logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Minimum əməkhaqqı və pensiya artımından kim necə yararlanacaq?

Minimum əməkhaqqı və pensiya artımından kim necə yararlanacaq?

2023-cü il yanvarın 1-dən minimum aylıq əməkhaqqı 300 manatdan 345 manata, minimum pensiya isə 240 manatdan 280 manata qaldırılıb. 

Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı sərəncamda belə deyilir. 

“Fakt Yoxla” ölkədə əməkhaqqı və pensiya artımlarının müxtəlif əhali qruplarına mümkün təsirlərini araşdırıb. 

Əmək Məcəlləsinin 155-ci maddəsində qeyd edilir ki, minimum əməkhaqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. 

Ölkədə muzdla (əmək müqaviləsi və aylıq əməkhaqqı qarşılığında) tam ştat çalışan şəxslərə bu məbləğdən az əməkhaqqı vermək olmaz. 

Rəsmi məlumata görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 304 min nəfərə bərabərdir. Onlardan 1 milyon 710 min nəfərini (32 faizi) muzdlu işçilər təşkil edir. 

Minimum əməkhaqqının artırılması ilə bağlı rəsmi açıqlamada qeyd edilib ki, bu qərar nəticəsində minimum əməkhaqqı alan və maaşı Vahid Tarif Cədvəli (VTC)  əsasında hesablanan 700 min nəfərin maaşı artacaq. 

Bu şəxslərin 450 min nəfəri iqtisadiyyatın dövlət, 250 min nəfərə yaxını isə özəl sektorda çalışır. Bu baxımdan, məlum olur ki, minimum əməkhaqqı artımı ilə bağlı qərar iqtisadi fəal əhalinin cəmi 13 faizinin gəlirlərinə təsir edəcək.

Digər tərəfdən, minimum əməkhaqqının artımı əhalinin bir hissəsinin xərclərini də artıracaq. 

“Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinin 5.1-ci bəndinə görə, fərdi sahibkarların muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

Bakı şəhərində 100 faizi;

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

digər şəhərlərdə 80 faizi;

rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

kənd yerlərində 50 faizi miqdarında.

Məsələn, əgər bu sərəncamadək Bakı şəhərində fiziki şəxs kimi fəaliyyət göstərən fərdi sahibkar 75 manat sosial ödəniş ödəyirdisə (tikinti və ticarət sektorunda çalışanlar 150 manat), minimum əməkhaqqı 345 manata çatandan sonra onların sosial ödənişlərlə bağlı aylıq xərci 86 manat 25 qəpiyə yüksələcək. 

Minimum əməkhaqqı artımı fərdi sahibkarların ödədikləri icbari tibbi sığorta haqlarını da artacaq. 

“Tibbi sığorta haqqında” Qanunda qeyd edilir ki, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti göstərənlər üçün icbari tibbi sığortanın aylıq ödənişi minimum əməkhaqqının 4 faizinə bərabərdir. Bu baxımdan, minimum əməkhaqqı 300 manat olanda, fərdi sahibkarlar ayda 12 manat icbari tibbi sığorta ödəyirdisə, artıq bu məbləğ 13 manat 80 qəpik olacaq. 

Rəsmi məlumata görə, minimum pensiya məbləğinin 240 manatdan 280 manata çatdırılması 100 min pensiyaçının gəlirlərini artıracaq. 

Sonuncu açıqlamaya görə, Azərbaycanda əmək pensiyası alanların sayı 1 milyon 204 min nəfərə bərabərdir. Deməli, bu qərar pensiyaçıların cəmi 8.3 faizini əhatə edəcək. 

Digər tərəfdən, minimum pensiya məbləğinin artırılması vətəndaşların bir hissəsinin pensiyaya çıxmaq şansını da azaldacaq. 

“Əmək pensiyaları haqqında” Qanuna görə, 65 yaşına çatandan sonra vətəndaşlara yaşa görə pensiya təyin edilə bilməsi üçün əlavə tələblər mövcuddur. Belə ki, vətəndaşlar pensiya ala bilmək üçün 65 il yaşamaqla yanaşı, həmçinin ya 25 il iş stajına malik olmalı, ya da minimum pensiya kapitalı toplamalıdır. 

Qanuna görə, minimum pensiya kapitalı minimum pensiya məbləğinin 144 qatına (12 illik miqdar) bərabərdir. 

Minimum pensiya məbləği 240 manat olanda ölkədə minimum pensiya kapitalı 34 min 560 manata bərabər idisə, artımdan sonra 40 min 320 manat olacaq. Bu o deməkdir ki, artıq 25 il iş stajı olmayanlar pensiyaya çıxmaq üçün təxminən 6 min manata yaxın daha çox pensiya kapitalı toplamalıdır. 

Beləliklə, minimum əmək haqqı artımından iqtisadi fəal əhalinin 13 faizi yararlanacaq. Buna adekvat olaraq, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti göstərən şəxslərin sosial və tibbi sığorta xərcləri də artmış olacaq. 

Minimum pensiya artımı isə pensiyaçıların 8 faizini əhatə edəcək. Bu artım vətəndaşların bir hissəsinin pensiyaya çıxmaq şansını azaldacaq.

 

Analiz
  • 14 Yanvar, 2023
  • 2560

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə