Milli Məclisin deputatı Tamam Cəfərova parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü il 21 dekabrda keçirilən iclasında çıxışı zamanı deyib ki, Azərbaycanda il ərzində 600-ə yaxın intihar hadisəsi qeydə alınır, bunun da çoxu qadın və məktəbyaşlı uşaqlardır.
“Fakt Yoxla” intihar edənlərinin çoxunun qadın və məktəbyaşlı uşaqlar olması ilə bağlı iddianı yoxlayıb.
İntihar edənlərinin çoxunun qadın və məktəbyaşlı uşaqlar olması intihar edən şəxslərin 50%-dən çoxunun qadın və məktəbyaşlı uşaq olması kimi başa düşülür. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında qeyd olunub ki, həmin il ərzində 609 intihar hadisəsi qeydə alınıb ki, bunların da çoxu kişilər arasında olub.
Eyni tendesiya 2021-ci ildə də yaşanıb. Özünü öldürmüş şəxslərin arasında kişilər çoxluq təşkil edib.
Həmin sənəddə qeyd olunub ki, xüsusən də müharibə dövründən sonra müşahidə edilən intihar hallarında kişilərin sayının qadınlara nisbətən daha çoxluq təşkil etməsinin səbəbi müharibə travmalarıdır. Bildirilib ki, Azərbaycanda intihar edənlərin gender balansı dünya ortalamasında kəskin şəkildə fərlənir.
Sənəddə 2015-ci il nümunə kimi verilib və göstərilib ki, həmin il Azərbaycanda intihar edən hər 1 qadına 4,82 kişi intiharı qeydə alınıb. Yəni həmin il, qadınlara nisbətən 5 dəfə daha çox kişi intihar edib və bu dünyadakı müvafiq kişi-qadın nisbətindən 2,2 dəfə çox olub.
Dövlət Komitəsinin pandemiyanın ilk və ondan öncəki ilə dair statistikasında isə həm özünü öldürən, həm də özünü öldürməyə cəhd etmiş şəxslərin sayı birlikdə göstərilib. Həmin, yəni 2019 və 2020-ci illərin intihar hallarında da yenə kişilər çoxluq təşkil edib.
2019 və 2020-ci illərin intihar statistikası
Beləliklə, Azərbaycanda intihar hadisələrinin çoxu qadın və məktəbyaşlı uşaqlar tərəfindən törədilməyib. Əksinə, kişilər arasında intihar hadisələri çoxluq təşkil edib.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası yanlışdır.