logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Büdcə gəlirlərinin 50 faizdən çoxu neft-qaz sektorunun payına düşəcək

Büdcə gəlirlərinin 50 faizdən çoxu neft-qaz sektorunun payına düşəcək

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 774 milyon manat, xərclərinin 33 milyard 353 milyon manat olması proqnozlaşdırılır

Bu, gəlirlərin 2022-ci ilin göstəricilərinə nisbətən 5.4 faiz, xərclərin 3.2 faiz artması deməkdir.

“Fakt Yoxla” son iki ilin dövlət büdcəsini müqayisəli analiz edib.

Ötən il olduğu kimi, 2023-cü ildə də Dövlət büdcəsinin formalaşmasında əsas gəlir mənbəyi Dövlət Neft Fondunun (DNF) transferləri təşkil edəcək. 

İl ərzində büdcəyə daxil olacaq hər 100 manatın 36 manat 70 qəpiyinin məhz DNF-dən gələcəyi proqnozlaşdırılır. 

Bu il DNF-dən büdcəyə proqnozlaşdırılan transferin həcmi təxminən 2 faiz azalıb. Nəzərə almaq lazımdır ki, 2022-ci il büdcəsində neftin bir bareli 85 dollardan, 2023-cü ildə isə 50 dollardan hesablanıb. İl ərzində enerji qiymətləri 50 dollardan daha yüksək olarsa, bu göstərici dəyişə də bilər.

Qeyd edək ki, 50 avroya enerji gəlirlərinin sadəcə birbaşa hissəsi daxildir. Çünki ölkədə fəaliyyət göstərən enerji şirkətləri də neft-qaz hesabına qazandıqları mənfəətdən vergilər ödəyirlər. Həmin dolayı gəlirləri də nəzərə alsaq, ölkə büdcəsinin təxminən yarısı neft-qaz gəlirləri hesabına formalaşır.

Hesablama Palatasının 2023-cü ilə dair rəyində də qeyd olunur ki, dövlət büdcəsi gəlirlərinin 16297,0 mln. manatının və ya 53,0%-nin neft sektorunun payına düşməsi proqnozlaşdırılıb.

Neft sektoru üzrə daxilolmaların 11280,0 mln. manatının DNF transferlərinin, 1650,0 mln. manatının ARDNŞ-ın ödədiyi vergilərin, 492,0 mln. manatının neft-qaz sahəsində fəaliyyət göstərən “Hasilatın pay bölgüsü haqqında” Sazişlərindən əldə olunan mənfəət vergisinin, 2875,0 mln. manatının “Şahdəniz” yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisinin payına düşəcəyi ehtimal edilir.

2023-cü ilin dövlət büdcəsində ikinci ən böyük gəlir mənbəyi hüquqi şəxslərin ödəyəcəyi mənfəət vergiləridir. İl ərzində bu vergi növü üzrə büdcəyə 6 milyard 417 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılıb. Bu, bütün büdcə gəlirlərinin 20.9 faizini təşkil edir.

Hüquqi şəxslərdən mənfəət vergiləri üzrə daxilolmalarda 2022-ci illə müqayisədə ciddi artım görünür. Hökumət hüquqi şəxslərin büdcəyə ötən illə müqayisədə 21.3 faiz daha çox mənfəət vergisi ödəyəcəyini proqnozlaşdırıb. Hesablama Palatasının rəyindən məlum olur ki, mənfəət vergilərindəki artım 2023-cü ildə neft şirkətlərindən daha çox mənfəət vergisi toplanması proqnozu ilə bağlıdır. Buna görə də, mənfəət vergisi  büdcənin ən çox gəlir proqnozlaşdırılan ikinci istiqamətinə çevrilib. 

Ötən ilin büdcəsində DNF-nin transferlərindən sonra ən çox gəlir Əlavə Dəyər Vergisi (ƏDV) üzrə proqnozlaşdırılırdı. 2023-cü ilin büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 1 milyard 680 milyon manata bərabərdir. Bu il hökumət gəlir vergisi üzrə daxilolmaların 13 faiz artacağını proqnozlaşdırır. 

2023-cü ilin dövlət büdcəsində üçüncü ən böyük gəlir mənbəyi ƏDV-dir. İl ərzində bu vergi növü üzrə dövlət büdcəsinə 6 milyard 42 milyon manat vəsaitin daxil olması nəzərdə tutulur. Bu, toplam büdcə gəlirlərinin 19.6 faizini təşkil edir. 

Nəzərə almaq lazımdır ki, ƏDV dolayı vergi hesab edilir. Məhsulun qiymətinə əlavə edilən bu verginin ödəyiciləri istehlakçılar olur. 2022-ci il büdcəsində əlavə gəlir vergisi hesabına büdcəyə toplam 5 milyard 719 mlyon vəsait daxil olması proqnozlaşdırılmışdı. Hökumət bu il 6 faiz daha çox ƏDV toplamağı nəzərdə tutub. 

2023-cü il gömrük rüsumlarının ötən ilə nəzərən 4 faiz, aksizlərin isə 8 faiz daha çox olacağı, üstəlik büdcə təşkilatlarının göstərdiyi ödənişli xidmətlər hesabına əldə edilən vəsaitlərin isə 13 faiz azalacağı proqnozlaşdırılır. Bu üç istiqamət üzrə gömrük rüsumları və aksiz gəlirlərinin büdcədəki payı demək olar ki eyni qalır. Büdcə təşkilatlarının göstərdiyi ödənişli xidmətlərdən əldə edilən gəlirlərin büdcədəki toplam payı isə nisbətən azalacaq. Yuxarıda qeyd edilən 7 istiqamət toplam büdcə gəlirlərinin 90 faizindən çoxunu əhatə edir. 

Ənənəvi olaraq, bu il də Azərbaycanın dövlət büdcəsinin xərclərinin əsas istiqamətini tikintiyə ayrılan vəsaitlər təşkil edir. İlin sonunadək tikinti və şəhərsalma xərcləri üzrə büdcədən toplam 5 milyard  652 milyon manatın sərf edilməsi nəzərdə tutulur. Bu, büdcənin ümumi xərclərinin təxminən 17 faizini təşkil edir. Tikinti və şəhərsalma üçün nəzərdə tutulan vəsaitin 2 milyard 650 milyon manatı dövlət əsaslı vəsait qoyuluşuna (investisiya xərcləri), 3 milyard manatı isə Qarabağın bərpasına yönəldiləcək.

2022-ci ilin dövlət büdcəsində bu istiqamət üzrə indikindən 320 milyon manat pul ayrılmışdı. Lakin ötən ilin ortasında enerji qiymətləri hökumətin gözlədiyindən daha artıq olduğu üçün ilin ortasında büdcədə dəyişiklik edilmişdi. Məhz həmin dəyişikliklərdən sonra tikinti xərcləri bir qədər də artırılmışdı. 2022-ci ilin əvvəlində büdcədən tikinti məqsədi ilə ayrılan xərclər 4 milyard 992 milyon manata təşkil edirdi. Bu il enerji qiymətləri gözlənəndən yüksək olsa, tikinti xərclərinin bir qədər də artırıldığının şahidi ola bilərik. 

Tikinti və şəhərsalma xərclərindən sonra dövlət büdcəsindən ən çox vəsait müdafiə və milli təhlükəsizlik istiqaməti üzrə ayrılıb. 2023-cü ildə bu istiqamət üzrə 5 milyard 331 milyon manatın (5 faiz artım) xərclənməsi proqnozlaşdırılır. Ötən il isə müdafiə və təhlükəsizlik xərclərinə 5 milyard 84 milyon manat ayrılmışdı. Bu il büdcə xərclərinin təxminən 16 faizi müdafiə və milli təhlükəsizliklə bağlı olacaq. 

Dövlət büdcəsində ən çox vəsait ayrılan üçüncü istiqamət təhsildir. Bu istiqamətində 2022-ci ilə nəzərən ciddi artım baş verib. Belə ki, ötən il dövlət büdcəsində təhsil istiqamətinə 3 milyard 887 milyon manat ayrılmışdı. Bu il ərzində büdcədən təhsil istiqamətinə 4 milyard 423 milyon manat (14 faiz artım) xərclənməsi proqnozlaşdırılır. Təhsil xərcləri dövlət büdcəsi xərclərinin 13 faizini təşkil edir. 

Təhsilə ayrılan xərclərin yüksəlməsi “təhsil sahəsində digər müəssisə və tədbirlər” bölməsi üzrə xərclərin təxminən 500 milyon manata yaxın artırılması ilə bağlıdır. Bu bölməyə əsasən tələbə təqaüdləri və dövlət sifarişi hesabına oxuyan tələbələrin təhsil haqları daxildir. 

2023-cü ilin dövlət büdcəsində ən çox vəsait nəzərdə tutulan dördüncü istiqamət sosial müdafiə və sosial təminatdır. İl ərzində büdcədən bu istiqamətdə ümumilikdə 4 milyard 416 milyon manat vəsait xərclənməsi proqnozlaşdırılır. Bu, büdcənin bütün xərclərinin 13 faizini təşkil edir. Sosial xərclərlə bağlı büdcədən ayrılan vəsait 2022-ci ilə nisbətən təxminən 700 milyon manat və ya 18 faiz daha çoxdur.

Xərclərlə bağlı diqqət çəkən daha iki istiqamət kənd təsərrüfatı və dövlət borcları ilə bağlıdır. 

2023-cü ildə kənd təsərrüfatı sektoruna 2022-ci illə müqayisədə 20.5 faiz daha çox vəsait ayrılıb.

Ötən illə müqayisədə bu il büdcədən dövlət borclarına təxminən 44 faiz daha az vəsait xərclənəcək. 

2022-ci ilin ilk 11 ayı ərzində Azərbaycanda inflyasiya göstəricisi 13.8 faizə bərabər olub. Bu baxımdan, 2023-cü ildə büdcə xərclərinin nominal olaraq üç faizdən çox artması nəzərdə tutulsa da, büdcə xərcləri real olaraq artmayacaq. Çünki büdcə xərclərindəki artım göstəricisi inflyasiyadan geri qalır.

 

Analiz
  • 11 Yanvar, 2023
  • 2632

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə