logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Yanlış iddia: Azərbaycanda fəaliyyət göstərən dini icmaların 30 faizi qeyri-müsəlmandır

Yanlış iddia: Azərbaycanda fəaliyyət göstərən dini icmaların 30 faizi qeyri-müsəlmandır

Xəbərin qısa icmalı

Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi Azərbaycanda fəaliyyət göstərən dini icmaların 30 faizinin qeyri-müsəlman olduğunu iddia edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) məlumatına görə, 2009-cu ildən bəri Azərbaycanda 995 dini qurum dövlət qeydiyyatına alınıb. Bunlardan 957-si İslam, 38-i isə qeyri-islam təmayüllüdür (xristian – 27; yəhudi – 8; krişna – 1; bəhai – 2). Yəni, Azərbaycandakı dini icmaların sadəcə 3,8 faizi qeyri-islam icmalarıdır. Beləliklə, Avropa Mərkəzinin təqdim etdiyi rəqəmlər rəsmi məlumatlarla ziddiyyət təşkil edir.

Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi Azərbaycanda fəaliyyət göstərən dini icmaların 30 faizinin qeyri-müsəlman olduğunu iddia edib

“Azərbaycanda 900-dən çox dini icma fəaliyyət göstərir, onların təxminən 30 faizi qeyri-müsəlman icmalardır. Bakıdakı pravoslav kilsəsi, katolik kilsəsi, sinaqoqlar və digər dini məbədlər ölkədə dini müxtəlifliyin və azadlığın göstəricisidir”, - deyə mərkəz  bildirib.

Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Azərbaycanda 2009-cu ildə dini qurumların yenidən qeydiyyata alınması prosesi başlayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) məlumatına görə, 2009-cu ildən bəri Azərbaycanda 995 dini qurum dövlət qeydiyyatına alınıb. Bunlardan 957-si İslam, 38-i isə qeyri-islam təmayüllüdür (xristian – 27; yəhudi – 8; krişna – 1; bəhai – 2). Yəni, Azərbaycandakı dini icmaların sadəcə 3,8 faizi qeyri-islam icmalarıdır. Beləliklə, Avropa Mərkəzinin təqdim etdiyi rəqəmlər rəsmi məlumatlarla ziddiyyət təşkil edir.

Qeyd edək ki, Azərbaycanda 2009-cu ildən sonra dini icmaların dövlət qeydiyyatına alınması prosesi çətinləşdirilib. 2009-cu ildə "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliklərdən sonra, dini icmaların yenidən qeydiyyatdan keçməsi tələb olundu. Bu prosesdə, icmaların qeydiyyatı üçün tələb olunan sənədlərin sayı artıb və qeydiyyat proseduru daha mürəkkəbləşib. 2021-ci ildə isə qanuna edilən dəyişikliklə dini icmaların yaradılması üçün ən azı 50 nəfərin bir araya gəlməsi tələb olunub. Bundan əlavə, bəzi hallarda yerli icra hakimiyyətləri yeni dini icmalara rəy verməkdən imtina edib, bu da qeydiyyat prosesini daha da çətinləşdirir.

Bəzi dini icmalar, xüsusilə qeyri-islam təmayüllü olanlar qeydiyyat üçün müraciət etdikdə çətinliklərlə üzləşiblər. Məsələn, "Yehova Şahidləri", "Baptist", "Yeddinci Gün Adventistləri" və "Beynəlxalq dostluq" kimi icmaların qeydiyyatından imtina olunub .​

Qeydiyyatından imtina edilən “Yehovanın Şahidləri” icması Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin (Yığıncaqlar və birləşmək azadlığı) pozulmasını əsas gətirərək Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib. Müraciət icmanın təsisçiləri Leonid Moroz və Kiril Stepanov tərəfindən edilib. Kommunikasiya mərhələsində tərəflər dostca anlaşma əldə ediblər. Anlaşmanın şərtlərinə görə, ərizəçilər bütün iddialarından geri çəkiliblər, Azərbaycan hökuməti isə onlara ümumilikdə 5500 avro təzminat ödəməyi öhdəsinə götürüb.​

2009-cu ildən əvvəl AİHM-ə qeydiyyatından imtinaya görə şikayət edən təşkilatlardan biri də  “Cümə məscidi” dini icmasıdır. İcma üzvləri dini icmanın dövlət qeydiyyatına alınmaması və İçəri Şəhərdə yerləşən məsciddən çıxarılması barədə şikayət edib.  Ancaq AHİM “dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi” səbəbindən şikayəti qəbul etməyib.

Beləliklə, göründüyü kimi, Azərbaycanda dini icmaların sadəcə 3,8 faizi qeyri-müsəlman dini icmalarıdır. Ümumilikdə dini icmaların qeydiyyata alınması ilə bağlı ciddi problemlər mövcuddur.

Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Avropa Azərbaycan Mərkəzinin iddiası yanlışdır.

Yanlış
  • 29 Aprel, 2025
  • 24

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə