logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Vətəndaşın vəkilsiz məhkəməyə çıxarılması və onun haqqında qərarın verilməsi qanunidirmi?

Vətəndaşın vəkilsiz məhkəməyə çıxarılması və onun haqqında qərarın verilməsi qanunidirmi?

2 avqust 2023-cü ildə ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası alıb.

Fəalın məhkəməsi vəkilsiz keçirilib. Onun vəkili Zibeydə Sadıqova “Fakt Yoxla”ya açıqlamasında məhkəmənin vəkilsiz keçirildiyini təsdiqləyib: “Afiəddin Məmmədov tələb edib ki, məni məhkəməyə çağırsınlar, lakin hakim imkan verməyib”.

“Fakt Yoxla” şəxsin vəkilsiz məhkəməyə çıxarılması və onun haqqında qərarın verilməsinin qanuniliyini analiz edib.

Azərbaycanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində göstərilib ki, hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək hüququna malikdir. 

 “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”ın 2-ci maddəsinə əsasən, pakta qoşulan hər bir ölkə, o cümlədən Azərbaycan, hüquqi müdafiə tələb edən istənilən şəxsin müdafiə hüququnun səlahiyyətli məhkəmə, inzibati və qanunverici yaxud digər səlahiyyətli orqan tərəfindən müəyyən edilməsini və onların tətbiq edilməsini təmin etməlidir. 

14-cü maddədə bildirilib ki, hər kəsin öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçisi vasitəsilə müdafiə etmək hüququ var. Əgər şəxsin müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət məhkəməsinin mənafeyi bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəyə bilmirsə pulsuz müdafiəçiyə malik olmaq hüququ var. 

26-cı maddədə isə qeyd edilib ki, bütün insanlar müdafiə olunmaq hüququna malikdirlər.

Azərbaycan Respublikasının Konstitusiyanın 61-ci maddəsində  göstərilib ki, hər bir şəxsin tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

26-cı maddəyə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddədə isə qeyd edilib ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 127-ci maddənin VIII bəndinə əsasən məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

Konstitusiyanın 151-ci maddəsinə görə, Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla dövlətin qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə dövlətin tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Başqa sözlə, ölkənin qoşulduğu həm Avropa Konvensiyası, həm də BMT-nin paktı respublika qanunlarından daha üstündür. 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 91.0.6-cı maddəsində göstərilib ki, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmalıdır. 

91.0.7-ci maddədə isə bildirilib ki, tutulmuş şəxsin öz vəkili olmadıqda, səlahiyyətli orqan ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkillərin siyahısını təqdim etməli, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmalıdır.

İXM-nin “Vəkilin iştirakının məcburiliyi” adlı 66-cı maddəsinin 2-ci bəndində də göstərilib ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin seçdiyi vəkil gələ bilmirsə, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin etməlidir.

Həmin maddənin 3-cü bəndində qeyd edilib ki, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlət vəsaiti hesabına göstərilir. Burda bildirilib ki, belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.

İnzibati Prosessual Məcəllənin (İPM) 31.1-ci maddəsində qeyd edilib ki, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır.

Beləliklə, ictimai fəal Afiəddin Məmmədov müdafiəçi vasitəsilə özünü müdafiə etmək hüququndan məhrum edilib. Bu məhrumetmə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkənin Konstitusiyası və qanunlarına ziddir.

Analiz
  • 21 Avqust, 2023
  • 1045

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə