“Səs” qəzetində yayımlanan Azərbaycan-Türkmənistan münasibətləri haqqında yazılan məqalədə qeyd edilir: “Brüssel Rusiya qazı üçün əvəzləyici tapmağa imkan verəcək bir neçə potensial mənbənin adını çəkir, o cümlədən Azərbaycan və dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik Türkmənistan”.
"Fakt Yoxla" Türkmənistanın ən böyük təbii qaz ehtiyatlarına malik olması iddiasının doğru olub-olmadığını yoxlayıb.
Ölkələrin təbii sərvət ehtiyatları ilə bağlı həmin ölkələrin rəsmi hesablamaları və müstəqil elmi araşdırmalar fərqli rəqəmlər ortaya qoya bilir. Belə ki, Türkmənistanın rəsmi qaz ehtiyatı iddiaları həmişə müstəqil qiymətləndirmələri üstələyib. Türkmənistan rəsmiləri təbii qaz ehtiyatları ilə bağlı açıqlamalarında təxminən 50 trilyon kubmetrdən artıq kimi çox yüksək rəqəmlər səsləndirmişdilər. Enerji Araşdırmaları üzrə Oksford İnstitutunun hesabatına görə ölkənin 2011-ci ilin sonunda qaz ehtiyatları 24,3 trilyon kubmetr kimi yüksək həcmdə qiymətləndirilsə də, hazırda həm BP, həm də Cedigaz tərəfindən 13-14 trilyon kubmetr səviyyəsində qiymətləndirilir.
BP-nin 2021-ci ildə yayımlanan hesabatına əsasən, dünyada ən çox təsdiqlənmiş təbii qaz ehtiyatlarına sahib ölkələr aşağıdakı kimidir:
Mənbə: BP
Başqa mənbələr də Türkmənistanın ən çox təbii qaz ehtiyatlarına malik olmadığını təsdiqləyir. Belə ki, ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) 2018-ci ilə olan məlumatlarına əsasən, Türkmənistan təbii qaz ehtiyatlarına görə dünya üzrə 5-ci yerdədir.
Azərbaycan və Türkmənistan qazının Rusiyanı əvəz etməsi ilə bağlı də iddialara gəlincə, bu iddialar gələcək dövrlərlə bağlı olduğu üçün qəti şəkildə inkar yaxud təsdiq edilə bilməz. Ancaq, hazırkı göstəricilərdən və mümkün hesablamalardan o qənaətə gəlmək olar ki, iddia inandırıcı deyil. Belə ki, Rusiya 2021-ci ildə Avropaya təxminən 150 milyard, 2019-cu ildə isə 180 milyard kub metr qaz ixrac edib. Mütəxəssislərin fikrincə Türkmənistan növbəti 25 il üçün Avropaya maksimum 65 milyard kub metr ixrac edə bilər. Türkmənistan rəsmilərinin açıqlamalarına görə Türkmənistan 2029-cu ilə qədər qaz istehsalını 116 milyard kub metrə qədər artırmağı planlaşdırır ki, bunun da təqribən yarısını (58 milyard kub metr) ixrac etməyi planlaşdırır. Azərbaycan isə 2027-ci ilə qədər Avropaya qaz ixracını 24 milyard kub metrə çatdırmağı hədəfləyir. Beləliklə, ən yaxşı halda Azərbaycan və Türkmənistan qazı Rusiyanın Avropaya ixracının yalnız yarısını qarşılaya biləcək.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Səs Qəzetində yayımlanan və Türkmənistanın ən böyük təbii qaz ehtiyatlarına malik olması ilə bağlı iddia yanlışdır.