logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Azərbaycana pul köçürmələri 3.2 dəfə artıb

Azərbaycana pul köçürmələri 3.2 dəfə artıb

Mərkəzi Bank 2022-ci ilin yekunları ilə bağlı fiziki şəxslərin Azərbaycana və Azərbaycandan pul köçürmələri ilə bağlı göstəriciləri açıqlayıb.

“Fakt yoxla” son illərdə Azərbaycanda pul köçürmələri ilə bağlı müşahidə edilən trendləri analiz edib.

Rəsmi rəqəmlərə görə, 2022-ci ildə fiziki şəxslərin Azərbaycana xaricdən etdiyi pul köçürmələrinin həcmi 3 milyard 620 milyon dollara bərabər olub. Bu, 2021-ci illə müqayisədə 2.5 milyard dollar və ya təxminən 3.2 dəfə artım deməkdir.

Cədvəl: 2019-2022-ci illərdə fiziki şəxslərin xaricdən Azərbaycana etdiyi pul köçürmələrinin həcmi

Cədvəldən göründüyü kimi, son dörd il ərzində Azərbaycana xaricdən edilən pul göndərişlərinin həcmi artmaqdadır. Öncəki illərlə müqayisədə 2022-ci ildə pul köçürmələrinin bu qədər kəskin artması Rusiya-Ukrayna müharibəsinin baş verməsi ilə bağlıdır. Belə ki, ötən ilin fevral ayında Rusiya Ukrayna ərazisinə hücum etdikdən sonra bir çox aparıcı iqtisadiyyata malik ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya banklarının beynəlxalq ödəniş sistemlərindən çıxarılması, ölkənin aktivlərinin dondurulması, dollar almaqla bağlı məhdudiyyətlər, eləcə də, ölkə iqtisadiyyatının zəifləməsi Rusiyadan kapital qaçışını da sürətləndirmişdi. 

Cədvəl: 2019-2022-ci illərdə Rusiyadan Azərbaycana edilən pul köçürmələrinin həcmi

Cədvəldən göründüyü kimi, Rusiyadan Azərbaycana edilən pul köçürmələrinin həcmi son bir ildə təxminən beş dəfəyə yaxın artıb. Bu baxımdan, Azərbaycana göndərilən pul köçürmələri həcminə görə Rusiya ilk yerdədir. Əgər 2021-ci ildə Azərbaycana edilən bütün pul köçürmələrinin 55%-i Rusiyanın payına düşürdüsə, 2022-ci ildə bu göstərici 82%-ə yüksəlib.

Cədvəl: 2022-ci ildə Azərbaycana ən çox pul köçürülən ölkələr

Cədvəldən göründüyü kimi, ötən il Azərbaycana ən çox pulun köçürüldüyü ikinci ölkə 155,3 milyon dollar ilə ABŞ olub. 2021-ci illə müqayisədə, ABŞ-dan (114%) və Almaniyadan (99%) Azərbaycana edilən pul köçürmələrinin həcmində də ciddi artım qeydə alınıb. Azərbaycana edilən pul köçürmələrinə görə ilk onluqda qərarlaşan ölkələrin ikisində - Birləşmiş Krallıq və Qazaxıstanda 2021-ci illə müqayisədə nisbi azalma müşahidə edilib. 2022-ci ildə Azərbaycana göndərilən pul köçürmələrinin həcminin ən kəskin azaldığı ölkə isə Ukrayna olub. Müharibə nəticəsində ölkədə iqtisadi aktivliyin aşağı düşməsi, eləcə də, azərbaycanlıların əksəriyyətinin təxliyə edilməsi buna yol açıb. Əgər 2021-ci ildə Ukraynadan Azərbaycana 30 milyon dollara yaxın vəsait göndərilmişdisə, 2022-ci ildə bu göstərici cəmi 6 milyon dollara bərabər olub. Yəni, beş dəfə azalıb.

Azərbaycandan edilən pul köçürmələri

2022-ci ildə Azərbaycandan xarici ölkələrə həyata keçirilən pul köçürmələrin həcmi isə 664 milyon 798 min dollara bərabər olub. Bu, 2021-ci ildəki göstərici ilə demək olar ki, eynidir.

Cədvəl: 2019-2022-ci illərdə Azərbaycandan xarici ölkələrə göndərilən pul köçürmələrinin həcmi

Cədvəldən göründüyü kimi, 2019-2022-ci illər ərzində Azərbaycandan xarici ölkələrə edilən pul köçürmələrinin həcmi 54 faiz artıb. Əgər 2019-2020-ci illərdə Azərbaycandan xarici ölkələrə göndərilən pul vəsaitlərinin əsas istiqaməti Rusiya idisə, son iki ildə ən çox vəsait göndərilən ölkə Türkiyə olub.

Cədvəl: 2022-ci ildə Azərbaycandan ən çox pul köçürmələri edilən ölkələr

Cədvəldən göründüyü kimi, 2022-ci ildə Azərbaycandan pul köçürmələrinin həcminin ən çox artdığı istiqamət ABŞ olub (168%). 2022-ci ildə Azərbaycandan xarici ölkələrə göndərilən pul vəsaitlərinin həcminin ötən ilə nəzərən aşağı düşməməsinin səbəbi elə ABŞ istiqamətində ciddi artım baş verməsi ilə bağlıdır. Çünki, Azərbaycandan pul köçürülməsinə görə ilk altı yeri tutan ölkələrin digər beşində pul köçürmələrinin həcmi 2021-ci ilə nəzərən azalıb.  Koreya Respublikası, BƏƏ və Kanada kimi istiqamətlərdə isə, əhəmiyyətli artım nəzərə çarpır. 

Analiz
  • 5 Aprel, 2023
  • 27

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə