logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

DİN sözçüsünün statuslarında pozulan hüquqlar...

DİN sözçüsünün statuslarında pozulan hüquqlar...

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev şəxsi “facebook” səhifəsində mütəmadi olaraq ölkədə baş verən cinayətlər və tutulan şəxslər barədə postlar paylaşır. 

Bu paylaşımların bəzilərində müxtəlif şəxslərin adları, təvəllüdləri, qeydiyyatda olduqları bölgə, boy ölçüləri barədə məlumatlar, həmçinin fotoşəkilləri və səsləri yerləşdirilir.

Bundan əlavə, bəzi paylaşımların məzmunu təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı suallar yaradır.

“Fakt Yoxla” DİN sözçüsünün paylaşımlarında fərdi məlumatların qorunması və təqsirsizlik prezumpsiyası hüququ ilə bağlı məqamları araşdırıb.

Əvvəlcə Hacıyevin bəzi paylaşımlarından nümunələrə nəzər yetirək. 

20.06.2022 

“Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov saxlanılıb”. 

Ad və soyadı, məhkumluğu ilə yanaşı, paylaşımda şəxsin boy ölçüsünü əks etdirən fotosu da yerləşdirilib.

17.06.2022

“Sosial şəbəkə seqmentlərində “yüksək faizli qazanc”, “kreditə pul verilir” adı altında kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb”.

Paylaşımda şəxsin ad və soyadı, təvəllüdü, səsli videosu da tirajlanır.

15.06.2022

“Polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 17 nəfər saxlanılıb”. Paylaşıma şəxslərin fotoları da əlavə edilib.

11.06.2022

“Polis əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən Xudat şəhər sakini Reyhan Mirzəyevanı saxlayıblar”. 

Şaxlanılan şəxsin səsli videosu  paylaşıma yerləşdirilib.

04.06.2022

“Oğruya oxşayır? Ancaq peşəkar cibgirdir. Metro polisi tutub. 47 yaşı var”. 

Şəxsin fotosu açıq şəkildə paylaşılıb.

07.04.2022

Paytaxtın Nizami rayonunda onlayn yolla narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxslə bağlı paylaşımda Hacıyev şəxsin boyunu əks etdirən fotosunu, saxlanılan şəxsə məxsus şəxsiyyət vəsiqəsinin şəkil, ad, soyad, ata adı, təvəllüd və doğum yerini göstərən fotosunu yerləşdirib.

Konstitusiyanın 32.2-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var.

“Fərdi məlumatlar haqqında” Qanunun  2.1.1-ci maddəsinə görə, fərdi məlumatlar dedikdə, şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat nəzərdə tutulur.

Qanunun 2.1.2-ci maddəsinə əsasən isə, barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs fərdi məlumatların subyekti hesab olunur.

Hazırkı yazıda məlumatların yayılmasından söhbət getdiyini nəzərə alaraq, bu hissədə bir məqamı dəqiqləşdirmək lazımdır. 

Qanunun 2.1.8-ci maddəsində “fərdi məlumatların işlənilməsi” anlayışına məlumatların yayılmasını daxil etməyib. Lakin Azərbaycanın da ratifikasiya etdiyi “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Avropa Şurası Konvensiyasının (108 saylı Konvensiya kimi də tanınır) 2-ci maddəsi də daxil olmaqla bu sahədə Avropa instrumentləri fərdi məlumatların yayılmasını da işlənilmə anlayışına daxil edir. 

Konstitusiyanın 151-ci maddəsinə əsasən, Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla Azərbaycanın qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycanın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Beləliklə, “yayılma” da işlənilmənin tərkib hissəsi olaraq qəbul edilməlidir.

“Fərdi məlumatlar haqqında” Qanunun 2.1.12-ci maddəsinə əsasən, fərdi məlumatların yayılması dedikdə fərdi məlumatların kütləvi informasiya vasitələri, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla şəxslərin hər hansı digər üsulla tanış olmasına imkan yaradılması nəzərdə tutulur.

Bundan başqa, şəxsin məhkumluğu ilə bağlı məlumatlar (2.1.6-cı maddə), üz təsviri, səs fraqmenti və onun akustik parametrləri, bədən ölçüləri, bədənin xüsusi əlamətlərinin və qüsurlarının təsviri, habelə digər biometrik məlumatlar da (9.5-ci maddə) sözügedən Qanunun mühafizəsi altına düşür.

Bu cür məlumatların paylaşılmasına gəlincə isə, Qanunun 8.1-ci maddəsinə görə, bunun üçün ya şəxsin razılığı olmalı, ya da Azərbaycan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi halları mövcud olmalıdır.

İndiyədək haqqında paylaşım edilmiş bütün bu şəxslərdən razılıq alınıb-alınmadığı, alınsa belə, bu razılığın müstəqil iradə ilə verilib-verilmədiyi dəqiq deyil. Ona görə də, bu hissədə konkret fikir bildirmək mümkün deyil.

Digər tərəfdən isə Azərbaycan qanunvericiliyində polisin sözügedən məzmunda paylaşımlar edə bilməsinə icazə verən normanın olub-olmadığını müəyyən etmək lazımdır. 

Cinayət-Prosessual Məcəllənin (CPM) 199.2-ci maddəsinə əsasən, prosessual hərəkətlərin gedişində hər hansı şəxsin şəxsi həyatına aid məlumatların, habelə onun gizli saxlanılmasını lazım bildiyi digər şəxsi xarakterli məlumatların lüzumsuz toplanılmasına, yayılmasına və onlardan istifadə edilməsinə yol verilmir.

Göründüyü kimi, Məcəllə bu cür məlumatların məhz lüzumsuz formada paylaşılmasını qadağan edir. Başqa sözlə desək, müəyyən məqsəd üçün məlumatların paylaşılmasına icazə verilə bilər. 

Elşad Hacıyevin paylaşımlarının bir qismi məlumatverici xarakter daşıyır. Yəni, bu paylaşımlarda, şəxslə bağlı müxtəlif məlumatlar da yerləşdirilməklə müəyyən hadisə barədə danışılır.

Paylaşımların bəzilərində isə göstərilən şəxsin əməlindən zərər çəkmiş olan şəxslərə çağırış edilir və deyilir ki, bu şəxslər DİN-ə müraciət etsinlər. 

Məsələn, “Nərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən silsilə oğurluqlar edən şəxs tutularaq istintaqa cəlb edilib” məzmunlu paylaşımda şəxsin şəkli və adı göstərilərək deyilir ki, polisə Nərimanov rayonunda yaşayan sakinlərdən oxşar məzmunlu şikayətlər daxil olub. 

Bu cür paylaşımların legitim, yəni qanuni məqsədi kimi polis deyə bilər ki, başqa şəxslərin hüquqlarının qorunması məqsədilə tutulan şəxsin məlumatları publik şəkildə paylaşılıb. Lakin bu məqsədlə paylaşımın edilməsi hüququ qanunvericilikdə aydın şəkildə göstərilməlidir.

“Polis haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, cinayətin və digər hüquqpozmanın qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin öyrənilməsi və aradan qaldırılması üçün tədbirlər görmək polis əməkdaşının vəzifələrindən biridir.

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsinə əsasən, hər hansı şəxsin razılığı olmadan onun şəxsi həyatının toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair əldə edilmiş məlumatları yaymaq qadağandır. Lakin bu müddəa da Qanunla müəyyən edilmiş qaydada cinayətlərin ... açılması ... zamanı insan və vətəndaş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılmasına yol verir.

Bu baxımdan, başqa zərərçəkən şəxslərə müraciətlə paylaşılan statusların legitim məqsəd daşıdığı yuxarıdakı qanunvericilik müddəaları ilə əsaslandırıla bilər. Lakin bu statuslarda bütün məlumatların paylaşılması lüzumlu sayıla bilməz. Məsələn, şəxsin əvvəllər məhkum olunması ilə bağlı məlumat zərərçəkənlərin DİN-ə müraciət edə bilməsi üçün lüzumlu sayıla bilməz.

Digər, yəni zərərçəkənlərə çağırış edilmədiyi paylaşımlarda isə şəxsi həyatın qorunması hüquqlarına edilən müdaxilənin hansısa legitim məqsəd daşıdığı iddia edilə bilməz. 

Xujin və Başqaları Rusiyaya qarşı” işində AİHM bildirib ki, şəxsi həyat anlayışı insanın öz imicinə olan hüququna aid elementləri ehtiva edir və fotoşəkilin dərci şəxsi həyatın əhatə dairəsinə düşür (115-ci paraqraf). 

Bu işdə Məhkəmə onu da qeyd etdi ki, ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilə ilə bağlı hər hansı legitim məqsəd görmür. 

AİHM hadisələr baş verən zaman ərizəçinin həbs altında olmasını nəzərə alaraq vurğulayıb ki, o, ədalətdən qaçmış deyildi və onun şəklinin paylaşılması, yerinin müəyyən edilməsi məqsədilə ictimai dəstəyi sövq etmək üçün də vacib ola sayıla bilməzdi. Bu hissənin hazırda hüquqi analiz edilən məsələdə xüsusilə əhəmiyyəti var. Çünki paylaşımlar polis tərəfindən artıq tutulmuş şəxslər barəsindədir.

Şəxsi həyat hüququna müdaxilə məsələsindən əlavə, paylaşımları təqsirsizlik prezumpsiyası hüququnun qorunması baxımından da araşdırmaq lazımdır.

Konstitusiyanın 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

Bu hüquq CPM-in 21-ci maddəsində də əks olunub. Bu maddəyə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir.

Bunlarla yanaşı, “Media haqqında” Qanunun 14.1.14-cü maddəsinə əsasən, mediada dərc olunan və (və ya) yayımlanan informasiyada qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir.

Elşad Hacıyev şəxslər barədə paylaşımların bəzilərində “şübhəli bilinən”, bəzilərində isə konkret əməli törətmiş şəxs kimi danışır.

Məsələn, bir paylaşımda “oğurluq əməllərini törətməkdə şübhəli bilinən” ifadəsi, digərində isə “əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxslər”, yaxud “oğurluq edən və narkotiklərin satışı ilə məşğul olan” ifadələri işlədilib.

Əvəz Zeynalov Azərbaycana qarşı” AİHM bildirib ki, cinayət törətməkdə ittiham olunan şəxsin təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməzdən əvvəl onun təqsirli olduğunu deyən məhkəmə qərarı və ya dövlətin rəsmi vəzifəli şəxsinin açıqlaması təqsirsizlik prezumpsiyasının pozuntusudur (68-ci paraqraf). 

Məhkəmə şəxsin təqsirli olduğunu bildirən açıqlamalarla “şübhəli hal” barədə açıqlamaları fəqləndirir. Bunlardan birincisi təqsirsizlik prezumpsiyasını pozduğu halda, ikincisi AİHM tərəfindən araşdırılmış bir sıra işlərdə məsələn, ”Qrubnik Ukraynaya qarşı”işində etiraz edilə bilməyən, yəni prezumpsiyanı pozmayan kimi qəbul edilib.

Başqa sözlə, şəxsin cinayətin törədilməsində şübhəli olduğunu bildirən açıqlamalar təqirsizlik prezumpsiyasını pozmadığı halda, şəxsi cinayəti törətmiş, təqsirli olan biri kimi təqdim edən açıqlamalar bu hüququ pozur.

Azərbaycan Respublikası Konstitusiyası https://e-qanun.az/framework/897

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunu https://e-qanun.az/framework/19675

“Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Avropa Şurası Konvensiyası https://rm.coe.int/1680078b37

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi https://e-qanun.az/framework/46950

“Polis haqqında” Azərbaycan Respublikası Qanunu https://e-qanun.az/framework/2937

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu https://e-qanun.az/framework/2938

Avropa İnsan Hüquqları Konvensiyası https://www.echr.coe.int/documents/convention_aze.pdf

AİHM: Əvəz Zeynalov Azərbaycana qarşı işi https://hudoc.echr.coe.int/eng?i=001-209346

AİHM: Qrubnik Ukraynaya qarşı işi https://hudoc.echr.coe.int/eng?i=001-204604

AİHM: Xujin və Başqaları Rusiyaya qarşı işi https://hudoc.echr.coe.int/eng?i=001-89062

“Media haqqında” Azərbaycan Respublikası Qanunu https://e-qanun.az/framework/49124

Yazıda istinad edilmə ardıcıllığı ilə Elşad Hacıyevin paylaşımları:

https://www.facebook.com/permalink.php?story_fbid=174075245035031&id=100072976707438

https://www.facebook.com/permalink.php?story_fbid=173452538430635&id=100072976707438

https://www.facebook.com/permalink.php?story_fbid=172974915145064&id=100072976707438

https://www.facebook.com/permalink.php?story_fbid=172081178567771&id=100072976707438

https://www.facebook.com/permalink.php?story_fbid=170532678722621&id=100072976707438

https://www.facebook.com/permalink.php?story_fbid=158085723300650&id=100072976707438

https://www.facebook.com/permalink.php?story_fbid=174681064974449&id=100072976707438

https://www.facebook.com/permalink.php?story_fbid=173397525102803&id=100072976707438

https://www.facebook.com/permalink.php?story_fbid=173397525102803&id=100072976707438

https://www.facebook.com/permalink.php?story_fbid=157428713366351&id=100072976707438

https://www.facebook.com/permalink.php?story_fbid=172069525235603&id=100072976707438

  • 30 İyun, 2022
  • 1560

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə