logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Naxçıvan Dövlət Sığorta Xidmətinin fəaliyyəti qanunidirmi?

Naxçıvan Dövlət Sığorta Xidmətinin fəaliyyəti qanunidirmi?

Naxçıvan Muxtar Respublikasının (NMR) Ali Məclisinin sədri Vasif Talıbovun 2020-ci ildə imzaladığı fərmanla Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsi yaradılıb. 

Xidmət həyat və qeyri-həyat sığorta sinifləri üzrə 5-i icbari, 12-i könüllü olmaqla 17 sinif üzrə aktiv sığorta yığımı həyata keçirir. 

Bugünlərdə Mərkəzi Bankdan “APA” agentliyinə verilən açıqlamada bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidmətinə sığorta fəaliyyəti ilə bağlı lisenziya verilməyib. 

“Sığorta fəaliyyəti haqqında” Qanuna görə, Azərbaycanda sığorta sektorunda dövlət tənzinlənməsini və nəzarəti Mərkəzi Bank həyata keçirir. 

Mərkəzi Bankın sığorta şirkətlərinin göstəriciləri ilə bağlı açıqladığı bülletendə də Naxçıvan Dövlət Sığorta Xidməti ilə bağlı göstəricilərə rast gəlinmir.

NMR Dövlət Sığorta Xidməti məsələ ilə bağlı açıqlamasında bildirib ki, qurum Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin tapşırığı ilə fəaliyyət göstərir.

“Fakt Yoxla” NMR Dövlət Sığorta Xidmətinin fəaliyyətinin qanuni olub-olmadığını analiz edib.

Azərbaycan Konstitusiyasında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir.

Azərbaycanın bütün ərazisində sığorta fəaliyyəti “Sığorta fəaliyyəti haqqında” Qanunla tənzimlənir. 

Qanunun 7-ci maddəsində bildirilir ki, Azərbaycan Respublikasının ərazisində sığorta və təkrar sığorta fəaliyyəti ilə məşğul olmaq üçün bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq lisenziya alınmalıdır.

Sığortaçı ölkə ərazisində hər hansı sığorta növünü aparmaq üçün maliyyə bazarlarına nəzarət orqanından (Mərkəzi Bank) müvafiq icazə almalıdır. Bu o deməkdir ki, sığorta xisməti həyata keçirən şirkət heç bir halda lisenziyasız fəaliyyət göstərə bilməz. 

NMR-da sığorta fəaliyyətinin tənzimlənməsi ilə bağlı ayrıca qanun yoxdur. Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidmətinin saytında qanunvericilik hissəsində “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilib.

“Sığorta fəaliyyəti haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda da bu qanunların NMR-da hər hansı dəyişikliklə icra edilməsi haqqında hər hansı bir qeydə rast gəlinmir. Bu qanunlar bütün ölkə üzrə eyni qaydada tətbiq olunmalıdır. 

Onu da nəzərə almaq lazımdır ki, NMR-da ayrıca Mərkəzi Bank yox, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan baş idarəsi fəaliyyət göstərir. Bu baxımdan, muxtar respublika ərazisində Mərkəzi Bankın səlahiyyətinə daxil olan məsələlərlə birbaşa Azərbaycan Respublikasının Mərkəzi Bankı məşğul olur.

Konstitusiyada NMR Ali Məclisinin həll etdiyi məsələlər də açıq şəkildə əks olunub. Konstitusiyanın 139-cu maddəsinə görə, NMR Ali Məclisi aşağıdakı məsələləri həll edir:

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;

2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;

3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;

4) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi;

6) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad.

NMR-ın Konstitusiyasında da, Ali Məclisin fəaliyyəti ilə bağlı məqamlar əks olunub. Sənədə görə, NMR Ali Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər;

2) Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusu;

3) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin statusu; 

4) Azərbaycan Respublikasının iqtisadi və vergi siyasətinə uyğun olaraq vergilər;

5) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;

6) sosial təminat;

7) ətraf mühitin qorunması;

8) turizm;

9) səhiyyə, elm və mədəniyyət;

10) Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən digər məsələlər.

NMR-da ali vəzifəli şəxs hesab edilən Ali Məclis sədrinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

1) Ali Məclisin növbədənkənar sessiyalarını çağırır;

2) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarına sədrlik edir;

3) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim olunmuş şəxsin namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;

4) Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təklifinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə üzvlüyə namizədləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edir;

5) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı öz mandatından imtina etdikdə və qanunla müəyyən edilmiş digər hallarda onu deputat mandatından məhrum edir;

6) Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar qərar qəbul edir;

7) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavinliyinə namizədlərin seçilməsi və Ali Məclisin sədr müavinlərinin vəzifədən azad edilməsi barədə Ali Məclisə təklif verir;

8) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi qaydada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aparatını təşkil edir və onun rəhbərliyini təyin edir;

9) bu Konstitusiya ilə onun səlahiyyətlərinə aid edilən digər məsələləri həll edir.

 “Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mərkəzi Bankın lisenziyası olmadan sığorta fəaliyyəti yaratmaq kimi bir səlahiyyəti yoxdur.

Analiz
  • 20 Dekabr, 2022
  • 677

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə