logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Ölkədə bank əmanətləri necə qorunur?

Ölkədə bank əmanətləri necə qorunur?

Mərkəzi Bank mayın 17-də “Günay Bank” ASC-nin lisenziyasının ləğvi və müvəqqəti inzibatçının təyin edilməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, bu qərar bankın  məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna və məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına görə qəbul edilib. Ölkədə daha bir bankın bağlanması bank əmanətlərinin necə qorunması ilə bağlı müzakirələrə səbəb olub. 

“Fakt Yoxla” ölkədə bank əmanətlərinin qorunması ilə bağlı mövcud vəziyyəti analiz edib. 

Azərbaycanda əmanətlərin sığortalanması prosesinin hüquqi bazasını “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil edir. Bu qanuna görə, “əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.”

Mövcud qanuna görə, fiziki şəxslərin banklarda saxladıqları 100 min manatadək olan əmanətləri qorunan əmanətlər hesab olunur. Əgər əmanətin məbləği 100 min manatdan çoxdursa, o zaman onun 100 min manata qədər olan hissəsi sığortalanır. Əgər əmanətlər xarici valyuta ilə saxlanılırsa, onlar üçün qorunma məbləği 100 min manat ekvivalentinə qədərdir. Əmanətlərin qorunması üçün, həmçinin, manatla saxlanılan əmanətlər illik maksimum 12 faizədək gəlir şərti ilə, xarici valyutadakı əmanətlər isə illik maksimum 2.5 faiz yerləşdirilməlidir. 

Qanunvericilikdə fiziki şəxslərlə yanaşı, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin də vəsaitlərinin qorunması nəzərdə tutulur. Belə ki, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 min manatadək olan pul vəsaitləri qorunan əmanətlərə aid edilir.

Əmanətlərin sığortalanması haqqında qanunda göstərilir ki, aşağıdakı əmanətlər yuxarıda qeyd olunan şərtlərə uyğun olsa belə qorunmur:

  • bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
  • cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;
  • üzərinə həbs qoyulmuş əmanətlər;
  • fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri.

Bu baxımdan, aydın olur ki, Azərbaycanda fiziki şəxslərin və fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin bank əmanətləri müəyyən edilən limit çərçivəsində qorunsa da, hüquqi şəxslərin, yəni, şirkətlərin banklardakı vəsaitləri qorunmur. Mərkəzi Bankın sonuncu məlumatına görə, bu ilin birinci rübünün sonuna Azərbaycan banklarındakı toplam depozit portfelinin 63.3%-i (20.2 milyard manat) hüquqi şəxslərin, 36.7%-i isə (11.7 milyard manat) fiziki şəxslərin depozitlərindən ibarətdir.

Onu da qeyd edək ki, devalvasiyaların baş verdiyi və ölkənin bank sektorunun ciddi ziyan çəkdiyi 2015-ci ildən öncə, ölkədə 44 bank fəaliyyət göstərirdi. “Günay Bank”ın bağlanmasından sonra bu say hazırda 24-ə bərabər oldu. Yəni, son 9 il ərzində ölkədə fəaliyyət göstərən bankların sayı 45% azalıb. Bu baxımdan, öncəki illərdə bağlanan banklardakı əmanətlərin qaytarılması ilə bağlı təcrübə də maraq kəsb edir. 

“Günay Bank”dan öncə son dəfə Mərkəzi Bank tərəfindən bank lisenziyasının ləğvi prosesi 2020-ci ilin aprelində qeydə alınmışdı. Həmin vaxt Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarı ilə dörd banka – “AtaBank”, “AGBank”, “NBC Bank”  və “Amrah Bank”a  müvəqqəti inzibatçılar təyin olundu və bir neçə gün içində bu bankların lisenziyaları ləğv edildi. Əmanətlərin Sığortalanması Fondu iyun ayından etibarən bu banklarda olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlandı. 

Yəni, adıçəkilən bankların bağlanmasından təxminən 1 ay sonra ödənişlər verilməyə başlayıb. Bu əmanətlərin geri ödənilməsi təxminən 6 ay çəkib və 2020-ci ilin dekabrın sonunda İpoteka və Kredit Zəmanət Fondu açıqlayıb ki, bağlanan banklarda vəsaitləri qalan vətəndaşlara kompensasiyaların verilməsi yekunlaşmaq üzrədir.

Əmanətlərin Sığortalanması Fondunun rəsmisi bu ilin martında mətbuata verdiyi açıqlamada bildirib ki, Azərbaycanda indiyədək bağlanmış banklarda vəsaiti olan əmanətçilərə 1,5 milyard manat kompensasiya ödənilib və 54 min əmanətçi kompensasiya alıb. Fond öhdəliklərinin 99%-ni icra edib. Bağlanan banklar üzrə qorunan əmanətlərdən 1%-ə qədər kompensasiya ödənilməmiş əmanət qalıb ki, onların sahibləri xaricdə olan və ya digər üzrlü səbəblərdən fonda müraciət etməyən şəxslərdir.

Analiz
  • 27 May, 2023
  • 1936

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə