Dünyanın futbol nəhənglərindən olan Dieqo Maradona və Mişel Platininin geyindikləri formalara dair iddialar vaxtaşırı müxtəlif ölkələrin sosial media seqmentlərində yayılır.
Narkotik və korrupsiyaya etiraz edən futbolçuların daha sonra eyni ittihamlarla günahlandırıldıqları bildirilir. Həmin paylaşımların uzantıları Azərbaycana da çatıb.
“Bu şəkildə Maradonanın formasında “Narkotikə yox!” Platinin formasında isə “Korrupsiyaya yox!” yazılmışdı.
İllər keçdi, Maradona narkotik istifadəsinə görə həbs olundu, Platini isə korrupsiya əməllərinə görə futboldan uzaqlaşdırıldı”, — deyə Azərbaycanda futbol xəbərlərini dərc edən “Offsideplus” feysbuk səhifəsi yazıb.
Foto “Offsideplus”un feysbuk səhifəsindən götürülüb.
“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb.
Foto ötən əsrin 80-ci illərinin ən güclü futbolçularından biri Mişel Platininin vida oyununda çəkilib. Oyun 1988-ci il mayın 23-də Fransanın şərqində yerləşən Nansi şəhərinin stadionunda keçirilib.
Görüşdə Fransa millisi ilə dünyanın ulduzlar yığması qarşılaşıb. Oyunda iştirak etmək üçün Matteus, Ziko, Françeskoli, Zavarov, Pfaff, Dasayev, Belanov, Qullit kimi tanınmış futbolçular gəlib. Braziliyanın futbol əfsanəsi Pele də Nansidəki oyunu izləyirdi.
Foto “Associated Press” agentliyinin arxivindən götürülüb.
“Associated Press” agentliyinin fotomüxbiri Layonel Sironnonun çəkdiyi fotoda Maradonanın formasında ingiliscə “No drug”, Platininin formasında isə fransızca “Drogue No” yazılıb. Hər iki ifadə “Narkotiklərə yox” deməkdir. Burada korrupsiyaya etiraz mesajından bəhs olunmur. Bundan başqa, həmin oyunda tək Maradona ilə Platini yox, komanda üzvlərinin hamısı eyni mesajı verən forma geyinmişdilər.
Maradoanın narkotik aludəçisi olduğu hələ “Barselona”da oynadığı illərdə (1982-1984) məlum idi. O, illər sonra “Gente” jurnalına verdiyi müsahibəsində bu haqda danışmışdı. Futbolçu 1991-ci ildə otuz yaşında olarkən kokain istifadəsi ittihamı ilə polis tərəfindən saxlanılmış, iki gün sonra girov müqabilində azadlığa buraxılmışdı. Argentinalı futbol ulduzu 2020-ci ildə ürək tutumasından vəfat edib.
2007-ci ildə UEFA prezidenti vəzifəsini tutan Mişel Platini və FİFA prezidenti Yozef Blatterə qarşı dələduzluq ittihamı irəli sürülmüşdü. 2015-ci ilin dekabrında FİFA-nın etika komitəsi onların hər ikisini 8 il müddətinə futbolla məşğul olmaq hüququndan məhrum etmişdi. Amma İsveçrə ali cinayət məhkəməsi bu il iyulun 8-də onların hər ikisinə bəraət hökmü çıxardı. “Offsideplus” səhifəsi bu postu məhkəmənin qərar verdiyi gün dərc etsə də, Platininin bəraət aldığını qeyd etməyib.
Beləliklə, Dieqo Maradona üzərində “Narkotikə yox!” şuarı yazılan forma geyinənədək də narkotikdən istifadə edirdi. O, bu oyundan bir neçə il sonra eyni ittihamla polis tərəfindən saxlanılıb. Platini dələduzluqda ittiham olunsa da, sonradan məhkəmənin qərarı ilə bəraət alıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “Offsideplus” səhifəsinin iddiası əsasən yanlışdır.