Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc parlamentin plenar iclasında müzakirə zamanı deyib ki, ÜST-nin məlumatlarına əsasən, dünyada ən çox intihar hadisəsi Avropa ölkələrində baş verir.”
"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının ən son 2021-ci ildə yenilənmiş əhalinin hər 100 min nəfərinə düşən intihar sayı ilə bağlı statistikasına əsasən, dünyada ən çox intihar hadisəsi olan ölkələr aşağıdakılardır:
Ən çox intiharların baş verdiyi ölkələr
Mənbə: Ümumdünya Səhiyyə Təşkilatı
Mövzu ilə bağlı “Ceoworld”, “Statista” kimi fərqli mənbələrin araşdırmaları da dünyada ən çox intihar hadisələrinin Avropa ölkələrində yox, əsasən Afrika ölkələrində baş verdiyini göstərir.
Avropa Birliyinin statistikasına əsasən, 2021-ci ildə Avropa Birliyi üzrə müvafiq əmsal hər 100 min nəfərə 10.2 olub ki, bu da 2011-ci ilə əsasən 13.3% azalma deməkdir və Ümumdünya Səhiyyə Təşkilatının dünya üzrə ortalamasına (hər 100 min nəfərə 9.2 intihar) yaxın rəqəmdir. Ümumdünya Səhiyyə Təşkilatının sıralamasına əsasən, ən çox intihar hadisəsi baş verən Avropa ölkəsi hər 100 min nəfərə 22.1 intihar hadisəsi ilə Litvadır ki, bu da dünya sıralamasında ən çox intihar hadisələri olan ölkələr arasında 8-ci yer deməkdir.
Müqayisə üçün, 2022-ci ildə Azərbaycanda 609, 2023-cü ildə 620, 2024-cü ildə isə 639 intihar hadisəsi baş verib ki, bu da əhalinin hər 100 min nəfərinə təxminən 6 intihar hadisəsi deməkdir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Zahid Orucun ən çox intihar hadisələrinin Avropada olması ilə bağlı səsləndirdiyi iddia yanlışdır.