Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin dekabrın 11-də keçirilən iclasında deyib ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin xaricdə saxlanılması vətəndaşların yerli banklara etimad göstərməsinə təsir edir.
“Dövlət Neft Fondundakı vəsaitlərin bir hissəsi də banklarda saxlanmalıdır. Dövlət öz vəsaitlərini xarici banklarda saxlayır, yerli banklara etimad göstərmir. Bu halda vətəndaş niyə yerli banklara etimad etsin?”, – deyə deputat vurğulayıb.
“Fakt Yoxla” Qüdrət Həsənquliyevin iddiasının doğru olub-olmadığını araşdırıb.
2020-ci il yanvarın 1-nə ARDNF-in aktivləri 43,3 mlrd. dollar təşkil edib.
Bu aktivlərin 68,7%-i sabit gəlirli qiymətli kağızlar, 14,1%-i səhmlər, 11,4 %-i qızıl, 5,8%-i isə daşınmaz əmlak şəklində saxlanılır.
ARDNF vəsaitləri bank hesablarında saxlamağı riskli hesab etdiyindən qiymətli kağızlara üstünlük verir.
Fondun sabit gəlirli qiymətli kağızlar üzrə aktivləri 29,8 mlrd. dollar təşkil edib. Bu vəsaitlərin təxminən 1,5 mlrd. dolları (5%-i) depozit və nağd pul şəklində saxlanılır.
Azərbaycan Respublikası Dövlət Neft Fondu Sabit gəlirli qiymətli kağızlar portfelinin bölgüsü 2019-cu il |
|
Qiymətli kağızlar | Pay |
Korporativ istiqrazlar | 26,4% |
Suveren borc kağızları | 24,5% |
Maliyyə istiqrazları | 23,4% |
Agentliklər və beynəlxalq təşkilatlar | 18,4% |
Depozit və nağd pul vəsaitləri | 5,0% |
Qısamüddətli kommersiya kağızları | 2,3% |
ARDNF-in sabit gəlirli qiymətli kağızlar portfelində depozit və nağd pul vəsaitlərinin 1,4 mlrd. manatı pul bazarı fondları kimi istifadə edilir.
Pul bazarı fondlarına investisiyalar bu fondların tələbi əsasında ödənilən səhmlərindən ibarətdir. Bu fondlar öz aktivlərini qısamüddətli borc və borcla bağlı alətlərə - kommersiya kağızlarına, depozit şəhadətnamələrinə, faiz dərəcəsi dəyişkən olan istiqrazlara, ABŞ xəzinə istiqrazlarına, Avrobondlara və aktivlərlə təmin edilmiş qiymətli kağızlara yatırır.
Yanvarın 1-nə ARDNF-in bank hesablarında saxladığı vəsaitlərin həcmi 1,2 mlrd. manat təşkil edib. Bu isə Fondun ümümi aktivlərinin 1,5%-nə bərabər olub. Bu vəsaitlərin 99,91%-i xarici, 0,09%-i yerli banklarda saxlanılır. Manat istisna olmaqla digər bütün xarici valyutalarda olan hesablar xarici banklarda açılıb.
Fondun yerli valyutada olan vəsaitləri Beynəlxalq Bankda və Mərkəzi Bankda saxlanılır. 2019-cu il dekabrın 31-nə bu bank hesablarında müvafiq olaraq 71 000 və 972 000 manat məbləğində vəsait olub. Ötən il bu göstəricilər 112 000 və 820 000 manat təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Fondu Bank hesablarında saxlanılan vəsaitlərin bölgüsü 2019-cu il |
||
Valyuta | Min manat | Pay |
Azərbaycan manatı | 1,010 | 0,08% |
ABŞ dolları | 694,638 | 59,8% |
İngilis funt sterlinqi | 67,599 | 5,80% |
Çin yuanı | 1,349 | 0,11% |
İsveçrə frankı | 1,946 | 0,17% |
Avstraliya dolları | 2,108 | 0,18% |
Avro | 340,082 | 29,30% |
Rusiya rublu | 398 | 0,03% |
Cənubi Koreya vonu | 1,476 | 0,13% |
Kanada dolları | 822 | 0,07% |
Honq Konq dolları | 435 | 0,04% |
Norveç kronu | 406 | 0,04% |
Danimarka kronu | 208 | 0,02% |
Yeni Zelandiya dolları | 143 | 0,01% |
Yapon yeni | 43,175 | 3,72% |
Sinqapur dolları | 220 | 0,19% |
İsveç kronu | 75 | 0,07% |
İsrail şekeli | 93 | 0,08% |
Türk lirəsi | 4,434 | 0,38% |
Cəmi | 1,160,617 | 100% |
Prezidentin ARDNF-in 2019-cu il büdcəsi haqqında fərmanında qeyd edilir ki, Fondun aktivlərinin 90%-i beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (Standard & Poor's, Fitch) və ya “A2” (Moody's) dərəcələrindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilə bilər.
Azərbaycanın həmin agentliklər tərəfindən təsdiq edilmiş kredit reytinqi müvafiq olaraq BB+ və Ba2-dir. Bu amil Fondun manatla daha geniş investisiya fəaliyyəti həyata keçirmə imkanlarını məhdudlaşdırır.
Beləliklə, 2020-ci il yanvarın 1-nə 43,3 mlrd. dollar aktivi olan ARDNF risk faktorlarına görə bank hesablara aktiv yatırmağa üstünlük vermir. Bu hesablarda saxlanılan vəsaitlər 1,2 mlrd. manat olmaqla Fondun ümumi aktivlərinin 1,5%-ni təşkil edib ki, bunun da 99,91%-i xarici bankların, 0,09%-i yerli bankların payına düşüb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Qüdrət Həsənquliyevin iddiası doğrudur.