logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Deputat: “Naxçıvanın statusu kiminsə sözü ilə ləğv edilə bilməz”

Deputat: “Naxçıvanın statusu kiminsə sözü ilə ləğv edilə bilməz”

Noyabrın 1-də Naxçıvan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ləğv edilib və əvəzində DTX-nın Naxçıvan Baş İdarəsi yaradılıb

Bunun ardınca Naxçıvan Muxtar Respublikasının (NMR) statusunun ləğv edilməsinə dair müzakirələr başlayıb. 

Naxçıvanlı deputat Eldar İbrahimov (YAP) bu müzakirələrə cavabında deyib ki, hər hansı iddia əsasında  NMR-ın statusunu ləğv etmək mümkün deyil.

“Muxtar Respublika Azərbaycanın tərkibində 1921-ci ilin 13 oktyabrında 5 dövlətin – Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Ermənistanın imzaladığı müqavilə ilə yaradılıb. Muxtar Respublikanı hansısa iddia ilə, elə-belə ləğv etmək mümkün deyil. Qanunamüvafiq yaradıldığı kimi, ləğv prosesi də qanunamüvafiq edilməlidir. Ümumilikdə isə Naxçıvan muxtar respublika olaraq Azərbaycan Konstitusiyasında yer alıb. Bu kiminsə sözü ilə ləğv edilə bilməz”, – deyə deputat vurğulayıb

“Fakt Yoxla” mövzunun aktuallığını nəzərə alaraq Naxçıvanın hüquqi-siyasi statusuna dair araşdırma hazırlayıb.

Konstitusiyanın tələbləri

Naxçıvanın statusu Azərbaycan Konstitusiyası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında təsbit olunub. 

Azərbaycan Konstitusiyasının 134-cü maddəsinə əsasən, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı muxtar dövlət statusuna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Prezidentin fərmanları və Nazirlər Kabinetinin qərarları Naxçıvan ərazisində məcburi olsa da, muxtar respublikanın öz icra, qanunverici və məhkəmə hakimiyyəti var. 

Bununla belə, Naxçıvan Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Konstitusiyasına və qanunlarına, Naxçıvanın Nazirlər Kabinetinin qərarları Azərbaycan Konstitusiyasına, qanunlarına, Prezidentin fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş səlahiyyətlər çərçivəsində müstəqildir. 

Naxçıvanın statusu Konstitusiyada təsbit olunduğu üçün bu statusun dəyişdirilməsi yanlız referendumla mümkündür. Konstitusiyanın 3-cü maddəsinə əsasən, Konstitusiyada dəyişiklik yalnız ümumxalq səsverməsi - referendumla edilə bilər.

Moskva və Qars müqavilələri 

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası 1998-ci il dekabrın 29-da Azərbaycan Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilib. Həmin Konstitusiyanın preambulasında qeyd olunur ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan Moskva və Qars beynəlxalq müqavilələri ilə qoyulub. 

Moskva müqaviləsi 1921-ci il martın 16-da Türkiyə ilə Rusiya SFSR arasında bağlanıb. Müqavilənin 3-cü maddəsinə əsasən, tərəflər Azərbaycanın heç vaxt bu protektoratlığı üçüncü bir dövlətə güzəştə getməməsi şərti ilə, Naxçıvanın Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razılaşıblar. 

Qars müqaviləsi isə 1921-ci il oktyabrın 13-də Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə Hökuməti arasında Rusiya SFSR-in iştirakı ilə bağlanıb. Müqavilənin 5-ci maddəsinə əsasən, Türkiyə, Sovet Ermənistanı və Sovet Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə muxtar ərazi statusunda Azərbaycanın himayəsi altında olsun. 

Hazırda qüvvədə olan hər iki müqavilə Türkiyə və Rusiyaya Naxçıvan ərazisinə Azərbaycan ordusundan başqa bir ordunun daxil olması halında, Naxçıvanın təhlükəsizliyini öz üzərilərinə götürmək hüququ verir. Beynəlxalq müqavilə imzalanarkən onun müəyyən tarixdə və ya hər hansı şərtlər daxilində bitməsi nəzərdə tutulmursa və tərəflər müqaviləyə riayət etməyə davam edirsə, həmin müqavilə qüvvədə sayılır.

“Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi haqqında” Qanunun 22 və 24-cü maddələrinə əsasən, Milli Məclis tərəfindən ratifikasiya edilmiş və edilməmiş Azərbaycanın tərəf çıxdığı beynəlxalq müqavilələri müvafiq olaraq Milli Məclis və icra hakimiyyəti orqanı ləğv edir. Azərbaycan yuxarıda sadalanan müqavilələrdən birtərəfli qaydada geri çəkiləcəyi halda, digər tərəflərin də Azərbaycanla bağlı götürdükləri öhdəliklərdən imtina etməsi üçün əsas yaranacaq.

SSRİ dövründə Naxçıvan 

1920-ci il aprelin 28-də Azərbaycanda bolşevik hakimiyyətinin qurulmasından sonrakı ilk illərdə Naxçıvan Azərbaycan SSR-in tərkibində deyildi. 1920-ci ilin 28 iyulunda Naxçıvan Sovet Respublikası yaradılmışdı, lakin 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Rəyasət Heyətinin qəbul etdiyi dekretlə Naxçıvan Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına (MSSR) çevrildi. 

1924-cü il tarixli Əsasnamə və 1926-cı il aprelin 18-də qəbul olunmuş Naxçıvan MSSR-in birinci Konstitusiyası ilə Naxçıvanın muxtariyyət statusunun hüquqi bazası yaradıldı. Bu status Naxçıvanın 1937 və 1978-ci il tarixli sonrakı konstitusiyalarında da təsbit edildi.

Müstəqillik dövrü

“Fakt Yoxla”nın daha əvvəlki araşdırmasından məlum olur ki, Elçibəy hakimiyyəti dövründə (1992-1993) Azərbaycan hakimiyyəti Naxçıvanın siyasi muxtariyyətini inzibati muxtariyyətlə əvəzləmək istəsə də, bu mümkün olmadı. 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasında Naxçıvanın siyasi muxtariyyəti bir daha təsbit olundu, 3 il sonra isə Naxçıvanın öz Konstitusiyası təsdiq edilib.

Naxçıvan Konstitusiyasına əsasən, muxtar respublikanın ali vəzifəli şəxsi Ali Məclisin sədridir. Naxçıvan Ali Məclisi 45 deputatdan, Azərbaycan Milli Məclisi isə 125 deputatdan ibarətdir. 

Naxçıvan parlamenti 31 deputatın, Azərbaycan parlamenti isə 83 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir. 

Naxçıvan Konstitusiyasının 5-ci maddəsinə əsasən, Ali Məclisin sədri muxtar respublikanı beynəlxalq münasibətlərdə yalnız mədəni və iqtisadi sahələrdə təmsil edə bilər, onun siyasi təmsilçilik səlahiyyəti yoxdur. O, həm qanunverici, həm də icra hakimiyyəti sahələrində səlahiyyətlərə sahibdir. 

Belə ki, Ali Məclisin sədri parlament sədri vəzifəsini daşımaqla yanaşı Naxçıvan Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir; Kabinetin tərkibinin fəaliyyətini təmin edir; məhkəmə hakimlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair təkliflər verir; qanunları imzalayır; fərmanlar və sərəncamlar qəbul edir. 

Azərbaycanda icra hakimiyyəti Prezidentə mənsub olduğu halda, Naxçıvanda icra hakimiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycanda Nazirlər Kabineti Prezident qarşısında cavabdehlik daşıyır, Naxçıvan Nazirlər Kabineti isə Ali Məclisə tabedir. Azərbaycanda Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir, Naxçıvanda isə Baş naziri Prezidentin təqdimatı əsasında muxtar respublikanın Ali Məclisi təyin edir. 

Naxçıvanda DTX-nın ləğvi nəyi dəyişdi?

Naxçıvan Nazirlər Kabinetinin tərkibinə Naxçıvanın Baş Naziri, onun müavinləri, Naxçıvanın nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Azərbaycandan fərqli olaraq Naxçıvanın Müdafiə, Energetika, Xarici İşlər, Müdafiə Sənayesi, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri yoxdur. Energetika və Nəqliyyat nazirliklərinin əvəzində Naxçıvanda Dövlət Nəqliyyat Xidməti və Dövlət Energetika Xidməti mövcuddur. 

Naxçıvan DTX-nın ləğv edilib əvəzində DTX-ın Naxçıvan Baş İdarəsinin yaradılması ilə Naxçıvan Nazirlər Kabinetin üzvlərindən birinin sayı azalacaq. Keçmiş Naxçıvan Dövlət Təhlükəsizlik Xidməti muxtar respublikanın Nazirlər Kabinetinə daxil idi, yeni yaradılan qurum isə Azərbaycan DTX-ın daxilində idarə statusunda olduğu üçün Nazirlər Kabinetinin tərkibində olmayacaq. 

Beləliklə, DTX-nın Naxçıvan şöbəsinin Naxçıvan Ali Məclisi və onun sədri Vasif Talıbov qarşısında tabeçilik öhdəliyi də olmayacaq. 

Naxçıvan Nazirlər Kabinetində yuxarıda sadalanan dövlət orqanlarının olmaması muxtar respublikanın icra hakimiyyətinə dair səlahiyyətlərinin hansı sahələrlə məhdudlaşdığının göstəricisi də sayıla bilər. Belə ki, Naxçıvan müdafiə və xarici siyasət, indi isə həm də muxtar respublikanın milli təhlükəsizliyinə dair məsələlərdə birbaşa Bakıya tabedir.  

Beləliklə, Naxçıvan yüksək muxtariyyət statusuna malikdir və Azərbaycan Konstitusiyası ilə ona verilmiş səlahiyyətlər çərçivəsində müstəqildir. Öz icra, qanunverici və məhkəmə hakimiyyəti olan Naxçıvan müdafiə, xarici siyasət və muxtar respublikanın milli təhlükəsizliyinə dair məsələlərdə birbaşa Bakıya tabedir. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Naxçıvanın statusunun dəyişdirilməsi yalnız referendum keçirilməsi yolu ilə mümkündür. 

Analiz
  • 20 Dekabr, 2022
  • 450

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə