logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Anar Bağırov: “Siyasi əqidəsindən asılı olmayaraq hər bir namizədə imtahanda bərabər şərait yaradılır”

Anar Bağırov: “Siyasi əqidəsindən asılı olmayaraq hər bir namizədə imtahanda bərabər şərait yaradılır”

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib ki, vəkillik imtahanında siyasi əqidəsindən, qulluq mövqeyindən, dinindən və ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir namizədə bərabər şərait yaradılır.

“Fakt Yoxla” Anar Bağırovun imtahanda iştirak edən namizədlərə siyasi əqidəsindən asılı olmayaraq bərabər şəraitin yaradıldığına dair iddiasının doğru olub-olmadığını yoxlayıb.    

Vəkilliyə qəbulla bağlı ixtisas imtahanı yazılı test və şifahi müsahibə mərhələlərindən ibarət olur. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarının 4-cü bəndi yazılı imtahanın keçirilməsi ilə bağlı meyarları əhatə edir. 

Bu bənddə imtahanın yazılı test mərhələsində sualların sayı, imtahanın müddəti, hər sualın neçə balla qiymətləndirildiyi, yanlış və ya cavabsız qoyulan sualların neçə bal təşkil etdiyi, minimum keçid balı kimi göstəricilər konkret şəkildə qeyd olunub. Bu mərhələdə namizədlərin siyasi baxışlarına görə maneələrə məruz qalmaları barədə etirazlara rast gəlinmir. Yazılı test Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. 

Qaydaların 5-ci bəndi isə imtahanın şifahi mərhələsinin təşkilini tənzimləyir. İmtahanın şifahi mərhələsini nizamlayan qaydalar yazılı testi tənzimləyən qaydalardan fərqli olaraq konkret deyil. Məsələn, 5.3-cü bənddə deyilir ki, namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər.

Şifahi mərhələnin nəticələrinin qiymətləndirilməsi qaydası da konkret və aydın deyil. 5.4-cü bənddə qeyd edilir ki, “komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparılır” və namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir.

Praktik Hüquqşünaslar Qrupu”nun üzvləri imtahanın şifahi mərhələsinin qeyri-obyektiv keçirilməsi və bunun onların siyasi işlərdə fəaliyyətləri ilə bağlı olduğunu bildiriblər. Qrup 2017-ci ilin oktyabrında hüquqi islahatlarla bağlı təkliflər hazırlayıb hökumətə təqdim etmək və ölkədəki hüquqşünasların maraqlarını təmsil etmək məqsədilə yaranıb. Qrup nümayəndəlik institunun ləğvini nəzərdə tutan dəyişikliklərin Milli Məclisə daxil olduğu ərəfədə təsis edilib.

Vəkillər Kollegiyasına qəbul imtahanında iştirak etmiş müstəqil hüquqşünas və insan hüquqları müdafiəçisi Səməd Rəhimli 2018-ci ildə “OC-Media”ya müsahibəsində deyib ki, onun və digər fəalların müsahibədən kəsilməsi siyasi motivli olub. 

“İxtisas imtahanından əvvəl Kollegiyanın rəhbərliyi yaxud rəhbərliyinə yaxın olan şəxslər bizim kimi adamların Kollegiyanı dağıtmaq istədiyini və ya bizim kimi adamların Kollegiyaya buraxılmalı olmadığına dair bəyanat vermişdilər”, – deyə Səməd Rəhimli əlavə edib.

Qrupun digər bir üzvü Ramil Süleymanov “Açıq Azərbaycan”da dərc olunan məqaləsində yazıb ki, vəkillik imtahanının şifahi mərhələsində iştirak etməzdən əvvəl siyasi fəaliyyəti ilə bağlı məsələləri danışmaq üçün Kollegiyanın sədri Anar Bağırovla görüşüb. Hüquqşünasın dediyinə görə, Anar Bağırov Süleymanovdan digər bir vəkildən “zəmanət” almasını istəyib və bildirib ki, yalnız bundan sonra məsələ “öz həllini tapa bilər”. 

2018-ci ildə Qrupun başqa bir üzvü Tural Hacıbəyli də imtahanın şifahi mərhələsindən keçə bilməyənlər arasında olub. Hacıbəyli imtahanın bu hissəsi ilə bağlı bildirmişdi ki, sualların kimin tərəfindən seçilməsi bəlli deyil, həmçinin sualların kriteriyalarının necə müəyyən olunduğu da bilinmir. 

Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlər göndərən, seçki hüququ və insan alverinə dair hesabat və məruzələrin hazırlanmasında iştirak edən və yenə həmin qrupun üzvlərindən biri olan Asima Nəsirli də imtahanın yazılı test mərhələsini keçsə də, şifahi mərhələni keçə bilməmişdi

Əvvəllər Kollegiyanın üzvü olmuş Əlayif Həsənov da 2017, 2018 və 2019-cu illərdə şifahi müsahibədən keçmək üçün üç dəfə Kollegiyasnın ixtisas komissiyasına müraciət edib. Ancaq o, bu mərhələdən keçirilməyib

Həsənov 2020-ci ildə Vəkillər Kollegiyasını məhkəməyə verərək onun müraciətlərinə məhəl qoyulmamasının səbəbini izah etmələrini tələb etdikdən sonra onu Kollegiyaya dəvət ediblər, lakin ixtisas komissiyası onu vəkilliyə "yararsız" hesab edib və bunun səbəbini açıqlamayıb.

Vəkillər Kollegiyası, eləcə də məhkəmə-hüquq sistemi barədə tez-tez tənqidi fikirlərlə çıxış edən hüquqşünas Abdulla Əfəndizadə də şifahi imtahandan keçə bilmədiyi üçün Kollegiyanı məhkəməyə verənlər sırasındadır. Namizəd Səfərov, Camal Bağırzadə kimi hüquqşünasların da eyni motivlərlə Kollegiya üzvlüyünə buraxılmadığı barədə iddialar səslənir.  

Yuxarıda qeyd edilənlər beynəlxalq təşkilatların hesabatlarda da yer alıb. ABŞ Dövlət Departamentinin Azərbaycan üzrə 2020-ci ilə dair hesabatında qeyd olunur ki, bir sıra fəallar və vəkilliyə namizədlər imtahan prosesinin qərəzli olduğunu və imtahan götürən şəxslərin əvvəllər vətəndaş cəmiyyətində fəal olan namizədləri müxtəlif bəhanələrlə imtahandan kəsdiyini bildiriblər. 

Beynəlxalq Hüquqşünaslar Komissiyası (BHK) “Müdafiəsiz müdafiəçilər: Azərbaycanda vəkillik sənətinin sistematik problemləri” adlı hesabatında şifahi imtahanda verilən sualların ya ixtiyari xarakter daşıdığı, ya da fərdi olaraq imtahan götürən şəxsin istəyindən asılı olaraq seçildiyi vurğulanır. 

“Namizədlərin seçilməsi ilə bağlı hər hansı təlimat mövcud deyil. Bu səbəbdən də, imtahan prosesi aydın metodologiyaya malik olmayıb, sistemli xarakter daşımır, nəticələr İmtahan Komissiyası üzvlərinin şəxsi mülahizələrinə əsaslanır. Bu isə nəticələrin özbaşına qiymətləndirmə əsasında həyata keçirildiyini deməyə əsas verir”, – deyə BHK-nın hesabatında bildirilir.

BHK həmçinin bildirib ki, Azərbaycanda QHT-lərdə, hökumətə müxalif hesab edilən hüquqşünaslarla (“müxalif hüquqşünaslar” da adlandırılır) birgə fəaliyyət də vəkilliyə qəbul prosesində maneə rolunu oynaya bilər. 

Beləliklə, vəkilliyə qəbul imtahanının şifahi mərhələsi qeyri-obyektiv təşkil edilməklə indiyədək bir sıra müstəqil hüquqşünasların vəkilliyə qəbulunun qarşısını almaq üçün istifadə edilib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Anar Bağırovun imtahan zamanı siyasi ayrı-seçkiliyə yol verilmədiyinə dair iddiası yanlışdır.

Yanlış
  • 25 May, 2022
  • 361

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə