logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Açıq məhkəmə iclaslarının qapalı keçirilməsi

Açıq məhkəmə iclaslarının qapalı keçirilməsi

İyulun 1-də “Müdafiə Xətti” Hüquq Müdafiə Təşkilatı Məhkəmə-Hüquq Şurasının binası qarşısında aksiya keçirib

Etiraza səbəb jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin ictimai əhəmiyyətli məhkəmə proseslərindən kənarda saxlanılması olub. 

Belə ki, iyunun 20-də jurnalist Əvəz Hafizlinin qətli ilə bağlı məhkəmə prosesi qapalı şəraitdə keçirilib. 

İctimaiyyət nümayəndələri aprelin 22-də Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəməsinə də buraxılmamışdılar.

“Fakt Yoxla” məsələnin ictimai əhəmiyyətini nəzərə alaraq bu mövzunu araşdırıb.

Cinayət-Prosessual Məcəllənin 22-ci maddəsinə əsasən, hər kəsin ona qarşı irəli sürülmüş ittiham, yaxud barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbirləri ilə əlaqədar ədalətli və açıq məhkəmə baxışının aparılmasını tələb etmək hüququ var. 

Bu hüquq cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qanunda müəyyən edilmiş qaydada təmin olunmalıdır. Hər hansı səbəbdən məhkəmə baxışını tələb etmək hüququnun rədd edilməsi yolverilməzdir.

Bununla yanaşı, Cinayət Prosessual Məcəllənin 27-ci maddəsində məhkəmə iclaslarının qapalı formada keçirilməli olduğu hallar sadalanıb. Belə ki, dövlət sirrinin, peşə və kommersiya sirrinin və ya vətəndaşların şəxsi və ailə sirlərinin açıqlandığı məhkəmə iclasları qapalı keçirilməlidir. Qalan digər hallarda ədalət mühakiməsi bütün məhkəmələrdə açıq aparılmalıdır. 

Mülki-Prosessual Məcəlləsinin 10-cu maddəsində isə qeyd olunur ki, işlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi qapalı keçirilə bilər. 

Bu zaman məhkəmə baxışında işdə iştirak edən şəxslər, onların nümayəndələri və vəkilləri iştirak edir. Zərurət yaranarsa, onların şahidləri, ekspertlər, mütəxəssislər və tərcüməçilər çağırılır. Bütün hallarda məhkəmə iclasının qapalı keçirilməsi barədə məhkəmə əsaslandırılmış qərardad qəbul etməli, həmin qərardad açıq məhkəmə iclasında elan edilməlidir. 

Bundan əlavə, Azərbaycanın Avropa İnsan Haqları Konversiyası (AİHK) və ATƏT üzrə götürdüyü öhdəliklərdə də nəzərdə tutulur ki, müəyyən edilmiş məhdud sayda hallar istisna olmaqla, ictimaiyyət bütün məhkəmə iclaslarında iştiraka buraxılmalıdır. Bu öhdəliklər AİHK-in 6-cı maddəsinin 1-ci bəndi və Kopenhagen Sənədinin (1990-cı il) 5.16-cı bəndindən irəli gəlir. 

Açıq məhkəmə araşdırması hüququndan istisnalar Konvensiyanın 6-cı maddəsində tam sadalanır. Həmin maddənin 1-ci bəndində deyilir ki, “demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər”.

Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində yer alan səbəblərdən savayı hər hansı başqa səbəbə görə mətbuat və ya ictimaiyyət məhkəmə iclasına buraxılmadıqda açıq məhkəmə araşdırması hüququ pozulur. Konvensiyanın 8, 9, 10 və 11-ci maddələrində nəzərdə tutulan məhdudiyyətlərdən fərqli olaraq 6-cı maddədə demokratik cəmiyyətdə zəruri olma şərti nəzərdə tutulmur. 

Kempbell və Fell Birləşmiş Krallığa qarşı” işi üzrə qərarında Avropa Məhkəməsi qeyd edib ki, işin halları bunu qəti şəkildə tələb edirsə, demokratik cəmiyyətdə zəruri olan istisnalara yol verilə bilər. 

Məhkəmə ictimaiyyətin iclas zalına buraxılmamasının zəruriliyi məsələsini nəzərdən keçirərkən araşdırılan məsələlər sırasına mütənasiblik anlayışını da daxil edib.

Avropa Məhkəməsinin daha bir qərarına əsasən, açıq məhkəmə araşdırması hüququ yalnız birinci instansiya məhkəməsində açıq dinləmə hüququnu doğurur. Birinci instansiya məhkəməsində araşdırma açıq keçirilməyibsə, bu qüsuru apellyasiya mərhələsində aradan qaldırmaq olar, bu şərtlə ki, apellyasiya şikayəti açıq dinləmə keçirilməsinə yol versin və apellyasiya məhkəməsi hüquq məsələləri ilə yanaşı faktiki (yəni faktlara aid) məsələlər barədə də qərar qəbul etmək səlahiyyətinə malik olsun.

Əli Əliyevin və Əvəz Hafizlinin işi üzrə məhkəmə iclasları formal olaraq açıq keçirilib. Belə ki, sözügedən işlər üzrə məhkəmə iclasın qapalı keçirilməsi barədə hər hansı qərar qəbul etməyib. Əli Əliyevin işi üzrə məhkəmə iclasında, o, ictimaiyyət nümayəndələrinin məhkəmə zalına buraxılmamasına etiraz məqsədi ilə çıxışdan imtina edib. Bu halda isə prosesi izləməyə gələnlər məhkəmə zalına buraxılmamaqla prosedural qayda pozuntusuna yol verilib. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, konkret işlər üzrə ictimaiyyət nümayəndələrinin və jurnalistlərin açıq keçirilən məhkəmə proseslərinə buraxılmaması qanunsuzdur. 

Analiz
  • 19 İyul, 2022
  • 758

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə