“İnstaqram” sosial şəbəkəsində 58,6 min izləyicili “xeberler_mekani”, 124 min izləyicili “info24.az”, 41,7 min izləyicili “newsinfo.az” və 98,2 min izləyicili “umidkerimbeyli” səhifələri eyni xəbəri paylaşaraq italiyalı nazir Maria Elenanın alt paltarının göründüyünü iddia ediblər.
Skrinşotlar “instaqram”dan götürülüb.
Video formatında olan görüntü 80,2 min izlənmə və 1000-ə yaxın bəyənmə toplayıb.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
İlk olaraq qeyd edək ki, italiyalı siyasətçi Maria Elena Boschi hazırda nazir yox, deputatdır. Lakin o, 2014-2016-cı illər aralığında Konstitusiya İslahatları Naziri, 2016-2018-ci illərdə isə Nazirlər Şurasının katibi vəzifələrində çalışıb.
Fotonu internetdə axtarışa verdikdə məlum olur ki, bu görüntü təxminən 10 il əvvəl, 2014-cü ildə italyan siyasətçinin andiçmə mərasimində qeydə alınıb.
Skrinşot “youtube”dən götürülüb.
Həmin görüntünün orijinal fotosundan görünür ki, alt paltarı sonradan fotoya əlavə edilib. Görüntünün aid olduğu andiçmə mərəsimindəki videolar (mənbə 1, 2, 3) da şəklin montaj olduğunu göstərir.
Qeyd edək ki, siyasətçinin alt paltarının görünməsinə dair iddia əvvəlki illərdə də Azərbaycan mediası ilə yanaşı, dünya mediasında da tirajlanıb və müzakirələrə səbəb olub.
Beləliklə, “Fakt Yoxla”nın gəldiyi qənaətə görə, italiyalı siyasətçi Maria Elenanın geyiminə dair görüntü saxtadır.