logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Azərbaycanda Ali Məhkəmənin tarixi nə vaxtdan başlayır?

Azərbaycanda Ali Məhkəmənin tarixi nə vaxtdan başlayır?

Azərbaycanda Ali Məhkəmənin 100 illiyi qeyd olunur. Prezident İlham Əliyev bu münasibətlə  “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” yubiley medalı haqqında Əsasnamə təsdiq edib. 

Bundan sonra məhkəmə sistemində çalışan 40-dan çox şəxsi “Şərəf”, 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Tərəqqi” medalı ilə təltif olunub. 

Bu sərəncamdan sonra sosial şəbəkələrdə Ali Məhkəmənin tarixinin 1923-cü ildən deyil, 1918-ci ildən başladığına dair müzakirələr başlayıb.

“Fakt Yoxla” bu mövzuya dair faktları araşdırıb. 

Ali Məhkəmə ölkədəki üçpilləli məhkəmə sisteminin ən yuxarı pilləsində duran məhkəmə orqanıdır. Onun yurisdiksiyası ölkənin bütün ərazisinə şamil edilir.

Ali Məhkəmənin səlahiyyətləri Konstitusiyanın 131-ci maddəsi və “Məhkəmələr və hakimlər haqqında” Qanunun XIII fəsli ilə tənzimlənir. 

Həmin sənədlərə əsasən, Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır. 

O, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir və məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.

Tarixi faktlara gəlincə, “Müstəqillik haqqında” Konstitusiya Aktının 2-ci maddəsində qeyd olunub ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının (Azərbaycan Xalq Cümhuriyyətinin – qısaca AXC) varisidir. 

AXC-nin dövlət hakimiyyəti parlament, hökumət və məhkəmə hakimiyyəti olmaqla üç qoldan ibarət idi. 

1918-ci ilin 17 iyununda AXC Nazirlər Şurasının müraciətində digər dövlət orqanları ilə yanaşı məhkəmələrin də milliləşdirilməsi elan edilmişdi.

AXC-nin məhkəmə sistemi andlı məhkəmələrə, ədalət məhkəmələrinə, ümumi — dairə və məhkəmə palatalarına bölünürdü. Andlı və ədalət məhkəmələri aşağı instansiyalı məhkəmələr idi.

1918-ci ilin noyabrın 14-də Bakı Dairə Məhkəməsinin binasında Azərbaycan Məhkəmə Palatası yaradıldı. Elə həmin gün ədliyyə nazirinin təqdimatı ilə hökumət Azərbaycan Respublikası “Məhkəmə palatası haqqında” Əsasnaməni təsdiq etdi.

Məhkəmə Palatası böyük sədr, departament sədri, 8 üzv, prokuror və onun 2 köməkçisindən ibarət tərkibdə yaradılmışdı. 

Hökumətin 1919-cu il 28 fevral və 10 may tarixli qərarları ilə vəkil Ələkbər bəy Xasməmmədov palatanın böyük sədri, keçmiş Simferopol dairə məhkəməsinin prokuroru Olgerd Kriçinski isə palatanın prokuroru təyin edildi. 

Azərbaycan Məhkəmə Palatası dairə məhkəmələrinin fəaliyyətini yoxlayır, onların qərarlarından apellyasiya şikayətlərinə, həmçinin vəzifə cinayətləri, mülklərə sahiblik hüququ, əmlaka qəyyumluq qoyulması haqqında işlərə baxır, notarius vəzifələrini yerinə yetirirdi. 

Məhkəmə Palatası AXC-nin ən yuxarı məhkəmə instansiyası idi.

AXC süqut etdikdən sonra aparılan məhkəmə islahatları yarımçıq qaldı. Sovet hakimiyyəti yeni məhkəmə sistemi qurmağa başladı. 

1923-cü ildə Azərbaycan SSR-in Ali Məhkəməsi yaradıldı. Ali Məhkəmə respublikadakı bütün məhkəmə orqanlarına nəzarət etmək, dairə məhkəmələrindən olan şikayətlərə kassasiya qaydasında baxmaq və məhkəmə orqanları ilə bağlı bütün məsələləri həll etmək səlahiyyətinə malik idi.

Beləliklə, Azərbaycan Ali Məhkəməsinin səlahiyyətlərinə malik məhkəmə orqanının hələ 1918-ci ilin noyabr ayının 14-də yaradılıb. 

Azərbaycan Məhkəmə Palatası adlanan həmin qurum aşağı instansiya məhkəmələrinin fəaliyyətini yoxlayır və qərarlar verirdi. O, AXC-nin məhkəmə sistemində ən yuxarı pillədə duran məhkəmə orqanı idi. 

AXC-nin süquta uğramasından sonra onun qurmağa başladığı məhkəmə sistemi dağıdıldı və yeni məhkəmə sistemi yaradıldı. Bunun nəticəsi kimi 1923-cü ildə Azərbaycan SSR Ali Məhkəməsi fəaliyyətə başladı. Amma müstəqil Azərbaycan Respublikası AXC-nin varisi olduğuna görə, Azərbaycan Ali Məhkəməsi də Azərbaycan Məhkəmə Palatasının varisidir. 

 

Analiz
  • 13 Fevral, 2023
  • 1002

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə