logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

İpoteka kreditinə görə vərəsələr məsuliyyət daşıyır?

İpoteka kreditinə görə vərəsələr məsuliyyət daşıyır?

Azərbaycan Konstitusiya Məhkəməsi aprelin 19-da Mülki Məcəllənin 269.1-ci, 269.5-ci, 460.1-ci və 1306.1-ci maddələrini şərh edib. Qərarda deyilir ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Qanunun 34.1-ci maddələrinə görə, əsas öhdəlik üzrə borclu, onun ölüm halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor girov qoyulan əmlak barədə iddia qaldıra bilər. 

Konstitusiya Məhkəməsinin qərarı cəmiyyətdə aktiv müzakirələrə səbəb olub. 

“Fakt Yoxla” məsələnin önəmini nəzərə alaraq Konstitusiya Məhkəməsinin qərarını analiz edib. 

İpoteka haqqında Qanuna görə, “ipoteka öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.” Yəni şəxs ya özünün ya başqasının kredit götürməsi üçün mülkünü – evini və ya torpağını girov qoyur. Azərbaycan kontekstində ipoteka iki formada təzahür edir:

  • İpoteka və Kredit Zəmanəti Fondu
  • Bankların daxili ipoteka krediti 

Konstitusiya Məhkəməsinin qərarında nəzərdə tutulan məsuliyyət İpoteka və Kredit Zəmanəti Fondunun xətti ilə verilən kreditlərə aid deyil. Bu kreditlərdə ortaya çıxa biləcək risklər ciddi şəkildə tənzimlənir. Həm ipoteka krediti ilə alınan əmlak – mənzil və ya ev, həm də krediti götürən şəxsin həyatı sığorta edilir. Əgər alınan əmlak hər hansı səbəbdən məhv olarsa yaxud krediti götürən şəxs istənilən səbəbdən vəfat edərsə və ya əlilliyi olarsa, krediti verən bankın vəsaiti sığorta edən şirkət tərəfindən qaytarılır.

Məhkəmənin qərarından aydın olur ki, söhbət vətəndaşların bankların daxili ipotekası ilə əmlak (mənzil, bağ evi və s.) almasından, həmçinin bir şəxsin bankdan kredit götürmək məqsədi ilə başqa şəxsin fərdi evini girov qoymasından gedir. Qərarda bildirilir ki, krediti götürən şəxs vəfat edərsə, öhdəlik əmlaka yönədilir. Bu halda, məhkəmə girovda olan daşınmaz əmlakı hərraca çıxarır, satışdan sonra bank özünə ödənilməli olan məbləği götürür. Əgər şəxsin borcu evin qiymətindən çoxdursa, bu zaman borcun qalan hissəsi ödənilmir, batır. Əgər girovda olan əmlak borcdan baha satılırsa, bank özünə ödənməli olan məbləği götürdükdən sonra geridə qalan məbləğ əmlak sahibinə (vərəsəyə) çatır. Lakin şəxs öz həyatını sığorta etdiribsə, bu zaman banka çatmalı olan vəsait sığorta şirkəti tərəfindən ödənilir. Yəni ölən şəxsin həyatı sığortalanıbsa, dövlət ipotekası və bankların daxili ipoteka kreditləri arasında bir fərq olmur. 

Konstitusiya Məhkəməsinin qərarından da aydın olduğu kimi, borclunun ölümündən sonra kreditorlar qarşısında məsuliyyəti mirası qəbul etmiş vərəsələr daşıyır. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, “vərəsələr miras qoyanın ölümü ilə silinməyən bütün öhdəlikləri qarşısında onlara qalan miras paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.” Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras həmin mirası qoyanın öldüyü gündən və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən vərəsənin mülkiyyəti sayılır. Burada xüsusi diqqət yetirilməli məqam odur ki, vərəsə vəfat etmiş şəxsin mirasını qəbul etmiş şəxsdir, bu halda o, vəfat edənin geridə qalan borcuna görə də məsuliyyət daşıyır. Şəxs mirasdan imtina edərsə, bu halda vəfat edənin borcunu ödəmək öhdəliyi daşımır. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, ipoteka borcu ilə bağlı vərəsənin ödəməli olduğu borc İpoteka və Kredit Zəmanəti Fondu vasitəsi ilə götürülən ipoteka kreditlərinə aid deyil. Əgər bankların daxili ipoteka krediti üzrə sığorta varsa, o zaman da varisə heç bir öhdəlik düşmü, qalan məbləğ şığorta şirkəti tərəfindən qarşılanır. İpoteka borcu o zaman vərəsə tərəfindən ödənməli olur ki, bankların daxili ipoteka formasında götürülsün və krediti götürən şəxsin həyatı sığortalanmasın. Burada diqqət yetirilməli məqam odur ki, qanuna görə vərəsə ölən şəxsin mirasını qəbul etmiş şəxsdir. Mirası qəbul etməyən şəxs heç bir halda vəfat etmiş şəxsin borclarına görə öhdəlik daşımır.

 

“e-qanun.az”, Konstitusiya Məhkəməsinin qərarı

“e-qanun.az”, İpoteka haqqında Qanun, Maddə 1

“e-qanun.az”, Mülki Məcəllə, Maddə 269.1; 269.5; 317.1; 319.1; 460.1; 1146; 1255; 1306.1

“mcgf.gov.az”, Kreditin verilməsi şərtləri

 

Analiz
  • 6 İyun, 2023
  • 728

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə