logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Azyaşlıya qarşı fiziki zorakılıq göstərən polis barəsində hansı hüquqi tədbirlər görülə bilərdi?

Azyaşlıya qarşı fiziki zorakılıq göstərən polis barəsində hansı hüquqi tədbirlər görülə bilərdi?

“Doğrudur, polis azyaşlıya əl qaldırmalı, döyməli deyildi. Artıq cəzasını aldı, cənab nazir göstəriş verdi, daxili işlər orqanlarından xaric olundu. Daha bundan böyük nə cəza var? Bundan başqa nə edilə bilərdi?...”.

Bunu Milli Məclisin Deputatı və İnsan hüquqları komitəsinin üzvü, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.

“Fakt Yoxla” bu mövzunu analiz edib.

2023-cü il dekabrın 2-də Qəbələnin Vəndam kəndində polisin 12 yaşlı uşağı döydüyünü əks etdirən görüntülər sosial şəbəkədə yayılıb

Polisin azyaşlını döyməsinin görüntüləri (mənbə: Meydan TV)

Videodan məlum olur ki, polis formalı şəxs yetkinlik yaşına çatmayan şəxsi yerdə təpikləyir, yaxasından tutaraq yerdə sürüyür.

Bundan sonra Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən açıqlama verilib ki, yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.

Bəs polis haqqında başqa hansı hüquqi tədbirlər görülməli idi?

AR Polis Haqqında Qanunun 5.2-ci maddəsində qeyd olunub ki, polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. 27.2-ci maddədə isə bildirilib ki, polis əməkdaşı odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, fiziki qüvvə azyaşlılara, yanında azyaşlı olan şəxslərə qarşı tətbiq etməməlidir.

33.5-ci maddədə vurğulanıb ki, polis əməkdaşı hüquqa zidd hərəkətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. 

Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. 

AR İnzibati Xətalar Məcəlləsinin (İXT) 157-ci maddəsinə əsasən, döymə və digər zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə şəxslər 300-500 manat məbləğində cərimə edilir və ya 2 ayadək müddətə inzibati həbs tətbiq olunur. Zorakılıq sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Cinayət Məcəlləsinin (CM) müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. CM-yə görə, sağlamlığa zərər vurma xəsarətin dərəcəsindən asılı olaraq cərimə; ictimai işlər; 2 ilədək islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə; 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər (maddə 126, 127, 128). İXT-nin 33.1.4-cü maddəsində isə bildirilib ki, inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallardan biri hesab olunur. 

Cinayət Məcəlləsinin 293.1-ci maddəsinə əsasən, vəzifəli şəxsin hər hansı bir şəxsi qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyması 4000-6000 manat miqdarında cərimə, iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 293.2 və 293.3-cü maddədə qeyd olunub ki, hadisədə işgəncə əməli olduqda dövlət orqanının vəzifəli şəxsi 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə, eyni əməllər sağlamlığa ağır və ya az ağır zərər vurmaqla törədildikdə isə 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddədə “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür.

Beləliklə, Azərbaycan Respublikasının Qanunlarına və onun qoşulduğu beynəlxalq müqaviləyə əsasən, uşağın zorakılığa məruz qalması zərər vurma dərəcəsindən asılı olaraq inzibati məsuliyyət və ya cinayət məsuliyyətinə səbəb olur. Amma bu hadisə zamanı uşağı döyən polis əməkdaşına sözügedən hüquqi prosedurlar tədbiq edilməyib və o yalnızca vəzifədən kənarlaşdırılıb.

Analiz
  • 18 Dekabr, 2023
  • 1704

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə