Milli Məclis 4 aprel 2023-cü il tarixində keçirilən plenar iclasında Kənd Təsərrüfatı Naziri İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi məsələsini müzakirəyə çıxardı və məsələ səsvermədən sonra qəbul edildi.
Bu məlumatdan 3 saat sonra paylaşılan xəbərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında İnam Kərimov Ali Məhkəmənin sədri təyin edildi.
İnam Kərimov 2012-ci ildə Prezidentin sərəncamı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib. Daha sonra, 2018-ci ildə Azərbaycan Respublikasının Nazilər Kabinetinin yeni tərkibi haqqında Sərəncama əsasən Kənd Təsərrüfatı naziri təyin edilib.
Milli Məclisin aprelin 4-də keçirilən plenar iclasında səsləndirilən məlumata görə İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi barədə namizədliyi Prezident tərəfindən təqdim olunub. “Məhkəmələr və hakimlər haqqında” qanunun 93-4-cü maddəsinin birinci hissəsində qeyd olunur ki, Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən Konstitusiyada qoyulan tələblərə cavab verən, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər yüksək hakim vəzifələrinə təyin edilə bilər”. Həmin maddənin ikinci hissəsində isə deyilir: “yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) iş stajı, habelə hüquq sahəsində elmi və pedaqoji fəaliyyət müddəti onların hakimlik stajına hesablanır”.
Bəs bu praktika beynəlxalq standartlar və digər dövlətlərin qanunvericiliyində öz əksini tapırmı?
“Fakt Yoxla” yüksək hakim vəzifələrinə təyinatı analiz edib.
Avropa Şurasının Nazirlər Komitəsinin CM/Rec(2010)12 nömrəli Tövsiyəsinin 44-cü maddəsinə əsasən: “Hakimlərin seçimi və karyerası ilə bağlı qərarlar qanunla və ya səlahiyyətli orqanlar tərəfindən əvvəlcədən müəyyən edilmiş obyektiv meyarlara əsaslanmalıdır. Bu cür qərarlar insan ləyaqətinə hörmət gözlənilməklə, qanun tətbiq etməklə, işlərə baxılması üçün tələb olunan ixtisas, bacarıq və qabiliyyətlər nəzərə alınmaqla nailiyyətlərə əsaslanmalıdır (...should be based on merit)”.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2010-cu ildə Maks Plank Minerva Tədqiqat Qrupu ilə birlikdə hazırlayıb dərc etdiyi Məhkəmə Hakimiyyətinin Müstəqilliyi haqqında “Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada Məhkəmə Hakimiyyətinin Müstəqilliyinə dair Kiyev Tövsiyyələri”nin 17-ci maddəsində qeyd edilir ki, “Hakimliyə namizədliyini irəli sürə bilmək üçün müvafiq peşə sahəsində qazanılmış təcrübənin səviyyəsi diqqətlə qiymətləndirilməlidir”.
Beynəlxalq təşkilatların tövsiyyələrindən başqa, demokratik sayılan ölkələrdə yüksək hakim vəzifələrin təyinatın necə baş verdiyinə nəzər salaq.
ABŞ-da Ali Məhkəmə hakimlərinin təyinatı səlahiyyəti Konstitusiyaya əsasən Prezidentin preroqatividir, Prezidentin təklifi əsasında və Senatın (parlamentin yuxarı palatasının) razılığı nəticəsində təyin edilir. Təklif edilən namizədlərə qanunla hər hansı kriteriya qoyulmasa da, amerikan hüquq sisteminin presedenti ondan ibarətdir ki, namizədlər əsasən iki kriteriyayauyğun gəldikdə Prezident tərəfindən təklif edilir. Birinci - namizəd Prezidentin siyasi görüşlərinə uyğun gəlməlidir, ikincisi isə - digər namizədlərlə müqayisədə hüquq sahəsində yüksək peşə keyfiyyətlərinə sahib olmalıdır.
Bundan sonra, təklif edilən namizəd(lər) Senatın Məhkəmə Komitəsi tərəfindən yoxlanılır və bunun nəticəsində ictimaiyyətə açıq “dinləmə” (public hearing) keçirilir. Bu dinləmənin sonunda verilən rəydən sonra Senatın razılığı üçün məsələ səsverməyə qoyulur.
Fransa Konstitusiyasının 65-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, Ali Məhkəmə (Kassasiya Məhkəməsi) hakimlərinin təyinatı Hakimlərin Ali Şurasının təklifi əsasında Prezident tərəfindən təyin edilir. 58-1270 nömrəli “Məhkəmə hakimlərinin statusu haqqında” konstitusiya qanununa uyğun olaraq Ali Məhkəmə Hakimlərinin təyinatı iki üsulla mümkündür: (1) müsabiqə yolu ilə, və (2) müsabiqədən kənar təyinatlar. Bu təyinata uyğun şəxslər həmin qanunun 40-cı maddəsinə əsasən aşağıdakı kimidir:
-dövlət müşavirləri (Dövlət Şurası - qanunverici aktlar üzrə məsləhət qurumu olmaqla, inzibati icraat üzrə ən yuxarı instansiya funksiyasını daşıyır);
-Ədliyyə Nazirliyində hər hansısa rəhbər vəzifəyə ezam olunmuş və ya təlim məktəbinin direktoru olan məhkəmə korpusunun magistratları
-ən azı on il professor qismində təhsil verən dövlət hüquq fakultələrinin professorları;
-ən azı iyirmi il staja malik və Dövlət Şurasında və Kassasiya Məhkəməsində çıxış edən vəkillər, Vəkillər İttifaqının həqiqi və keçmiş üzvləri.
Beləliklə, beynəlxalq standartlar hakimlərin seçimi üçün müvafiq peşə fəaliyyəti, ixtisas, bacarıq kimi kriteriyaları əsas götürsə də, təcrübədə fərqli yanaşmalar mövcuddur. Belə ki, ABŞ-da Ali Məhkəmə hakimlərinin təyinatı üçün qanunla nəzərdə tutulan heç bir xüsusi kriteriya olmamasına baxmayaraq, presedentlər mühüm rol oynayır. Fransada isə, Ali Məhkəmə Hakimlərinin təyinatının müsabiqədənkənar formasında dövlət qurumlarında fəaliyyəti nəzərə alınır.