logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Məşhur Məmmədov: “Şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobillə təmin olunurlar”

Məşhur Məmmədov: “Şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobillə təmin olunurlar”

Milli Məclisin deputatı  Məşhur Məmmədov “Yap.org.az”a açıqlamasında bildirib ki, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobillə təmin olunurlar.

“Fakt Yoxla” deputatın bu iddiasının doğruluq payını araşdırıb.

DSK-nın 2020-ci ilin əvvəlinə olan məlumatına görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmuş 15261 şəxs var. Bundan əlavə, 3312 şəxs isə hərbi xidmət zamanı əlil olub. 

2020-ci ilin əvvəlinə olan məlumata görə, şəhid ailələrinin sayı 11904 ailə təşkil edib. 

II Qarabağ Müharibəsində şəhidlik statusu alan 2841 nəfəri də nəzərə alsaq, hazırda bu rəqəm təxminən 15000-ə yaxındır. Lakin araşdırmada II Qarabağ müharibəsi nəzərə alınmayacaq.

Şəhid ailələrinə edilən güzəşt və imtiyaz prosedurları “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunla tənzimlənir. 

2014-cü ildə prezidentin sərəncamına əsasən, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlanıb. 

2019-cu ilin yanvarında bu sərəncama dəyişiklik edilib və  tədbirlər planının müddəti 2028-ci ilə qədər uzadılıb.

Mənzil təminatı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son məlumatına görə, ötən il üçün 850-ə qədər mənzil şəhid ailələri və müharibə əlillərinə verilib. Ümumilikdə 2020-ci ilin sonuna kimi bu qəbildən olan şəxslərə təxminən 8900-ə yaxın mənzil və fərdi yaşayış evi verilib. Hazırda 2805-i şəhid ailəsi olmaqla ümumilikdə 6903 nəfər mənzil növbəsindədir. 

Onların arasında 1995-ci ildən ev növbəsinə duranlar da var. Belə ki, mənzil növbəsinin götürüldüyü tarixlər əsasən 1993-2014-cü illər arasında dəyişir. Bu siyahıya Füzuli və Yardımlı rayonlarının göstəriciləri daxil deyil. Nazirlik siyahıda bu rayonları da qeyd etsə də, hər hansı məlumat linkinə daxil olmaq mümkün deyil. 

Avtomobil təminatı

Nazirlik xətti ilə ərazi bütövlüyünün müdafiəsi və digər səbəblər üzündən əlil olmuş şəxslər tibbi göstəriş olduğu hallarda dövlət hesabına minik avtomobilləri ilə təmin olunurlar. 

Son məlumata əsasən 1998-2020-ci illər ərzində 6487 şəxs avtomobillə təmin olunub. Onlardan 4214-ü Qarabağ müharibəsi əlili, 689-u hərbi xidmət zamanı əlil olmuş şəxs, 88-i isə 20 yanvar hadisələrində əlil olmuş şəxslərdir. 

Hazırda 49 nəfər 20 yanvar və Qarabağ əlili avtomobil növbəsindədir. Yəni I qrup əlillərin avtomobil üçün tibbi göstərişinin olmaya biləcəyini də nəzərə alsaq, təxmini 10 mindən çox müharibə əlilindən 5 minə qədəri avtomobillə təmin olunub.

Beləliklə, hazırki dövr üçün bütün şəhid ailələri və müharibə əlilləri evlə təmin olunmayıb, avtomobil təminatı isə yalnız əlillərə şamil olunur ki, onların da təxminən yarısı bu güzəştdən yararlanıb. Burada həm I Qarabağ müharibəsi zamanı (atəşkəsə qədər - 1994-cü il. red), həm atəşkəs dövründə (1994-2020-ci il 27 sentyabr), həm də II Qarabağ müharibəsi (27 sentyabr-10 noyabr 2020) dövründə həlak olan, yaralanan şəxslər nəzərdə tutulur. Lakin bu illər ərzində şəhid və əlil sayı artdığı halda, onlara mənzil və avtomobil verilməsi prosesi də dövlət tərəfindən dayandırılmayıb.  Göründüyü kimi, proses dinamik tempdə davam edib, bir tərəfdən şəhid və əlillərin sayı artıb, digər tərəfdən də onların mənzil və avtomobillə təmin olunması prosesi dayanmayıb. Ona görə də bu, dinamik bir proses kimi qiymətləndirilir. 

Bütün bunları nəzərə alan “Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputatın dedikləri əsasən doğrudur.

Əsasən doğru
  • 12 Yanvar, 2021
  • 2192

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə