logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Vahid Məhərrəmli: “Azərbaycanda ət qonşu ölkələrlə müqayisədə bahadır”

Vahid Məhərrəmli: “Azərbaycanda ət qonşu ölkələrlə müqayisədə bahadır”

Xəbərin qısa icmalı

-Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli Toplum TV-nin efirində deyib ki, qonşu ölkələrlə müqayisədə ətin ən baha qiyməti Azərbaycandadır. 

-  “Qlobal Məhsul Qiymətləri” təşkilatının 2023-cü ilin dekabr ayına olan və ölkələrin ən bahadan ən ucuza sıralandığı dana ətinin qiyməti siyahısında Azərbaycan 80 ölkə arasında 10,52$ ilə 52-ci yerdə qərarlaşıb. Qonşu ölkələr – Qazaxıstan, Rusiya və Türkiyə Azərbaycandan daha yuxarı pillədə qərarlaşıb və həmin ölkələrdə dana ətinin qiyməti daha baha olub.

- Numbeonun siyahısına əsasən regionda ətin qiymətinin ən yüksək olduğu ölkə Türkiyədir. Həmçinin Ermənistan və Gürcüstanda da ətin qiyməti Azərbaycandan daha bahadır.

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli Toplum TV-nin efirində deyib ki, qonşu ölkələrlə müqayisədə ətin ən baha qiyməti Azərbaycandadır. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Müxtəlif məhsulların qiymətləri üzrə ölkələrin siyahısını tərtib edən “Qlobal Məhsul Qiymətləri” təşkilatı Azərbaycanla birlikdə qonşu ölkələrdən Türkiyə, Rusiya və Qazaxıstanı da öz siyahısına daxil edir. Qiymətlər eyni məhsul üzrə bir neçə satış qiymətinin ortalaması olaraq hesablanır və dollarla göstərilir. 

2023-cü ilin dekabr ayına olan və ölkələrin ən bahadan ən ucuza sıralandığı dana ətinin qiyməti siyahısında Azərbaycan 80 ölkə arasında 10,52$ ilə 52-ci yerdə qərarlaşıb. Qonşu ölkələr – Qazaxıstan, Rusiya və Türkiyə Azərbaycandan daha yuxarı pillədə qərarlaşıb və həmin ölkələrdə dana ətinin qiyməti daha baha olub. Belə ki, Qazaxıstan 11,24$ ilə 43-cü, Rusiya 12,58$ ilə 38-ci, Türkiyə isə 16,65$ ilə 17-ci sırada yer alıb.

“Numbeo” platforması da dana ətinin bud hissəsinin market qiymətlərini ölkələr üzrə sıralayıb. Siyahıda Türkmənistandan başqa digər qonşu ölkələrin hamısı yer alıb.

Numbeonun siyahısına əsasən regionda ətin qiymətinin ən yüksək olduğu ölkə Türkiyədir. Həmçinin Ermənistan və Gürcüstanda da ətin qiyməti Azərbaycandan daha bahadır.

Bundan başqa, “Fakt Yoxla” açıq mənbələrdən (online mağaza qiymətləri) topladığı məlumatlarla bir sıra qonşu ölkələrdə ətin qiymətini müqayisə edib.

Açıq mənbələrdən toplanan məlumatlardan da məlum olub ki, Türkiyədə satışda olan ətin qiyməti ən bahadır.

Beləliklə, qonşu ölkələrlə müqayisədə ətin qiyməti ən baha Azərbaycanda deyil.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, iddia yanlışdır.

Yanlış
  • 31 Yanvar, 2024
  • 1209

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə