logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Bankların vətəndaşların şəxsi məlumatlarını sorğulaması qanunidirmi?

Bankların vətəndaşların şəxsi məlumatlarını sorğulaması qanunidirmi?

Dövlətə məxsus “Asan Finans” sistemi vasitəsi ilə banklar vətəndaşların maaş və borc məlumatları başda olmaqla bir çox şəxsi məlumatlarını sorğulayırlar və bu tez-tez müzakirələrə və narazılıqlara səbəb olur. 

“Fakt Yoxla” vətəndaşların şəxsi məlumatlarından istifadə ilə bağlı mövcud vəziyyəti və bu məlumatları sorğulamağın qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını araşdırıb.

Qeyd edək ki, “ASAN Finans” Biznesmen və vətəndaşların lazım olan informasiyanı əldə etməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılan platformadır. Bu platfotma vasitəsi ilə banklar müştəridən ərizə tələb etmədən lazım olan məlumatlarl yerimdəcə əldə etmək imkanı qazanır.

Hesablama Palatasının araşdırmasına görə, fərdi məlumatları ən çox banklar sorğulayır

Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) bildirib ki, “ASAN Finans”ın biznes partnyorları ilə müqavilə bağlayarkən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanır. Qanuna əsasən (5 və 8-ci maddələr), fiziki və hüquqi şəxslər barədə məlumatları əldə etməzdən əvvəl onlardan razılıq alınmalıdır. Yəni, vətəndaşlar bank xidmətlərindən istifadə edərkən imzaladıqları sənədlərdə vətəndaşın şəxsi məlumatlarının bank tərəfindən sorğulanması ilə bağlı qeyd olur. Həmin sənədləri imzalamaqla vətəndaşlar banklara öz şəxsi məlumatlarını sorğulamaq imkanı yaradır.

Ancaq, Hesablama Palatasının araşdırmasına görə, banklar vətəndaşların şəxsi məlumatlarını sorğulayarkən vətəndaş razılığına dair sübutlar EHİM tərəfindən tələb edilmir. Bu hal banklar və üçüncü şəxslər tərəfindən fiziki və hüquqi şəxslərin məlumatlarının qanunsuz olaraq əldə olunmasının riskini əhəmiyyətli dərəcədə artırır.

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci bəndinə  görə, fərdi məlumatları toplayan qurum həmin məlumatları üçüncü şəxslərə subyektin verdiyi razılıq əsasında ötürə bilər. Lakin “ASAN Finans” layihəsi çərçivəsində fərdi məlumatların üçüncü şəxslərə ötürülməsi onların mülkiyyətçisi olan kommersiya qurumları tərəfindən deyil, EHİM tərəfindən həyata keçirilir.

Həmçinin, “ASAN Finans” layihəsi çərçivəsində kommersiya müəssisələri fərdi məlumatlara Elektron Hökumət üzərindən birbaşa çıxış imkanı əldə ediblər. 

Nəticədə, “ASAN Finans” sistemində sorğu edilən vətəndaşın FİN-i, sorğunun növü, sorğulayan qurumun kimliyi və sorğulanma tarixi kimi məlumatlar saxlanılsa da, EHİM vətəndaşların razılığının olub-olmadığı yoxlamadan onların fərdi məlumatlarının kommersiya məqsədilə istifadəsinə texniki imkan yaradıb. Banklara həmin məlumatlara birbaşa çıxış imkanı verilməsi vətəndaşların fərdi məlumatlarının qorunması ilə bağlı risklər yaradır.

“Fakt Yoxla”nın araşdırmasına görə, vətəndaşlar bank xidmətlərindən istifadə zamanı imzaladıqları sənədlərdə onların fərdi məlumatlarının bank tərəfindən sorğulanmasına hüquqi əsas yaradır. Lakin, “ASAN Finans” platformasında EHİM-in fərdlərin verdikləri razılıqlara baxmaq üçün texniki imkanı yoxdur deyə, banklar və üçüncü şəxslər tərəfindən qanununvericiliyin tələbləri gözlənilmədən fiziki və hüquqi şəxslərin məlumatlarının əldə olunması riskini ortaya çıxarır.

Analiz
  • 25 İyul, 2023
  • 1944

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə