logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Markalar haqqında qərarı Vəkillər Kollegiyasının konfransı verməli idi

Markalar haqqında qərarı Vəkillər Kollegiyasının konfransı verməli idi

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin ötən il verdiyi qərara əsasən, 2019-cu il yanvarın 1-dən  vəkil orderlərinə marka vurulur.

Kollegiyanın saytında yerləşdirilən məlumatda qeyd olunur ki, vəkillər order ödənişindən əlavə hər markaya görə 10 manat ödəyəcəklər. Yeni qərarda vəkillərin bu pulu müştəridən almalı olduğu bildirilir.

“Fakt Yoxla” Vəkillər Kollegiyasının bu qərarının qanunvericiliyin tələblərinə cavab verib-vermədiyini araşdırıb.

Vəkillərin fəaliyyətini tənzimləyən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 24-cü maddəsinə görə, Kollegiyanın vəsaiti ona daxil olan üzvlük haqqından yaranır. Qanunda bu vəsaitin digər mənbələr əsasında formalaşa biləcəyi nəzərdə tutulmayıb. Bu baxımdan marka haqqı və onun Kollegiyanın maliyyə mənbələrindən biri kimi göstərilməsi qanunun tələblərinə cavab vermir. Mülayim qanunçuluq baxımından yanaşıb bu qərarı əsaslandırmaq olar [Qanun digər vəsait mənbələrini istisna etmir], amma bu zaman da ortaya başqa suallar çıxır.

Vəkillər Kollegiyası peşə birliyi olduğuna görə üzvlərin üzərinə maliyyə öhdəliyi direktiv şəklində yox, yalnız ümumi razılıq əsasında qoyula bilər. Qanunun 10-cu maddəsində də üzvlük haqqının həcmini müəyyən etmək səlahiyyətinin Kollegiya üzvlərinin ümumi yığıncağına [konfransına] aid olduğu qeyd olunur. İndiki halda vəkillərin üzərinə qoyulan daha bir maliyyə öhdəliyindən söhbət gedir ki, bununla bağlı qərarı  Rəyasət Heyəti yox, ümumi yığıncaq verməli idi.

Digər bir məsələ marka haqqının məbləği ilə bağlıdır. Vəkillər Kollegiyasının qərarında bu məbləği vətəndaşların ödəməsi nəzərdə tutulub. Vəkil orderinin həqiqiliyini təsdiqetmə vasitəsi olaraq markadan istifadə bir çox sivil dövlətlərin təcrübəsində var, lakin onun qiyməti əhalinin gəlirləri ilə mütənasib olmalıdır. Məsələn, minimum aylıq əməkhaqqının 861 manat olduğu Türkiyədə marka haqqı 1 dollar civarındadır. Analoji məbləğin 130 manat olduğu Azərbaycanda isə bir markanın qiyməti 10 manatdır. Məlumat üçün bildirək ki, hazırda poçt markasının qiyməti 1 manat ətrafındadır, orderlərə vurulacaq markanın da buna yaxın məbləğdə müəyyənləşdirilməsi daha ağlabatan olardı.

Vəkillər Kollegiyası həm də ictimai funksiyaları yerinə yetirən hüquqi şəxsdir. Qurum qanun əsasında yaradılıb, məhkəmə çəkişmələrində müstəqil tərəf kimi çıxış edən inzibati orqandır. Belə ki, vəkil olmaq üçün Vəkillər Kollegiyasına üzvlük birləşmə azadlığından yaranmır, icbaridir.

Kollegiya üzvlərinin vəkillik fəaliyyəti Rəyasət Heyətinin qərarı ilə dayandırıla bilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.

Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarının V bəndində də qeyd olunur ki, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş digər orqanlar inzibati orqandır.

Avropa İnsan Haqları Məhkəməsinin “H.Belçikaya qarşı” iş üzrə 30 noyabr 1987-ci il tarixli qərarında isə vəkil qurumlarının təşkil olunma əsaslarının və vəkillik fəaliyyəti ilə bağlı şərtlərin dövlət tərəfindən müəyyən edilməsi, vəkillərin ədalət mühakiməsinə yardımının onları ictimai qulluq fəaliyyətinə daxil etməsi kimi əlamətləri vəkilliyin ictimai [publik] əlamətləri kimi səciyyələndirilib.

Yuxarıda qeyd olunanlar Vəkillər Kollegiyasına ictimaiyyətə maliyyə hesabatı vermək öhdəliyi yaradır. Kollegiya isə yaradıldığı 2004-cü ildən etibarən belə bir hesabat verməyib.

Qurumun rəsmi saytında maliyyə hesabatları dərc olunmur, halbuki “İnformasiya əldə etmək haqqında” qanunun 10-cu maddəsi bunu tələb edir. Məsələn, ABŞ Vəkillər Kollegiyası maliyyə hesabatını hər il öz rəsmi saytında dərc edir. Belə hesabatları bir sıra Avropa Şurası ölkələrinin, o cümlədən qonşu Türkiyə Respublikasının vəkillər kollegiyaları da dərc edir, yəni bununla bağlı mötəbər təcrübə mövcuddur.

Hazırda Vəkillər Kollegiyasının 1503 üzvü var və hər ay hər biri 54,6 manat üzvlük haqqı ödəyir ki, bu da 1 ayda 82 min manata yaxın vəsait edir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötən il Azərbaycanda birinci instansiya məhkəmələrində [inzibati xətalar və kredit borcları ilə bağlı işləri çıxmaqla] 110 min işə baxılıb.

Ali Məhkəmədə baxılan işlərin sayını da bu rəqəmin üzərinə gəlsək, Vəkillər Kollegiyasına marka haqqı olaraq il ərzində bir neçə milyon manat əlavə vəsaitin daxil olacağını deyə bilərik. Bu da kifayət qədər böyük məbləğdir. Üzvlük və marka haqqından daxil olacaq vəsaitlərin hansı nəzarət mexanizmi altında, hansı əsaslarla və necə xərclənəcəyi cavablandırılması zəruri olan suallardandır.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Vəkillər Kollegiyasının son qərarı həm legitimlik, həm marka haqqının məbləği, həm də qurumun maliyyə şəffaflığı və hesabatlılığı baxımından mübahisəlidir.

Qərarsız
  • 18 Mart, 2019
  • 2423

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə