logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Vətəndaşların telefon zəngi ilə siyasi üzvlüyünün sorğulanması qanunidirmi?

Vətəndaşların telefon zəngi ilə siyasi üzvlüyünün sorğulanması qanunidirmi?

Siyasi partiyalar haqqında” qanun qüvvəyə mindikdən sonra partiyalara 5 min üzvünü Ədliyyə Nazirliyinin reyestrindən keçirmələri üçün müəyyən müddət verilib. Əks halda partiyalar qanuna uyğun olaraq məhkəmə qərarı ilə buraxılacaq. Partiyaların bir neçəsi qanunun tələbini yerinə yetirmək üçün üzvlük siyahılarını Ədliyyə Nazirliyinə təqdim ediblər. 

Üzvlük siyahıları təqdim edildikdən sonra Ədliyyə Nazirliyinin partiya üzvlərinə zəng etməsi və onlara partiya aidiyyatı ilə bağlı suallar verməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

“Fakt Yoxla” siyasi baxışların bu formada öyrənilməsinin fərdi məlumatların qorunması ilə bağlı hüquqi pozuntu olub-olmamasını araşdırıb.

“Fərdi məlumatlar haqqında” qanunun 3-cü maddəsinə əsasən Azərbaycanda fərdi məlumatlar sahəsində qanunvericilik Konstitusiyadan, dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, habelə digər normativ hüquqi aktlardan ibarətdir.

Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə əsasən fərdi məlumatların dairəsi, toplanması  qanunla müəyyən edilir. Bu qanunlara isə “Fərdi Məlumatlar haqqında”“İnformasiya Əldə Etmək haqqında” qanunu aid etmək olar. 

“Fərdi məlumatlar haqqında” qanunun 2-ci maddəsinə görə fərdi məlumat şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən növ məlumatdır. Həmin qanunun 7.1.6-cı maddəsi isə göstərir ki, subyektin özü barəsində fərdi məlumatların toplanmasına və işlənməsinə qadağan qoyulmasını tələb etmək hüququ var. 

Bundan əlavə İnformasiya əldə etmək haqqında” qanunun 38-ci bəndinə əsasən qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınan özəl hüquqi şəxslərdə, üzvlüyə dair məlumatlar istisna olmaqla, siyasi baxışları, dini etiqadları, əqidələri və dünya görüşlərini əks etdirən məlumatlar fərdi məlumatlar kateqoriyasına aid edilir. Bu məlumatlar əldə edilməsinə məhdudiyyətlər qoyulan məlumatlar hesab olunur. 

Yəni, daxili qanunvericilikdə şəxsin fərdi məlumatlarını, siyasi baxışlarını aşkara çıxaracaq məlumatların toplanması və işlənməsinə məhdudiyyət qoymaq haqqı tanınır.

Bu haqda bir sıra beynəlxalq və regional konvensiyalara nəzər yetirək. Fərdi Məlumatların Avtomatik Emalı ilə bağlı Fiziki şəxslərin Müdafiəsinə dair Avropa Konvensiyasının ikinci bölməsinin 6-cı maddəsinə əsasən irqi və ya etnik mənşə, siyasi fikirlər, həmkarlar ittifaqı üzvlüyü, dini və ya digər inanclar, sağlamlıq və ya cinsi həyatla bağlı məlumatlar xüsusi kateqoriya məlumatlar hesab edilir və bunların aşkar edilməsinə xüsusi qanuni çərçivədə müəyyən edilmiş qaydada, təhlükəsizlik qaydaları tətbiq edilmədən icazə verilə biməz. 

Bu konvensiya 2010-cu ildə Azərbaycan tərəfindən imzalanıb və ratifikasiya edilib. 

Siyasi partiya üzvlüyünün sorğulanması məsələsinə qanunları rəhbər tutaraq yenidən nəzər saldıqda, telefon zəngi ilə bu məlumatların toplanmasının fərdin özü haqda məlumatların toplanmasına məhdudiyyət qoyması norması ilə ziddiyyət təşkil etdiyini görmək mümkündür. 

Bundan əlavə, “Siyasi Partiyalar haqqında” qanunda göstərilir ki, partiyalar üzvlər haqda məlumatı onların kimliklərini aşkara çıxaracaq formada tələb etsə də, 21-ci maddənin 4-cü bəndinə əsasən şəxs özü barədə rəsmi məlumatları təqdim edərkən şəxsdən siyasi partiyadakı üzvlüyünə dair məlumatın göstərilməsini tələb etmək olmaz. Eyni maddənin 1-ci bəndində də bildirilir ki, Siyasi partiya üzvünün hüquqları Konstitusiyaya və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd ola bilməz.

 Bundan əlavə fərdlərin siyasi partiya üzvlüyünün öyrənilməsinin prosedurlarını müəyyən edən heç bir normativ sənəd mövcud olmadığına görə, telefon zəngi ilə şəxsin siyasi görüşlərinin sorğulanması və bunun siyasi partiyanın qeydiyyatında sübut kimi təqdim olunması da hüquqi problem təşkil edir. 

Beləliklə, “Fakt Yoxla” telefon zəngi ilə şəxslərin üzvlüyünün yoxlanmasının Azərbaycanın daxili qanunvericiliyi və regional konvensiyalarla götürdüyü öhdəliklərlə ziddiyyət təşkil etdiyini müəyyən edir.

Analiz
  • 10 Avqust, 2023
  • 2067

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə