logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Aqil Abbas: “1750 manat maaş alan deputatam”

Aqil Abbas: “1750 manat maaş alan deputatam”

Deputatların vəzifə maaşının artırılması ilə bağlı qanuna dəyişiklik edilir. Milli Məclisin 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən olan deputatı Aqil Abbas (bitərəf) maaşların artırıldığı xəbərini şərh edərkən indiyədək aldıqları məvacibin yetərli olmadığından şikayətlənib.   

“Hələ deputatların maaşı artırılmamışdan deyirdilər ki, 8-10 min alırlar. Vallah, 1750 manat maaş alan deputatam. Elə 1750 də dərdi olan adamam”, – deyə Aqil Abbas vurğulayıb

“Fakt Yoxla” deputatın maaşla bağlı iddiasının doğru olub-olmadığını araşdırıb.

Azərbaycanda deputatların maaşları “Deputatların statusu haqqında” qanunla müəyyənləşir. Qanunda qeyd edilir ki, Milli Məclisin sədri 2475 manat təşkil edir. (sonuncu artım nəzərə alınmadan). Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.

Bu o deməkdir ki, sonuncu maaş artımları nəzərə alınmadan Milli Məclisdə heç bir əlavə vəzifə tutmayan (sədr müavini, komissiya və komitə sədri və s.) deputatın aylıq maaşı 1732 manat 50 qəpiyə bərabər idi. Amma, deputatlara ödənən vəsait təkcə vəzifə maaşı ilə məhdudlaşmır. Qanuna görə, deputatın maddi təminatı vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatından ibarətdir. 

“Deputatların statusu haqqında” Qanunun 21-ci maddəsində qeyd edilir ki, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Bu isə o deməkdir ki, maaş artımına qədər deputatların vəzifə maaşı 1732 manat 50 qəpik olsa da, onlar hər ay aylıq vəzifə maaşına eyni məbləğdə əlavə (1732 manat 50 qəpik) alırlar. Vəzifə maaşı və vəzifə maaşına əlavədən başqa, deputatlar hər ay vəzifə maaşının 50 faizi məbləğində (866 manat 25 qəpik) pul təminatı da əldə edirlər (İyulun 1-dən aylıq pul təminatı vergidən azad olunan ödənişlər siyahısından çıxarılıb). Ümumilikdə, deputatların aylıq gəliri 4331 manatı keçir.

Aylıq ödənişlərdən başqa, deputatların pul təminatına iki aylıq vəzifə maaşı miqdarında məzuniyyət pulu da daxildir. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan deputat Erkin Qədirlinin AŞPA-ya təqdim etdiyi maliyyə hesabatında da qeyd edilir ki, onun il ərzində Milli Məclisdən əldə etdiyi gəlirin məbləği 56.332 manata bərabərdir. Bu isə aylıq 4700 manat təşkil edir.


 

Skrinşot Avropa Şurası Parlament Assambleyasının saytından götürülüb.

Beləliklə, deputatlar 1732 manat 50 aylıq vəzifə maaşından başqa hər ay aylıq vəzifə maaşına eyni məbləğdə əlavə (1732 manat 50 qəpik) və vəzifə maaşının 50 faizi məbləğində (866 manat 25 qəpik) pul təminatı əldə edirlər ki, bu da 4331 manatdan çox edir. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Aqil Abbasın iddiası faktlarla manipulyasiyadır. 

P.S. Aqil Abbasın açıqlaması "Milli Məclis deputatının statusu haqqında" qanuna dəyişikliklərdən əvvəlki maaşla bağlı olduğundan “Fakt Yoxla” iddianı dəyişikliklərə qədər olan maaş və əlavə ödənişlər əsasında yoxlayıb.

Faktlarla manipulyasiya
  • 30 İyun, 2022
  • 326

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə