logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Maşında yatanın cərimələnməsi

Maşında yatanın cərimələnməsi

Mediada və sosial şəbəkələrdə “xanım tanışı ilə maşında yatan şəxs cərimələndi” məzmunlu xəbərlər paylaşılıb. 

Məlumata görə, polis əməkdaşları gecə saat 03:50 radələrində avtomobildə yatan şəxslərin huşsuz vəziyyətdə olub-olmadıqlarını yoxlamaq üçün maşına yaxınlaşıblar.

Maşındakı Z.A (ad şərtidir) yanındakı qızın kimliyini polisə açıqlamaqdan imtina edib. 

Nəticədə polis əməkdaşları onu “polisin qanuni əmrinə tabe olmama” əsası ilə bölməyə aparıblar. 

Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə həmin oğlan İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM və ya Məcəllə) 535.1-ci maddəsinə əsasən 150 manat cərimələnib.

“Fakt Yoxla” polisin maşındakı şəxslərdən kimlik tələb etməsinin və Z.A-nı saxlanılaraq bölməyə aparılmasının qanuni olub-olmadığını analiz edib.

Polis əməkdaşı vətəndaşdan şəxsiyyətini təqdim etməsini nə zaman tələb etmək hüququna malikdir?

“Polis haqqında” Qanununun 17-ci maddəsi üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüquqlarını sadalayır. 

Maddənin 2-ci bəndinə görə, polis əməkdaşı cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüququna malikdir. Yəni polisin bu hüququnu həyata keçirə bilməsi üçün şəxsin cinayət, yaxud da inzibati xəta törətməsi ilə bağlı şübhə olmalıdır.

Hazırkı işdə polisin şəxsiyyət sənədləri tələb etməzdən əvvəl onda belə bir şübhənin olmadığı dəqiqdir. Çünki polisin bu şəxslərə yaxınlaşma səbəbi onların dəm qazından boğulub-boğulmadıqlarını yoxlamaq olub. 

“Avtomobilin şüşəsini döyüb oyatdıq ki, birdən dəm qazından boğulmuş olarlar. Özlərini təqdim edərək haradan olmalarını soruşdum”, – deyə polis serjantı Akif Vəkilov məhkəmədə verdiyi ifadəsində bildirib.

Qayıdaq hadisə məkanına. Maşındakı şəxslər oyanandan sonra məlum olub ki, onlar boğulmayıbmışlar. Başqa sözlə, polisin onlara yaxınlaşma əsası artıq şəxslərin ayıq olduqlarının öyrənildiyi andan aradan qalxmış olub. 

Buna baxmayaraq, Z.A yanındakı qızın kimliyini polisə təqdim etməkdən imtina edib və bu səbəbdən polis bölməsinə aparılıb.

Polis serjantının  məhkəməyə verdiyi ifadəyə görə, Z.A-nın hərəkətləri onda şübhə yaradıb, ancaq bu şübhənin nədən ibarət olduğunu açıqlamayıb.

Polis onlarda konkret nə ilə bağlı (cinayətin, yaxud inzibati xətanın baş verməsi və s.) şübhənin yarandığına aydınlıq gətirməyib. 

Oğlanın polislə bölməyə getməyə etiraz etməsi ilə bağlı da hər hansı arqument ortaya qoyulmayıb.  

İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı dörd şərt eyni zamanda mövcud olmalıdır: 

1) Tabe olmama polis işçisinə qarşı törədilməlidir; 

2) Tabe olmama polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən həyata keçirilməlidir; 

3) Tabe olmama polis işçisinin qanuni tələblərinə qarşı edilməlidir; 

4) Tabe olmama barəsində iş aparılan şəxs tərəfindən qəsdən edilməlidir. 

Burada polis işçisinin ictimai qayda üzrə hansı mühafizə vəzifələrini icra etməsi aydın deyil, eyni zamanda, polis əməkdaşının qanuni tələblərinin də nədən ibarət olduğu, tabe olmamanın hansı hərəkətlərdə ifadə oldunduğu da məlum deyil.    

İXM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə Konstitusiyaya, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır.

Yuxarıda deyilənlərə əsaslansaq, sözügedən işdə inzibati xəta hadisəsinin mövcud olmadığı qənaətinə gələ bilərik. 

İXM-in 53.1.1-ci maddəsinə görə isə, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

Məcəllənin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə ...  aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biridir. 

İndiki işdə bu cür kifayət qədər halların polis tərəfindən aşkar edilməsi mübahisəlidir. Burada polisin şəxslərə sadəcə onların qazdan boğulub-boğulmadıqlarını aydınlaşdırmaq üçün yaxınlaşdığı faktı bir daha xatırlanmalıdır.

Bundan başqa, İXM-in 75-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə, digərlərilə yanaşı,  inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) və inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir.

Mövzu ilə bağlı sual doğuran digər bir məsələ isə şəxsin saxlanılaraq bölməyə aparılmasının qanuni olub-olmamasıdır. 

Əvvəla, Z.A öz kimliyini polisə açıqlayıb. Yanındakı qızın kimliyini deməsə belə, bunu açıqlamaq qızın öz öhdəliyi idi. Buna görə də oğlanın polisə aparılmasının qanuniliyi şübhə doğurur.

“Polis haqqında” Qanunun “Polis tərəfindən azadlıq hüququnun məhdudlaşdırılması” adlanan 21-ci maddəsinə əsasən, şəxsin inzibati qaydada tutulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda həyata keçirilir.

İXM-in 88.1.1-ci maddəsinə görə, şəxs polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadıqda onun barəsində inzibati qaydada tutma tətbiq edilə bilər. Bununla belə, “qanuni tələbə tabe olmama” ilə bağlı yuxarıda deyilənləri diqqətdə saxlamaq lazımdır. Bu hissədə polis əməkdaşları konkret hansı tələbdən söhbət getdiyini bildirməli idilər. 

Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin, digər hallardan başqa, 1 (c) yarımbəndinə əsasən, hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədi ilə və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması halından və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra AİHM) bu maddə üzrə formalaşmış təcrübəsinə əsasən, hüquq pozuntusunun törədildiyinə dair "əsaslı şübhə" obyektiv müşahidəçinin sözügedən şəxsin hüquq pozuntusu törətmiş ola biləcəyi qənaətinə gəlməsi üçün yetərli fakt və ya məlumatın mövcudluğunu nəzərdə tutur (Erdagöz Türkiyəyə qarşı işi, § 51). 

AİHM bildirib ki, “hüquq pozuntusu” termini 6-ci maddədə göstərilən “cinayət” termini ilə eyni müstəqil mənaya malikdir (Benham Birləşmiş Krallığa qarşı işi,  § 56). 

Cərimə balları, xırda hüquq pozuntuları kimi inzibati xətalar da “cinayət hüququ aspektinin” təsiri altına düşür (Lutz Almaniyaya qarşı işi, §182).

Nəyin "əsaslı" hesab oluna biləcəyi isə işin hallarından asılıdır (Foks, Kempbell və Hartli Birləşmiş Krallığa qarşı işi, § 32). 

Beləliklə, sözügedən işdə polis artıq şəxslərlə söhbət etdikdən sonra onlara yaxınlaşma ilə bağlı səbəb – dəm qazından zəhərlənib huşlarını itirib-itirmədikləri – aradan qalxıb. 

Maşında yatmaq hərəkətinin özü cinayət və ya inzibati xəta hesab olunmadığı üçün, bunu əsas gətirərək polislərin şəxslərdən kimliklərini açıqlamağı tələb etməsi, eləcə də bu tələbin rədd edilməsinin “polisin qanuni əmrinə tabe olmamaq” kimi qiymətləndirilməsi hüquqaziddir.

“qafqazinfo.az”: Xanım tanışı ilə maşında yatan şəxs cərimələndi https://qafqazinfo.az/news/detail/xanim-tanisi-ile-masinda-yatan-sexs-cerimelendi-366561

“Polis haqqında” Azərbaycan Respublikası Qanunu https://e-qanun.az/framework/2937

Azərbaycanın İnzibati Xətalar Məcəlləsi https://e-qanun.az/framework/46960

AİHM: Erdagöz Türkiyəyə qarşı işi https://hudoc.echr.coe.int/fre?i=001-62670

AİHM: Foks, Kempbell və Hartli Birləşmiş Krallığa qarşı işi https://hudoc.echr.coe.int/eng?i=001-57721

AİHM: Benham Birləşmiş Krallığa qarşı https://hudoc.echr.coe.int/eng?i=001-57990

AİHM: Lutz Almaniyaya qarşı işi https://hudoc.echr.coe.int/eng?i=001-57531

Analiz
  • 25 İyun, 2022
  • 518

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə