logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Leyli və Məcnunun fotolarına dair iddialar

Leyli və Məcnunun fotolarına dair iddialar

Uzun müddətdir sosial mediada yayılan postlarda aşağıdakı fotoların Leyli və Məcnuna aid olduğu yazılır. 

Nizami Gəncəvi və Füzulinin eyni adlı əsərlərinin qəhrəmanları haqqında bu iddia 2015-ci ildən başlayaraq Türkiyə, İran, Pakistan, Hindistan və ərəb ölkələrinin sosial media seqmentlərində də xeyli yayılıb.

Skrinşot “ölkə.az” saytının — hesabından götürülüb

Elə 2015-ci ildə “olke.az” saytı iranlı fotoqraf Bahman Zohouriyə istinad edərək belə bir post paylaşıb. Amma fotoqraf daha sonra bir paylaşımında bunu təkzib edib.

“Əslində bu şəkli görəndə bir fotoqraf kimi mənə gülməli gəldi. Çünki hekayəni Füzuli 1535-ci ildə qələmə aldığı halda, fotoqrafiyanın tarixi 1800-cü illərdən başlayır. Belə olan halda Leyli və Məcnunun şəklini çəkmək olmaz. Axı onlar hekayə qəhrəmanlarıdır. Bu foto qeyri-realdır”.

Belə olan halda, böyük bir coğrafıyanı əhatə edən bu iddianın müəllifləri vizual görüntüləri haradan əldə ediblər? 

“Fakt Yoxla” bu suala da aydınlıq gətirib.

Leylinin olduğu iddia edilən fotoya ABŞ Kongresinin kitabxanasında rast gəlmək mümkündür. 

Matson kolleksiyasından olan foto 1978-ci ildə Kensington Jepiskop Evi tərəfindən Kongresin kitabxanasına təqdim edilib. 

İordaniyanın Kerak şəhərindən olan bədəvi qadına aid fotonun təsvirində onun şeyxin həyat yoldaşı olduğu ehtimal edilir.

“Onun yüksək sosial statusu geyimindən və saçlarının hörüklərindən bilinir. Əsasən İordaniyada yaşayan xristian qadınlar saçlarını hörürmüşlər”, – deyə fotonun təsvirində yazılıb.

Bədəvi qadın. Matson kolleksiyası. Foto ABŞ Konqresinin kitabxanasından götürülüb.

Məcnunun olduğu iddia edilən fotoya Şeyx Faysal bin Qassim Al Thani muzeyində rast gəlinir. Fotoya aid lövhədə onun Qatarın Əl Murra qəbiləsinin cəngavərləri Fərəc bin Nasser bin Dalmouk Al Marraya aid olduğu yazılıb.

Qatarın Əl Murra qəbiləsindən olan döyüşçü Fərəc bin Nasser bin Dalmouk Al Marra. Foto “dorar-aliraq.net” saytından götürülüb.

 

Şeyx Faysal bin Qassim Al Thani Müzeyindən fərqli görüntü.

Beləliklə, sosial mediada yayılan fotoların Leyli və Məcnuna aid olduğuna dair iddialar saxtadır.

Saxta Xəbər
  • 31 May, 2022
  • 560

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə