu ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda “Avro-5” standartı üzrə dizel yanacağı, 2020-ci ildə isə “Avro-5” standartı üzrə benzin istehsalı planlaşdırılıb.
“Fakt Yoxla” bu vədin yerinə yetirilib yetirilmədiyini araşdırıb.
Azərbaycanda “Avro-5” standartlarına cavab verən dizel və benzin istehsalının planlaşdırılan dövrdə baş tutmaması müxtəlif dövlət qurumlarının sonradan fərqli tarixlər səsləndirməsindən də aydın olur. Məsələn, SOCAR-ın artıq 2018-ci ildəki açıqlamasında bildirilirdi ki, ölkədə 2020-ci ilin sonunadək “Avro-5” standartlarına cavab verən dizelin, 2021-ci ilin əvvəlində isə eyni standartlara uyğun benzinin istehsalı nəzərdə tutulur.
SOCAR-ın 2022-ci ildəki açıqlamasında isə deyilirdi ki, Azərbaycanda “Avro-5” standartı üzrə 2022-nin ortalarından dizel, 2023-ün ortalarından isə benzin istehsal ediləcək.
Ancaq, rəsmi açıqlamalardan bəlli olur ki, 2022-ci ildə də ölkədə “Avro-5” standartlarına cavab verən dizel yanacağı istehsal edilə bilməyib. “SOCAR Georgia Petroleum” şirkətinin Baş icraçı direktoru Nodar Kançaveli bu ilin martında Gürcüstanın Azərbaycandan yanacaq idxalını minimuma endirməsi ilə bağlı açıqlamasında bildirib ki, Gürcüstan yanvarın 1-dən Avro-5 dizel standartına keçdiyindən hazırda Azərbaycandan dizel yanacağı tədarükü dayandırılıb. Bunun səbəbi, Azərbaycanda “Avro-5 “ standartlarına uyğun dizel istehsal edilməməsidir.
Nəhayət, 2 iyun 2023-cü ildə SOCAR məlumat yayıb ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində "Avro-5" standartına uyğun dizel yanacağı istehsalına başlanılıb. Eyni standartlarda benzin istehsalı isə, hələ də, baş tutmayıb. Ancaq onu da qeyd edək ki, hələ də ölkədəki yanacaq doldurma məntəqələrində “Avro-5” markalı dizelin satışına başlanmayıb.
“Fakt Yoxla”nın araşdırmasına görə, prezident İlham Əliyevin vədi yerinə yetirilməyib. Ölkədə “Avro-5” standartlarına cavab verən dizel istehsalına 2023-cü ildə başlanılsa da, eyni standartlı benzin istehsalı isə hələ də baş tutmayıb.