logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Azərbaycanda metronun tikilmə sürəti sovet dövrünə nəzərən zəifdir

Azərbaycanda metronun tikilmə sürəti sovet dövrünə nəzərən zəifdir

Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi zamanı Bakının metro nəqliyyatı mövzusuna da toxunub. O iddia edib ki, son illərdə Bakıda bir neçə metro stansiyası açılıb: “Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə 10 yeni metro stansiyası inşa ediləcək”.

Fakt Yoxla” Bakı Metropolitenin mövcud vəziyyətini təhlil edib. 

Bakı metrosu 1967-ci ilin noyabrın 6-da istifadəyə verilib və ilk olaraq 5 stansiyadan (“İçərişəhər”-“Nərimanov”) ibarət olub. Sonuncusu 1989-cu ildə açılan “Əhmədli” stansiyası olmaqla ümumilikdə Sovet dövründə 18 stansiya istifadəyə verilib. Müstəqillik illərində isə ümumilikdə 9 yeni stansiya açılıb. 1993-cü ildə istifadəyə verilən “Cəfər Cabbarlı” stansiyasının tikintisinə Sovet dövründə başlanıb. Beləliklə, Bakı Metropoliteni hazırda 27 stansiyadan ibarətdir.

Cədvəldən də göründüyü kimi, Sovet dövründə 22 il ərzində 18 stansiya, müstəqillik illəri ərzində isə 34 ilə cəmi 9 stansiya istifadəyə verilmişdir. Nəticədə, Sovet hakimiyyəti dövründə hər 14 aya, müstəqillik illərində isə hər 45 aya bir stansiya istismara verilmişdir. Bu da tikinti sürətinin müstəqillik illərində 3 dəfə azaldığını göstərir. 

Qeyd edək ki, hazırda Bakı metropoliteninin xətlərinin uzunluğu 40,7 kilometr təşkil edir. 1967-1989-cu illər ərzində tikilən 18 stansiyanın uzunluğu 28,5 km, 1991-ci ildən sonra isə tikilən 9 stansiyanın uzunluğu 12,2 olmuşdur. Sovet hakimiyyəti dövründə Bakıda hər 10 ilə istifadəyə verilmiş metro xətlərinin uzunluğu təxminən 13 km, müstəqillik dövründə isə 3,7 km təşkil etmişdir

1991-ci ildə Bakı Metropoliteni 18 stansiyadan ibarət olmaqla 160,7 milyon sərnişin daşıyıb. Bu, orta hesabla gündəlik təxminən 440 min sərnişin və ya hər stansiya üçün təxminən 24,4 min sərnişin axını deməkdir. 2023-cü ildə Bakı Metropoliteni 27 stansiya ilə 219,5 milyon sərnişin daşıyıb ki, bu da təxminən gündəlik orta hesbala 600 min sərnişin axınını təşkil edir və eyni zamanda gündəlik hər stansiyanın payına təximənən 22,2 min sərnişin düşür

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Son 20 ilə yaxın dövrdə, daha dəqiqi 2005-2023-cü illərdə şəhərətrafı elektrik qatarları ilə daşımalar nəzərə alınmadan Bakı şəhəri daxilində ümumi sərnişin dövriyyəsinin gündəlik həcmi 2 dəfə artaraq 1,430 milyon nəfərdən 2,856 milyon nəfərə çatıb. Halbuki bu artım metro ilə daşımalarda 49% və ya 200 min nəfər artdığı halda avtomobillə daşımalarda 2,2 dəfə və ya  1 milyon nəfərdən 2,255 milyon nəfərə yüksəlib. Bu müddətdə metro ilə daşımaların ümumi sərnişin dövriyyəsində payı 28%-dən 26,5%-ə enib. Paytaxtda avtomobillə sərnişin daşımalarının metro ilə daşımaların artımını 2 dəfə üstələməsi həm də ona görə baş verib ki, metro infrastrukturu daha zəif sürətlə artıb. (Statistik Məcmuə, 2016 və 2024-cü il nəşrləri)

Daha bir vacib göstərici isə şəxsi minik avtomobillərinin sayında baş vermiş artımdır. Belə ki, 2003-cü ildə Bakı şəhərində 231,6 şəxsi minik avtomobili var idisə, 2023-cü ildə bu rəqəm 576,6 minə yüksəlib (Statistik Məcmuə, 2016 və 2024-cü il nəşrləri). Göründüyü kimi, sərnişinlərin sayında baş verən artımı şəxsi minik avtomobillərinin artımı izləyib.

Mənbə: Bakı Şəhər Statistika idarəsi

Bakı metrosunu bəzi qonşu ölkələrin, eləcə də MDB ölkələrinin paytaxt şəhərlərləri ilə müqayisə etdikdə maraqlı nəticələr ortaya çıxır. Özbəkistanın paytaxtı Daşkənddə Sovet hakimiyyəti dövründə 23, müstəqillik illərində isə 27 stansiya istifadəyə verilib. Daşkənd metropolitininin uzunluğu 70 km, stansiya sayı isə 50-yə çatmışdır. Qazaxıstanın Almatı şəhərində metronun açılışı 2011-ci ildə baş tutmuşdur və hal-hazırda Almatı metropoliteni uzunluğu 13,4 km olmaqla 11 stansiyadan ibarətdir. Türkiyənin İstanbul şəhərində metro 1989-cu istismara verilmişdir və hal hal-hazırda 10 xəttdən və 157 stansiyadan ibarətdir. Qeyd edək ki, 2014-2024-cü illər ərzində İstanbulda ümumilikdə 88 metro stansiyası istifadəyə verilmişdir.

Beləliklə, Azərbaycanda metronun tikilmə sürəti sovet dövrünə nəzərən zəifdir. Müstəqillik illərində Sovet dövrünə nəzərən iki dəfə az metro stansiyası açılıb. Hər stansiyaya düşən sərnişin sayı da müstəqillik illərində ciddi artım göstərib. Qonşu Türkiyə, yaxud MDB ölkələrindən Qazaxıstan və Özbəkistan ilə müqayisədə də, Bakı Metropoliteni geri qalır.

“Apa.az”, Prezident İlham Əliyev: Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

“Metro.gov.az”, Bakı metropoliteni haqqında

“Stat.gov.az”, Azərbaycanda nəqliyyat

“Tashmetro.uz”, Metropoliten tarixi

“Metroalmaty.kz”, Метрополитен құрылысының тарихы

“Metro.istanbul”, Metro Hatları

“Metro.istanbul”, Tarihce 

“Dövlət Statistika Komitəsi”, Bakı şəhərinin statistik göstəriciləri, 2016

“Dövlət Statistika Komitəsi”, Bakı şəhərinin statistik göstəriciləri, 2024

Analiz
  • 3 Fevral, 2025
  • 98

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə