Milli Məclisin deputatı, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin səhiyyə komitəsində müzakirəyə çıxarılan qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib ki, Azərbaycanda həkim çatışmazlığı yoxdur. Onun sözlərinə görə Azərbaycanda adambaşına düşən həkim sayı yüksəkdir.
"Fakt Yoxla" bu iddianın doğru olub-olmadığını yoxlayıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycanda 33.6 min nəfər həkim olub ki, bu da əhalinin hər 10 min nəfərinə 33 həkim deməkdir. Bütün ixtisaslardan olan həkimlərin əhalinin 10 min nəfərinə düşən sayı illər üzrə aşağıdakı kimi dəyişib:
Mənbə: Dövlət Statistika Komitəsi
Statistikadan da göründüyü kimi, Azərbaycanda son iki onillikdə adambaşına düşən həkim sayında azalma qeydə alınıb. Belə ki, son illərdə ölkə mediasında və sosial şəbəkələrdə həkimlərin Azərbaycandan Almaniya başda olmaqla, fərqli ölkələrə miqrasiya etmələri müzakirə mövzusu olub. Eyni zamanda, bölgələrdə həkim çatışmazlığı problemi də mediada əksini tapıb. 2024-cü ilin noyabrında Milli Məclisin iclasında müzakirə zamanı da deputatlar Səyyad Salahlı və Aqil Abbas həkim çatışmazlığı məsələsinə toxunmuşdular.
Mənbə: Dövlət Statistika Komitəsi
Statistikadan da göründüyü kimi, Azərbaycanda həkim çatışmazlığı problemi bölgələr üzrə daha qabarıqdır. Belə ki, Bakı şəhərində əhalinin hər 10 min nəfərinə düşən həkim sayı 97 olduğu halda, məsələn, Daşkəsən rayonu üzrə bu göstərici 2.1-dir.
Ümumdünya Səhiyyə Təşkilatının dünya ölkələrində əhalinin hər 10 min nəfərinə düşən həkimlərin sayı ilə bağlı statistikasına əsasən, Azərbaycan Cənubi Qafqaz ölkələrindən və əksər Avropa ölkələrindən geri qalır:
Mənbə: Ümumdünya Səhiyyə Təşkilatı
Həkim çatışmazlığı ayrı-ayrı sahələr üzrə ixtisaslı həkimlərin sayı ilə də üzə çıxır. Məsələn, aşağıdakı qrafikdə bəzi ölkələr üzrə əhalinin hər 10 min nəfərinə düşən cərrahların sayı əlavə edilmişdir:
Mənbə: Dövlət Statistika Komitəsi, Eurostat, Armstat.
Beləliklə, yuxarıdakı araşdırmadan da göründüyü kimi Azərbaycanda son 10 ildə adambaşına düşən həkim sayı azalmaqdadır. Bölgələr arasında adambaşına düşən həkimlərin sayında ciddi fərqlər mövcuddur, məsələn Bakı şəhərində 10 min nəfərə düşən həkim sayı 97 ikən, Daşkəsəndə 2.1 nəfərdir. Digər ölkələrlə müqayisədə Azərbaycanda adambaşına düşən həkim sayı və spesifik sahələrdə həkim sayı (məsələn cərrah) xeyli azdır.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Azərbaycanda həkim çatışmazlığı olmaması ilə bağlı iddia yanlışdır.