Noyabrın 15-də əfsanəvi boksçu Mayk Tayson ilə 27 yaşlı amerikalı sosial media fenomeni Ceyk Pol arasında baş tutan döyüş Ceyk Polun qələbəsi ilə başa çatıb.
Döyüşün başlamasından əvvəl “Sahar Azeri” kanalı öz saytında, feysbuk və X səhifələrində Mayk Taysonun Fələstin bayrağı ilə rinqə çıxdığını iddia edən xəbər və foto paylaşıb. “O, bununla Qəzzə və Fələstinə öz dəstəyini nümayiş etdirib”, - paylaşımda belə deyilir.
Skrinşot “Sahar Azeri” feysbuk səhifəsindən götürülüb
Eyni foto və xəbər 120 mindən çox izləyicisi olan “teshebbus.az” adlı instaqram səhifəsində də paylaşılıb.
Skrinşot “teshebbus.az” adlı instaqram səhifəsindən götürülüb
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Taysonla Ceyk Pol arasında döyüş “Netflix” platformasında yayımlanıb. Rinqdə onun çiynində Fələstin bayrağı olmayıb. Döyüşdən əvvəl onlar ictimaiyyət qarşısına çıxıblar və bu zaman da Taysonun üzərində Fələstin bayrağı olmayıb.
Taysonun Fələstin bayrağı ilə fotosunu döyüş zamanı çəkilən fotolarla müqayisə etdikdə bir sıra fərqləri görmək olar.
Fotoların müqayisəsindən aydın olur ki, iddia edilən fotoda Taysonun üzündəki döymə fərqlidir. Həmçinin boksçunun sinəsində də döymə olduğu halda “Sahar Azeri”nin paylaşdığı fotoda həmin döymə görünmür. İddia edilən fotoda Taysonun saqqalının da fərqli olduğunu görmək mümkündür.
Döyüş zamanı çəkilən başqa bir foto ilə müqayisədə isə alt geyimlərinin də fərqli olduğu müşahidə edilir.
Müqayisələrdən belə qənaətə gəlmək mümkündür ki, Taysonun Fələstin bayrağı ilə rinqə çıxdığı ilə bağlı foto real deyil. “Newschecker” platforması fotonu süni intellektlə yaradılam görüntü aşkarlama alətində yoxlayıb. Sözügedən alət fotoda “manipulyasiya edildiyinə dair əsaslı sübut” tapıb.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Mayk Taysonun Fələstin bayrağı ilə rinqə çıxması barədə xəbərlər saxtadır.